11 C
Baku
Monday, November 18, 2024

İmtina sindromu

Valideynlərimin dünyana tam nəzarət etdiyini düşündüyüm üçün erkən uşaqlığımı sevə-sevə xatırlayıram. Onların məni qoruya, o cümlədən həyatımı təmin edə biləcəklərini və buna görə məsuliyyət daşıdıqlarını hiss edirdim. Ata və anamın qarşılaşa biləcəkləri problemləri asanlıqla həll edəcəyinə əmin idim. Əgər bir şeyi başa düşmədimsə, bunu mənə izah edəcəklərinə şübhəm yox idi. Narahat olacağım heç bir şey yox idi. Mən istənilən zaman məktəbə gedə, həyətdə oynaya və əylənə bilərdim.

Eyni zamanda bir az böyüyəndən sonra (təxminən 11-12 yaşımda) yaşadığım məyusluğu da xatırlayıram. Valideynlərimin düşündüyüm qədər hər şeyə qadir olmadıqlarını anlamağa başladım. Bir dəfə atama ev tapşırığı ilə bağlı bir sual verdim və o mənə kömək edə bilməyəndə çox təəccübləndim. Atamın əslində çox narahat bir insan olduğunu və ən kiçik şeylərdən belə fikir etdiyini başa düşdüm. Lakin həmin dövrdə özümü artıq müstəqil hiss edirdim, bu səbəbdən onun müdafiəsinə demək olar ki, ehtiyac duymurdum.

Bir çoxları üçün erkən uşaqlıq dövrü idealları təmsil edir (ən azından şüuraltı olaraq). Həyatımız üçün məsuliyyət daşıyan, bizin bütün dünyadan qoruyan və istənilən sualımıza cavab verən güclü valideynlərin olması nə qədər gözəl olardı.

Liderlər və qurular

Qismən bu ideal vəziyyətə qayıtmaq arzusu üzündən bəzi insanları xarizmatik liderlər və ya “qurular” cəlb etməyə başlayır. Bir çoxları mənəvi inkişaf üçün özünə “quru” axtararkən, digərləri daha az sağlam olan impulslardan motivasiya alır. Əslində onlar uşaqlıqdakı qeyd-şərtsiz sədaqət və məsuliyyətsizlik axtarırlar. Məsuliyyətdən imtina edərək, onu quruya və ya liderə təhvil vermək istəyirlər. Bu cür insanlar düşünmək və həyat uğrunda mübarizə aparmaq istəmirlər, yalnız uşaqlıqda valideynləri ilə olduğu kimi “hazır” sevgidən istifadə etməyi bacarırlar. Mən bu impulsu “imtina sindromu” adlandırıram.

Bu qurular sizdən asanlıqla istifadə edə bilərlər. Doğrudur, bəzi mentorlar həqiqətən mənəvi baxışlarını bölüşmək istəyən müdrik və fədakar insanlardır. Ancaq təəssüf ki, əxlaqsız davranan və davamçılarının etibarından və sədaqətindən sui-istifadə edələr də çoxdur. Bundan əlavə, yaxşı niyyətlə başlayan, lakin mənəvi kompasını itirənlər də var.

Quru əxlaqsız hərəkət etdikdə, davamçılar bunun “ilahi oyun”, ya da sınaq olduğunu düşünürlər. Eynilə balaca uşaqlar kimi – onlar valideynləri haqqında mənfi olan heç nəyə inana bilmirlər. Davamçılar qurunun qeyri-kamil olduğunu qəbul etmirlər, çünki onlara verilən müdafiə və təhlükəsizlik hissindən əl çəkmək istəmirlər.

Avtoritar liderlər və siyasi kultlar

“İmtina sindromu”nun özünü geniş və təhlükəli şəkildə göstərdiyi daha bir sahə var: siyasət. Güclü valideyn fiquruna sitayiş etmək instinkti insanları xarizmatik avtoritar liderlərin təsiri altına salır. Bu, dünyanın ən qəddar diktatorlarının çoxunun niyə kütləvi dəstək aldığını izah edir. İkinci dünya müharibəsindən əvvəl Adolf Hitler əksər almanlar tərəfindən bütləşdirilirdi; onlar Hitleri ölkənin taleyini təcəssüm edən məsum bir şəxsiyyət kimi görürdülər. Nəzərəçarpan vəhşiliyə baxmayaraq, çoxları Stalin, Mussolini və Mao kimi liderlərə itaət edirdilər.

“Ulu öndər” fikri insanların öz uşaqlıq məsuliyyətsizliyinə qayıtmaq istəkləri üzərində oynayır. Lider həyatımızda məsuliyyətli və hər şeyi bilən bir ata rolunu oynamağa başlayır. Siyasətdə imtina sindromu xüsusilə çətinlik və qeyri-müəyyənlik dövründə güclənir. Uşaqlar özlərini təhlükədə hiss edirlər və böyüklərdən bərk-bərk “yapışırlar”. Buna görə şok və travma zamanı insanlar quruların təsirinə qarşı daha həssas olurlar.

Donald Trampın populyarlığı

“İmtina sindromu”nu Donald Trampa münasibətdə tətbiq etmək olar. Bəlkə də onun Amerika seçiciləri üçün cazibədar olması bununla izah olunur. O, özünü davamçıların sevgisinə ehtiyac duyan narsisist quru kimi aparır. Buna baxmayaraq, Trampın tərəfdarları onun ABŞ-ı sevdiyini və əhalinin qayğısına qaldığını düşünürlər. Korrupsiyalaşmış qurularla olduğu kimi, Trampın səriştəsiz və ya əxlaqsız davranışı heç bir əhəmiyyət kəsb eləmir – davamçıların sədaqətini heç nə sarsıda bilməz.

“Beşinci prospektin mərkəzində dayanıb birini güllələsəm, bir dənə də olsun seçicimi itirməyəcəyəm”, – deyən Tramp haqlı idi. Şübhəsiz ki, onun tərəfdarları bu hərəkəti əsaslandırmaq üçün bir yolu tapacaqlar. Bu, Trampın populyarlığının izah edən əsas səbəblərdən biridir. Xüsusilə indi: iqtisadi gərginlik və qeyri-müəyyənlik şəraitində bir çox amerikalı valideyn qayğısı və nəzarəti illüziyasından imtina emtək istəmir.

İmtina sindromu heç vaxt yaxşı bir şeyə yol açmır. Bəzi hallarda quru və ya liderin əxlaqsız davranışı xarici qüvvələrin müdaxiləsinə gətirib çıxarır. Müəyyən situasiyalarda davamçılar özlərinə gəlirlər və hüquqlarının pozulmasına qarşı çıxırlar. Ən pis halda, liderin və ya gurunun narsisistik və ya psixopatik impulsları şiddət və məhvlə nəticələnir.

 

 

 

Son xəbərlər
Digər xəbərlər