“İnanırıq ki, “ExxonMobil”in qərarı tamamilə biznes qərarıdır”

İnanırıq ki, “ExxonMobil” şirkətinin qərarı tamamilə biznes qərarıdır.

Banker.az xəbər verir ki, bu sözləri ABŞ-ın “ExxonMobil” şirkətinin “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsindən çıxacağı ilə bağlı mətbuatda yayılan xəbərləri Dövlət Xəbər Agentliyinə (AzərTac) şərh edərkən “BP Azerbaijan” şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

“Təklif edirəm ki, bu məsələ ilə bağlı həmin şirkətlə birbaşa əlaqə saxlayasınız. Ümumiyyətlə indiki mərhələdə belə bir qərar olsa belə biz layihənin operatoruna bu barədə məlumat verilməsini gözləmirik. Çünki bu, çox erkən mərhələdir. Onu deyə bilərəm ki, hər bir partnyor şirkətin istənilən layihədə iştirakı ilə bağlı qərarı və strategiyası bilavasitə onun öz qərarı və strategiyasıdır. Biznesdə, istər neft-qaz sahəhəsində, istərsə də digər sahələrdə şirkətlərin fərqli mərhələlərdə müxtəlif layihələrə daxil olmaq və ya layihədən çıxmaq kimi qərarlar ola bilər. Biz inanırıq ki, bu tamamilə biznes qərarıdır. AÇG-yə gəldikdə isə bu, dünya əhəmiyyətli layihədir. Yataqdan indiyədək 3,5 milyard barrel neft çıxarılıb, layihəyə 35 milyard dollar investisiya qoyulub, 99 faiz əməliyyat effektivliyi var”, – deyə B.Aslanbəyli qeyd edib.

“BP-yə gəldikdə isə şirkət layihədə iştirakından məmnundur. Biz AÇG-nin opratoru olmaqdan çox məmnunuq. Azərbaycan hökumətinin bizə etibar etdiyi qaydada layihə üzrə sazişin müddəti 2050-ci ilə qədər uzadılıb. Bu müddət ərzində Azərbaycan hökumətinin etimadını doğruldaraq layihənin əməliyyatçısı kimi davam etməkdə niyyətliyik və israrlıyıq”, – deyə “BP Azerbaijan”ın vitse-prezidenti əlavə edib.