“Bitcoin”in qiyməti oktyabrın 13-də səhər saatlarında 81 min dollardan aşağı düşüb, daha sonra yenidən 83 min dolları keçib. Ucuzlaşma texnologiya səhmlərində satışlar, yüksək neft qiymətlərinin yaratdığı inflyasiya narahatlığı və kriptovalyuta fondlarından vəsait çıxışı fonunda baş verib.
Banker.az beynəlxalq xəbər agentliyi “Reuters”, ABŞ maliyyə xəbər xidməti “Dow Jones Newswires” və kriptovalyuta üzrə ixtisaslaşmış “CoinDesk” nəşrinə istinadən xəbər verir ki, bazara təzyiq göstərən əsas amillərdən biri faizlərin yüksək qalacağına dair gözləntilərdir. Bahalı enerji inflyasiya risklərini artırır və ABŞ Federal Ehtiyat Sisteminin (FED) faizləri sürətlə endirməsi ehtimalını zəiflədir. Bu isə kriptovalyutalar kimi riskli aktivlərin cəlbediciliyini azaldır.
Geosiyasi vəziyyət də investorların ehtiyatlı davranmasına səbəb olur. Rusiya ilə Ukrayna arasında elan edilmiş “enerji atəşkəsi”nə baxmayaraq, enerji infrastrukturuna hücumların davam etməsi və Yaxın Şərqdə gərginlik neftin ucuzlaşacağına dair ümidləri məhdudlaşdırıb. Oktyabrın 12-də “Bitcoin” bu fonda 1,6% azalaraq 82 311 dollara enib.
İnstitusional investorların əməliyyatları da bazardakı ehtiyatlılığı göstərir. “CoinDesk”in investisiya məlumatları platforması “SoSoValue”ya istinadən verdiyi məlumata görə, ötən həftə ABŞ-da listinqdə olan spot “Bitcoin” birja fondlarından (ETF) xalis 681 milyon dollar çıxarılıb. Bu, iyundan bəri ən böyük həftəlik vəsait çıxışıdır. Əsas çıxışlar oktyabrın 7-si və 8-də qeydə alınıb.
Oktyabrın 13-də Asiya texnologiya səhmlərindəki geriləmə satış təzyiqini gücləndirib. Cənubi Koreyanın KOSPI indeksi gün ərzində 6%-dən çox, ölkənin texnologiya şirkətləri “Samsung Electronics” və “SK Hynix”in səhmləri isə təxminən 8% ucuzlaşıb. ABŞ-ın “Nasdaq” indeksi üzrə fyuçerslər də aşağı düşüb. “Bitcoin” ilkin mərhələdə bu satış dalğasını izləsə də, sonradan itkilərinin bir hissəsini bərpa edib.
Qiymətlərin enməsi borc vəsaiti ilə açılmış mövqelərin məcburi bağlanması ilə müşayiət olunub. “CoinDesk”in kriptovalyuta törəmə alətləri üzrə məlumat platforması “CoinGlass”a istinadən məlumatına görə, son 24 saatda izlənilən 10 birjada təxminən 803 milyon dollarlıq mövqe ləğv edilib. Bunun 694 milyon dolları, yaxud 86%-i qiymət artımına hesablanmış mövqelərin payına düşüb. “Bitcoin” üzrə ləğvetmələr 181 milyon dollar, “Ethereum” üzrə isə 178 milyon dollar təşkil edib. Bu göstəricilərə kriptobirjalarda ticarət olunan səhm müqavilələri də daxildir.
Ümumi bazarda dəyişkənlik yüksək olaraq qalır. “Ethereum” beş günlük, XRP isə üç həftəlik minimuma toxunduqdan sonra qismən bərpa olunub. “Solana” və bir sıra digər kriptovalyutalarda da oxşar hərəkət müşahidə edilib. “Bitcoin”in yenidən 83 min dolları keçməsi zamanı bu dəfə qiymət enişinə hesablanmış mövqelər zərərə düşüb: sonrakı dörd saatda ləğv edilən 74 milyon dollarlıq mövqenin təxminən 79%-i belə əməliyyatlar olub.
İnvestorların diqqəti indi ABŞ-da açıqlanacaq inflyasiya göstəricilərinə yönəlib. “Reuters”in məlumatına görə, bazar iştirakçıları FED-in növbəti iclasda faizləri dəyişməz saxlayacağını əsas ssenari kimi qiymətləndirirlər. Bununla belə, inflyasiyanın yüksək qalması gələcək pul siyasəti ilə bağlı gözləntilərə və kriptovalyutalara tələbatın istiqamətinə təsir edə bilər.







