14 C
Baku
Friday, November 21, 2025

İndi Çinin qlobal kredit əməliyyatları haqqında daha dolğun təsəvvürümüz var -The New York Times araşdırması

Dünyanın ən böyük kreditorlarından biri olan Çin, son illərdə inkişaf etməkdə olan ölkələrə yollar, limanlar və dəmir yolları kimi infrastruktur layihələri üçün trilyon dollardan artıq kredit ayırıb. Afrikada magistrallar, Cənubi Amerikada limanlar, Mərkəzi Asiyada dəmir yolları — bunların hamısı Pekinin maliyyələşdirdiyi layihələrin bir hissəsidir.

Lakin son iki onillikdə ən çox Çin maliyyəsi alan ölkə gözlənilməz şəkildə ABŞ olub. Virciniya ştatının Vilyamsberq şəhərində yerləşən AidData araşdırma institutunun məlumatına görə, Çin bankları amerikalı şirkətlərə və layihələrə ümumilikdə 200 milyard dollar həcmində maliyyə dəstəyi göstərib.

Bu vəsaitlə ABŞ-da boru kəmərləri, məlumat mərkəzləri, hava limanı terminalları tikilib, həmçinin Tesla, Amazon, Disney və Boeing kimi nəhəng şirkətlər üçün korporativ maliyyələşmə asanlaşıb. 2017-ci ildən etibarən bu maliyyələşmə Vaşinqtonda narahatlıq yaratmağa başlayıb.

AidData-nın yeni hesabatına əsasən, 2000-ci ildən bəri Çin dövlət qurumları dünyaya 2,2 trilyon dollar həcmində kredit və qrant təqdim edib — bu göstərici əvvəlki hesablamalardan 2–4 dəfə çoxdur. Hesabat 100-dən artıq ölkədə 30 minə yaxın layihənin məlumatlarına söykənir və Çinin beynəlxalq kreditor kimi roluna daha aydın baxış təqdim edir.

Araşdırma göstərir ki, Pekin maliyyə imkanlarını qlobal təsir dairəsini möhkəmləndirmək üçün strateji sektorlar üzrə yönəldir və təchizat zəncirlərində potensial “boğaz nöqtələri” yaradır. Bu hesabat Qərbdə narahatlıq doğuran layihələrə də toxunur — məsələn, Nexperia şirkətinin Çin nəzarətinə keçməsi və nəticədə geosiyasi qarşıdurmanın mərkəzinə çevrilməsini göstərmək olar.

Çinin inkişaf etməkdə olan ölkələrə verdiyi vəsaitin böyük hissəsi iri dövlət layihələri üçün ayrılan kreditlərdən ibarət olub. Son illərdə isə Pekin daha çox təcili maliyyə yardımına yönəlir — çünki bir çox borcalan ölkələr dərin borc bataqlığına düşüb. İnkişaf etmiş ölkələrə isə Çin əsasən kommersiya yönümlü kreditlər verir. AidData bu statistikaya ABŞ dövlət istiqrazlarında olan 730 milyard dollarlıq Çin investisiyasını daxil etmir.

2000-ci ildən bu yana Çin güclü maliyyə gücünə çevrilib. Bu dəyişimin arxasında dövlət bankları və Pekinin siyasi məqsədlərinə xidmət edən maliyyə institutları dayanır. Xarici kreditlərin həcmi xüsusilə 2013-cü ildən sonra — Si Cinpinin hakimiyyətə gəlişi ilə — kəskin yüksəlib. Si Cinpin “Bir Kəmər, Bir Yol” təşəbbüsü çərçivəsində inkişaf etməkdə olan ölkələrin infrastrukturuna trilyon dollardan artıq vəsait ayırmağı tapşırıb.

Bu nəhəng proqram Pekinə Qərbin diqqətdən kənarda qoyduğu regionlarda nüfuz qazanmağa imkan verib. Lakin təşəbbüs defolt riski, ağır borc şərtləri və keyfiyyətsiz layihələrə görə dəfələrlə tənqid olunub.

Son dövrlərdə Çin ən kasıb ölkələrə kredit verməyi azaldıb, əvəzində Avstraliya və Böyük Britaniya kimi daha zəngin ölkələrə kredit ayırmağı artırıb. AidData-ya görə, Çin artıq yüksək gəlirli ölkələrə də elə inkişaf etməkdə olan bazarlar qədər, təxminən 1 trilyon dollar  kredit verib.

Bu kreditlər əsasən hökumətlərə və iri şirkətlərə ayrılan kredit xətləri şəklində olur. Kredit verən qurumlar arasında Çin Bankı və Çin Kənd Təsərrüfatı Bankı kimi dövlət bankları üstünlük təşkil edir. Onlar dünyanın ən böyük bankları arasında yer alsalar da, ekspertlər bu institutların Çin Kommunist Partiyasının siyasi göstərişlərinə tabe olduqlarını vurğulayır.

Bu vəsaitlər kritik vacib mineralların hasilatı, infrastruktur, qabaqcıl texnologiyalar və yarımkeçirici istehsalı kimi sahələrə yönəldilir. Mütəxəssislər xəbərdarlıq edir ki, belə bir model Pekinə strateji resurslar və təchizat zəncirləri üzərində güclü iqtisadi təsir imkanı verə bilər.

AidData-nın araşdırması göstərir ki, Çin dövlət kreditorları müxtəlif ölkələrdə ümumilikdə 335 milyard dollar dəyərində satınalma və birləşmə (Mergers and Acquisitions (M&A)) əməliyyatlarını maliyyələşdirib. Bu vəsaitin 75 faizi isə Çin şirkətlərinin özlərinin xaricdə aktiv almasına gedib — xüsusən robototexnika, biotexnologiya və kvant texnologiyaları sahəsində.

Bu satınalmalardan bəziləri artıq “dividend” verməyə başlayıb. 2019-cu ildə Çin şirkəti Wingtech, Niderland mərkəzli yarımkeçirici istehsalçısı Nexperia-nın kontrol paketini almışdı. Lakin Vaşinqtonun tətbiq etdiyi məhdudiyyətlərdən sonra Niderland hökuməti bu şirkətə nəzarəti öz üzərinə götürdü.

ABŞ-da Çin maliyyəsi geniş sahələri əhatə edir — şirkətlər üçün kommersiya kreditlərindən tutmuş mayeləşdirilmiş təbii qaz zavodları və boru kəmərlərinin tikintisinə qədər. Həmçinin Çinlə bağlı investorlara aid satınalma cəhdlərini dəstəkləyir, bu isə Vaşinqtonun diqqətindədir.

Məsələn, Çinə bağlı investorun Orqon ştatında yerləşən Lattice Semiconductor şirkətini alması Tramp administrasiyası tərəfindən bloklanmışdı. Ardınca Konqres Çin investisiyalarına nəzarəti sərtləşdirib. Bundan sonra Pekinin ABŞ-da həssas sahələrdə aktiv alması xeyli çətinləşib.

Son xəbərlər
Digər xəbərlər