9 C
Baku
Thursday, December 26, 2024

“İndiyədək TAP vasitəsilə Avropaya 18.5 mlrd kubmetr qaz tədarük edilib”

2020-ci il dekabrın 31-də kommersiya istismarına verildikdən indiyədək Trans-Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə 18,5 milyard kubmetr qaz nəql edilib ki, bunun da, təxminən, 16 milyard kubmetri İtaliyanın payına düşür.

Bunu İtaliyanın “Il Sole 24 Ore” qəzetinə müsahibəsində TAP AG konsorsiumunun baş direktoru Luka Şippati deyib.

“Təkcə 2022-ci ildə TAP vasitəsilə İtaliyaya təxminən 10 milyard kubmetr qazın nəqli planlaşdırılır ki, bu da 2021-ci ildəki göstəricidən 3 milyard kubmetr çoxdur”, – L.Şippati bildirib.

Onun sözlərinə görə, Apuliyada yerləşən Melendunyo qəbul terminalı son bir neçə ayda gündəlik 25-28 milyon kubmetr qaz qəbul edib və bunun nəticəsində Azərbaycan Əlcəzairdən sonra İtaliyaya ən çox təbii qaz nəql edən ikinci ən böyük qaz tədarükçüsünə çevrilib.

“Son aylarda biz 25 il ərzində ildə 10 milyard kubmetr qaz tədarükünə zəmanət verən uzunmüddətli müqavilələr bağlamağa çalışdıq ki, bunun da 8 milyard kubmetri İtaliyanın, 1 milyard kubmetri Yunanıstanın və 1 milyard kubmetri Bolqarıstanın payına düşəcək. Eyni zamanda, biz qısamüddətli potensialı da maksimuma çatdırmışıq ki, bu da Avropa üçün bu kritik məqamda təchizat təhlükəsizliyinin artırılmasına töhfə verib. Bu baxımdan biz üzərimizə götürdüyümüz öhdəlikləri də artıqlaması ilə yerinə yetirmişik.

Aprel ayında İtaliya hökumətinin nümayəndə heyətinin Bakıya səfəri zamanı o vaxtkı xarici işlər naziri Luici Di Mayo İtaliyaya ən azı 1,5 milyard kubmetr həcmində əlavə qaz tədarükü sifarişini müzakirəyə çıxarmışdı. Biz ikiqat zəmanət verdik və TAP-ın tutumunun ikiqat – 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər artırılması layihəsi üçün mühərrikləri işə saldıq”, – L.Şippati bildirib.

Qeyd edək ki, Azərbaycan 2022-ci ildə Avropa İttifaqına qaz tədarükünü 40 % artıraraq 11,5 milyard kubmetrə çatdırmağı planlaşdırır. 2021-ci ildə Azərbaycandan Avropaya 8,2 milyard kubmetr təbii qaz tədarük olunub.

Xatırladaq ki, TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

TAP AG konsorsiumu kəmərin ötürücülüyünün artırılması üçün 3 ssenarini nəzərdən keçirir: məhdud – 14,4 milyard kubmetrə qədər, qismən – 17,1 milyard kubmetrə qədər və tam – ildə 20 milyard kubmetrə qədər.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

Son xəbərlər
Digər xəbərlər