İndoneziya 28 mart tarixindən etibarən 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdə qeydiyyatını qadağan etməyə başlayacaq. Bu barədə “Tempo” portalı rabitə və rəqəmsal texnologiyalar naziri Meutya Hafidə istinadən məlumat yayıb.
Nazirin sözlərinə görə, bu qərarla hökumət 16 yaşdan kiçik uşaqlara yüksək riskli rəqəmsal platformalara çıxışın verilməsini təxirə salır. Bu platformalara sosial şəbəkələr və mesajlaşma xidmətləri daxildir.
O vurğulayıb ki, bu addım uşaqları internetdəki təhlükələrdən — pornografiyaya çıxış, kiberbullinq, dələduzluq və rəqəmsal asılılıqdan — qorumaq məqsədi daşıyır. Yeni siyasət 28 mart 2026-cı ildə qüvvəyə minəcək.
İlkin mərhələdə 16 yaşdan kiçik istifadəçilərin hesabları mərhələli şəkildə deaktiv ediləcək. Bu tədbir “YouTube”, “TikTok”, “X”, “Bigo Live”, “Roblox”, həmçinin “Facebook”, “Instagram” və “Threads” platformalarını əhatə edəcək.
Nazir bildirib ki, bu məhdudiyyətlər onun “rəqəmsal fövqəladə vəziyyət” adlandırdığı vəziyyətə cavab olaraq zəruri addımdır.






