İndoneziya “Apple”ın yerli zavodun tikintisinə 1 milyard dollar investisiya etmək təklifinə baxmayaraq iPhone 16 satışına qoyulan qadağanı qüvvədə saxlayıb. Ölkənin sənaye naziri bildirib ki, “Apple” Batam adasında “AirTag” izləmə cihazlarını istehsal etməyi planlaşdırır.
“Apple”ın İndoneziya hakimiyyəti ilə danışıqları 2024-cü ilin payızında, ölkə öz ərazisində iPhone 16-nın satışını qadağan edəndə başlayıb.
Şirkət 1.7 trilyon əvəzinə 1.5 trilyon İndoneziya rupisi (təxminən 95 milyon dollar) sərmayə qoyaraq bazarda investisiya öhdəliklərini yerinə yetirə bilməyib. Qadağanın aradan qaldırılması üçün “Apple” İndoneziyada istehsala əvvəlcə 10 milyon dollar, sonra isə 100 milyon dollar sərmayə qoymağı təklif edib, lakin hökumət bu məbləği yetərli saymayıb.
İndoneziya hələ də “Apple” üçün “kiçik bazar”dır, lakin onun “böyümə potensialı” var, çünki ölkə dünyada əhalisinin sayına görə dördüncü yerdədir, CNBC yazır.