2025-ci ilin oktyabr ayında istehlak qiymətləri indeksi 5,9 faiz təşkil edib. Öncəki ayda illik inflyasiya 5,7 faiz təşkil edirdi.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 8,2 faiz, qeyri-qida məhsulları üzrə 2,5 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 5,6 faiz artıb.
2025-ci ilin oktyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5 faiz, yanvar-oktyabr aylarında isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,7 faiz təşkil etmişdir.
Əsas mandatı qiymət tənzimlənməsi olan Azərbaycan Mərkəzi Bankının inflyasiya üçün hədəf çərçivəsi 2%-6% götürülür. Yəni nəzəri olaraq AMB inflyasiyanın 2%-dən aşağı düşdükdə daha çox yumşalma, 6% yuxarı olduqda isə sərtləşmə mövqeyini seçir.Oktyabr ayında Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsini 7%, faiz dəhlizinin aşağı həddini 6%, yuxarı həddini isə 8% səviyyəsində dəyişməz saxlamışdı.
AMB özü də inflyasiyanın proqnozunda isə kiçik dəyişiklik etmişdi. Oktyabr proqnozlarına görə, illik inflyasiyanın 2025-ci ildə 6%, 2026-cı ildə isə 5.7% olması gözlənilir. Bu iyulda baza ssenarisi üzrə müvafiq olaraq 5.7% və 5.3% olacağı gözlənilirdi. AMB inflyasiya proqnozunun yuxarıya doğru dəyişdirilməsi, əsasən təklif amilləri ilə bağlı olduğunu bildirmişdi.
Mərkəzi Bankın son trendi göstərirdi ki, pul siyasəti artıq yumşaldıcı addımlardan ehtiyatlı müşahidə mərhələsinə keçib və növbəti qərarlar faktiki inflyasiya və makroiqtisadi risklərin dinamikasından asılı olaraq veriləcək.
Növbəti faiz dəhlizi qərarı 10 dekabr 2025-də açıqlanacaq.







