4 C
Baku
Cümə, Dekabr 3, 2021

İnformasiya savaşının sərkərdəsi

II hissə

Bu suallarda həm dünya erməniliyinin qorxusu var, həm də dünyada Azərbaycan haqqında yanlış təsəvvürlər yaratmaq cəhdi. Prezident İlham Əliyev bu sualların hər birini siyasi müdrikliklə, uzaqgörənliklə cavablandırdı. Ermənistanın, əslində, Azərbaycana qarşı etnik təmizləmə siyasəti apardığını deyən Prezident Dağlıq Qarabağdan və ətraf yeddi rayondan bütün azərbaycanlıların  qovulduğunu dünyaya bəyan etdi. “CNN International” televiziyasına müsahibəsində Prezident İlham Əliyev faktlar əsasında hansı tərəfin etnik təmizləməyə məruz qaldığını dünyaya çatdırdı: “Bu gün Azərbaycanda minlərlə erməni ölkəmizin müxtəlif şəhərlərində, əsasən paytaxt Bakıda yaşayır. Bizim ikinci ən böyük şəhərimiz olan Gəncəyə hücum üçün ermənilərin istifadə etdiyi uzunməsafəli dağıdıcı mərmilərdən biri olan “Smerç” erməni qadının evinə düşüb. Beləliklə, bu gün Azərbaycanda sülh və ləyaqət içində yaşayan minlərlə erməni var. Lakin bütün azərbaycanlılar Ermənistandan qovulmuşdur. Ermənistan əhalisi 99 faiz ermənilərdən ibarətdir. Onlar bizə qarşı etnik təmizləmə törədiblər. Erməni prezidenti yenə də yalan deyir. Bu gün Dağlıq Qarabağda əhalinin 95 faizi ermənilər deyil, əhalinin 100 faizi ermənilərdir. Çünki orada yaşayan 25 faiz azərbaycanlı əhali Ermənistan rejimi tərəfindən etnik təmizlənməyə məruz qalmışdır”.

Jurnalistlər vasitəsilə səsləndirilən əsas suallardan biri ermənilərin bu ərazilərdə, guya, lap qədimlərdən yaşamaları barədə olurdu! Əslində, bu sualın mahiyyəti belə idi: ermənilər əvvəldən burada yaşayıblar, işğal etdikləri ərazi onlarınkı olub, niyə yerlərindən qovursunuz?! Bəlkə də bu sualı verən onun gülünc səslənməsinin mahiyyətinə varmırdı. Ancaq cənab İlham Əliyev özünü o yerə qoymayaraq 1805, 1813 və 1828-ci il Kürəkçay, Türkmənçay və Gülüstan müqavilələrinə əsasən, ermənilərin sonralar – Qarabağ və Şuşa xanı İbrahimxəlil xanla rus generalı Sisianovun imzaladıqları müqaviləyə əsasən, bu torpaqlarda yerləşdirildiklərini, qədim Azərbaycan şəhəri İrəvanın isə onlara paytaxt kimi verildiyini söyləyərək həm də tarix dərsi keçirdi. Üstəlik, tarixi mənbənin yerini də göstərirdi: internetə girməklə həmin sənədlərlə özünüz də tanış ola bilərsiniz! Həm də başa salırdı ki, yerli əhali azərbaycanlılardır, indi isə yersiz ermənilərə yerlərini göstərirlər! “Tarixə gəlincə, sizə deyə bilərəm ki, ermənilər bu regiona XIX əsrin əvvəlində Qarabağ xanlığı ilə Rusiya imperiyası arasında sülh sazişindən, – onu İbrahim Xəlil xan və rus generalı Sisianov imzalamışlar – sonra köçürülüb və ya gətirilib”, – deyə Prezident İlham Əliyev Almaniyanın ARD televiziya kanalına bildirir.

İlham Əliyevdən demokratiya və jurnalistika dərsi

Azad  mətbuat demokratik cəmiyyətin tərkib hissəsidir. Kütləvi informasiya vasitələri cəmiyyət həyatının bütün sahələrinə təsir göstərən qüdrətli vasitələrdən biri olaraq ictimai rəyin formalaşmasında, habelə ictimai-siyasi proseslərin inkişaf istiqamətlərinin müəyyənləşməsində mühüm rol oynayır. Lakin dünyada “jurnalist etikası” deyilən bir anlayış da var. Hər bir KİV mətbuatın ümdə prinsiplərinə sadiq qalmağı bacarmalı, informasiyanın ictimai rəyə ötürülməsində qərəzsiz və vicdanlı olmalıdır.

Bu gün Azərbaycanda da KİV-in qarşısında duran mənəvi öhdəliklərdən biri medianın dəyərlərinə, təməl prinsiplərinə əməl olunmasıdır. Azərbaycan mətbuatı, həqiqətən, mütərəqqi ideyaların carçısı kimi çıxış edir. Media bütün konyunktur maraqlardan öndə dayanaraq cəmiyyət qarşısındakı məsuliyyətini unutmamalıdır.

Lakin təəssüf ki, bəzi Qərb ölkələrinin media orqanlarında bunu görmək mümkün deyil. Mənəvi aşınma, deqredasiya, ümumiliklə qəbul olunmuş normalardan, peşə etikasından uzaqlaşmaq, siyasi və iqtisadi dairələrin maraqlarına uyğun fəaliyyət göstərmək hətta tarixi ənənələri olan bir sıra xarici KİV üçün adi normaya çevrilib. Görünən odur ki, bizə demokratiya dərsi keçmək istəyən, bizdən demokratiya tələb etmək xülyasından uzaqlaşmayan cəmiyyətlər əvvəlcə öz gözlərində olan tiri görməlidirlər.

Həmin  KİV-lərin Ermənipərəst dairələrinin ruporu rolunu oynadıqları Prezident İlham Əliyevlə müsahibələr zamanı da özünü göstərdi. Lakin İlham Əliyev onların erməni maraqlarının tərənnümçüsü olan suallarının hər birinə son dərəcə təmkinlə, soyuqqanlılıqla cavab verdi, məsələnin mahiyyətini səbirlə izah etdi, zəruri sənədlərə və tarixi faktlara istinadən öz mövqeyini və dediklərinin doğruluğunu, ədalətə söykəndiyini sübuta yetirdi.

Bu müsahibələr zamanı Azərbaycanı ittiham edən jurnalistlərin heç biri ortaya fakt qoya bilmədi. Amma İlham Əliyev onları fakt qarşısında qoydu. Məsələn, ABŞ-ın “Fox News” televiziyasının müxbiri suallarının birində mövzudan yayınaraq belə bir iddia ilə çıxış etdi ki, Azərbaycanın daxilində insan haqlarının pozulması, söz azadlığının sıxışdırılması ilə bağlı bəzi ittihamlar var və müharibənin başlanması qanun pozuntuları hesab olunan hallardan diqqəti yayındırmaq üçündür. Jurnalistə korrupsiyanın hər yerdə olduğunu və Azərbaycanda bununla mübarizə aparıldığını deyən Prezident İlham Əliyev diqqəti ABŞ-a çəkərək orada mühüm vəzifələri ata və oğulun tutduğunu xatırlatdı. “Buş ailəsi, Klinton ailəsi, ər və arvad, Kennedi ailəsi…” – deyə İlham Əliyev bildirdi. “Lakin onların hamısı demokratik və şəffaf şəkildə seçilmişdilər” sözlərinə İlham Əliyevin “Bəli, xüsusilə ABŞ Ali Məhkəməsinin qərarı ilə seçilmiş Buş” cavabı jurnalisti çıxılmaz vəziyyətə saldı və onun Azərbaycan Prezidentinin ABŞ siyasətini bilməsini etiraf etməsindən başqa bir yolu qalmadı.

Eyni vəziyyət Almaniyanın ARD televiziyasına müsahibə zamanı da yaşandı. Alman jurnalist də Azərbaycanda insan haqlarının pozulduğunu iddia edərək ölkəmizin müharibəni məhz buna görə başladığı barədə cəfəng ittiham irəli sürdü: “Mən bildiyimə görə, oktyabrın 1-də Azərbaycanda bir nəfər sülh tələb etdiyinə görə həbs olunub. Bəzi insan haqları ekspertləri, müdafiəçiləri deyirlər ki, Siz bu müharibəyə həm də xalqı ətrafınızda birləşdirmək, demokratiya və insan haqları ilə bağlı ölkədəki problemlərdən diqqəti yayındırmaq üçün başlamısınız”.

Əvvəldə qeyd etdiyim kimi, jurnalistin ən güclü silahı faktdır. Amma alman jurnalist də İlham Əliyevin qarşısına yalan faktlarla çıxmışdı və Prezident İlham Əliyev həmin adamın adını soruşduqda çıxılmaz vəziyyətə düşdü. “Beləliklə, biz bu sualı etibarsız hesab edə bilərik, çünki sizdə ad yoxdur”, – deyə İlham Əliyev həm də həmin müxbirə jurnalistika dərsi keçdi.

Eyni zamanda Prezident İlham Əliyev müsahibə zamanı Azərbaycana qarşı əsassız iddia edən siyasi mərkəzlərə də demokratiya dərsi keçdi. Bu gün özünü demokratiyanın beşiyi sayan əksər Avropa ölkələrində insan hüquqları sahəsində vəziyyət heç də iddia olunduğu kimi deyil. Heç bir partiya, heç bir təşkilat icazəsiz şəkildə mitinq keçirə bilməz. İcazəsiz mitinqlərin atların və itlərin köməyi ilə dağıdılması özünü demokratiyanın beşiyi sayan bir çox Qərb dövlətinin acı mənzərəsidir. Son olaraq Fransada “sarı jiletlilərin” mitinqlərini buna misal göstərmək olar. İlham Əliyev bunu nəzərdə tutaraq “Lakin etirazçılar qətlə yetirilirlər, küçədə etirazçıları qətlə yetirirlər – 10 nəfər qətlə yetirilmişdi. Biz sizin Avropada etirazçıları necə döydüyünüzə baxırıq, siz onları atlarla döyürsünüz, itləri gətirirsiniz və bu, demokratiya hesab olunur” – deməklə Azərbaycanda demokratiyanın pozulduğunu iddia edən jurnalisti fakt qarşısında qoydu.

Həmçinin alman jurnalistin Azərbaycanda türk əsgərlərini görməsi məsələsində də İlham Əliyev ona əsl jurnalistika dərsi keçdi. Onun Bakı şəhərində küçədə türk əsgəri görməsinə Prezidentin “İndi burada alman əsgərləri də ola bilər” cavabı jurnalisti, sözün əsl mənasında, çıxılmaz vəziyyətə saldı.

Azərbaycan Prezidenti erməni təbliğatına düşmənin maraqlarını müdafiə edən informasiya məkanlarında da tutarlı zərbə vurdu

Bu müsahibələrdə bəzi Qərb KİV-i tərəfindən yalnız erməni maraqlarının nəzərə alındığını göstərən başqa bir məqam isə ondan ibarətdir ki, jurnalistlər Azərbaycanın beynəlxalq hüquqla təsbit olunan mövqeləri, Ermənistanın müharibə cinayətləri barədə bir dəfə də olsun sual ünvanlamadılar.

Azərbaycan-Ermənistan münaqişəsinin həlli ilə əlaqədar ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə bağlı 1994-cü ildən bəri aparılan danışıqlar məhz işğalçıya təsir göstərilməməsi səbəbindən nəticəsiz qaldı. O cümlədən BMT Təhlükəsizlik Şurasının 1993-cü il ərzində qəbul etdiyi 822, 853, 874, 884 saylı qətnamələr yerinə yetirilməmiş qalıb. Nə BMT, nə də digər təşkilatlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğaldan azad edilməsinə maraq göstərmədilər. Müsahibələr zamanı jurnalistlərin heç biri bu barədə bir sual belə ünvanlamadı, BMT-nin məlum 4 qətnaməsinin yerinə yetirilməməsi ilə maraqlanmadı. Çünki onların qarşılarına qoyulan vəzifələr yalnız və yalnız Azərbaycanın uğurlu hərbi əməliyyatlarına qara yaxmaq, öz maraqlarını təmin etməsi barədə dünyada yanlış təəssürat yaratmaq, ölkəmizi işğalçı dövlət kimi təqdim etmək idi.

Müsahibələrin birində ABŞ-ın “Fox News” televiziyasının jurnalisti belə sual verdi: “Cənab Prezident, nəyə görə Siz qeyd etdiyiniz kimi, BMT-nin, Rusiyanın, İranın, Amerika Birləşmiş Ştatlarının, Avropa İttifaqının, NATO-nun çağırışlarına müqavimət göstərirsiniz? Atəşkəs üçün çağırışlara nəyə görə müqavimət göstərirsiniz və faktiki olaraq elan olunmuş atəşkəsi pozursunuz?” Sualın məzmunundan göründüyü kimi sifariş ermənipərəst dairələrdən gəlib və onları torpaqlarımızın işğalı faktı qətiyyən maraqlandırmır, əvəzində isə Azərbaycan münaqişənin həllinə heç bir töhfə verməyən siyasi mərkəzlərin çağırışlarına müqavimət göstərməkdə, atəşkəsi pozmaqda ittiham olunur.

44 günlük döyüşlərdə Ermənistan müharibə əleyhinə cinayətlər törətdi. Gəncə, Bərdə şəhərləri ballistik və qadağan olunmuş silahlarla atəşə tutuldu, mülki əhali amansız şəkildə qətlə yetirildi. O cümlədən cəbhə xəttindən aralıda yerləşən digər şəhər və rayonlar, mülki insanlar və obyektlər Ermənistan tərəfindən davamlı raket atəşinə tutuldu. Tərtər şəhəri Böyük Vətən müharibəsinin dövrünün şəhərlərinə bənzəyirdi.

Amma adları çəkilən Qərb KİV-i bu barədə bir dənə də olsun sual vermədilər. Əvəzində isə hamısı hərbi təlimlərdən sonra Gəncədə qalmış Türkiyənin F-16 hərbi təyyarələri, Azərbaycan Ordusunun hərbi əməliyyatlarda hücum dronlarından istifadə etməsi Qərb KİV-nin suallarında yer alırdı.

Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziyası Prezident İlham Əliyevdən müsahibəni oktyabrın 25-də götürmüşdü. Buna qədər Gəncə şəhəri 3 dəfə bombardman edilmişdi. Amma jurnalist “Lakin cənab Prezident, biz Dağlıq Qarabağın paytaxtının görüntüləri olan videoları, səhnələri görmüşük, orada bütün əhali zirzəmilərdə yaşamaq məcburiyyətindədir, hər 20 dəqiqədən bir artilleriya səsləri eşidilir, mülki şəxslərin yaşadığı şəhər dağılıb”, – deməklə Ermənistanın maraqlını müdafiə etdi.

Yaxud Fransanın “Figaro” qəzetinin əməkdaşı sualdan çox ittiham olan belə bir fikir söyləyir: “Onlar Gəncəni ona görə bombardman ediblər ki, Gəncədə Türkiyənin bir neçə F-16 qırıcı təyyarəsi var idi və bu F-16 qırıcı təyyarələrdən biri erməni təyyarəsini vurmuşdur. Onlar buna görə Gəncəni bombardman etdiyini deyirlər”. Buna qədər Gəncə 3 dəfə bombardman edilmişdi və raket zərbələrinin şəhərin məhz mərkəzi hissələrinə endirilməsi göstərirdi ki, Ermənistanın hədəfi yalnız mülki insanlar olmuşdur. Amma jurnalisti  Gəncə şəhərində mülki insanların qətliamı qətiyyət maraqlandırmır və bu barədə heç bir sual ünvanlamır.

Belə faktlar həmin müsahibələrdə kifayət qədərdir. Görünən o idi ki, məqalədə adı çəkilən Kütləvi İnformasiya Vasitələrinin qarşısında qoyulan məqsəd Ermənistanın məzlum, əzilən, haqsızlığa məruz qalan, Azərbaycanın isə işğalçı tərəf obrazının yaradılması idi. Amma deyəsən onlar bir məsələni – hansı Prezidentlə müsahibə aldıqlarını unutmuşdular. Ona görə Azərbaycana qara yaxmağı məqsəd qoyan hər bir sualda Prezident İlham Əliyev tərəfindən tərksilah olundular, bir çox məqamda çıxılmaz vəziyyəğə salındılar.

Eyni vaxtda Ermənistanın baş naziri Paşinyan da xarici KİV-ə müsahibələr verirdi. Lakin Paşinyan hər dəfə danışdıqca özünü və ölkəsini biabır edirdi. Bununla həm də Ermənistanın informasiya müharibəsindəki məğlubiyyətini də təmin edirdi.

Azərbaycan Ordusunun qələbələri Türkiyə KİV-in əsas mövzusu oldu

Azərbaycan Prezidentinin müsahibə verdiyi xarici KİV-in 6-sı Türkiyəni təmsil edirdi. Bunlar “TRT Haber”, CNN-Türk, “Haber Global”, “Haber Türk”, NTV və “A Haber”  televiziya kanalları idi. Bu televiziya kanallarının yalnız Türkiyədə deyil, Azərbaycan da daxil olmaqla beynəlxalq miqyasda böyük auditoriyası vardır.

Həmin televiziya kanalları ilə müsahibələr bəzi Qərb KİV-inin müsahibələrindən fərqlənirdi. Əvvəlki yazımda qeyd etdiyim kimi, azad  mətbuat demokratik cəmiyyətin tərkib hissəsidir. Kütləvi informasiya vasitələri cəmiyyət həyatının bütün sahələrinə təsir göstərən vasitələrdən biri olaraq ictimai rəyin formalaşmasında, habelə ictimai-siyasi proseslərin inkişaf istiqamətlərinin müəyyənləşməsində mühüm rol oynayır. Lakin dünyada “jurnalist etikası” deyilən bir anlayış da var. Hər bir KİV mətbuatın ümdə prinsiplərinə sadiq qalmağı bacarmalı, qərəzsiz və informasiyanın ictimai rəyə ötürülməsində vicdanlı olmalıdır.

Təəssüf ki, bu gün dünyada bir çox media təmsilçisində bunu görmək olmur. Mənəvi aşınma, deqredasiya, ümumiliklə qəbul olunmuş normalardan, peşə etikasından uzaqlaşmaq, siyasi və iqtisadi dairələrin maraqlarına uyğun fəaliyyət göstərmək hətta tarixi ənənələri olan bir sıra xarici KİV üçün adi normaya çevrilib. Həmin  KİV-in bir sıra siyasi dairələrinin ruporuna çevrildikləri Prezident İlham Əliyevlə müsahibələr zamanı da özünü göstərdi.

Lakin Türkiyə KİV-i ilə müsahibələr zamanı hər şeydən əvvəl sualların qoyuluşu, jurnalist yanaşmaları KİV-in əsas norma və prinsiplərinə uyğun idi. Hər bir sualda jurnalist etikası hiss olunurdu.

Prezident İlham Əliyev Türkiyə televiziyalarından ilk olaraq oktyabrın 5-də “TRT Haber”ə müsahibə verib. Və elə ilk sualdan müsahibə Qələbəyə, Azərbaycanın ədaləti təmin etməsinə köklənir. İşğal altındakı torpaqlarınızdan bu günədək nə qədərinin geri alındığı barədə jurnalistin sualını cavablandıran Prezident İlham Əliyev Azərbaycanın məqsədinin tarixi ədalətin təmin edilməsindən ibarət olduğunu bəyan edir: “Bəli, hər şey plan üzrə gedir. Bu günə qədər qarşımızda duran bütün vəzifələr icra edilmişdir. Azərbaycan Ordusu uğurla irəliyə gedir. Bir çox yaşayış məntəqələri, bir şəhər, bir neçə kənd işğaldan azad edildi. Hazırda müxtəlif istiqamətlərdə şiddətli döyüşlər gedir.

Bildiyiniz kimi, dünən Cəbrayıl şəhəri işğaldan azad edildi və Cəbrayıl rayonunun bir neçə kəndi də işğaldan azad edildi. Ümid edirəm ki, bundan sonra da Azərbaycan Ordusu öz missiyasını uğurla icra edəcək və Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq. Bizim əsas məqsədimiz bundan ibarətdir. Bu məqsəd tarixi ədaləti təmin edəcək. Eyni zamanda bu, beynəlxalq qanunlara da hörmət əlaməti kimi qəbul edilməlidir. Çünki Dağlıq Qarabağ və işğal edilmiş digər torpaqlar Azərbaycanın tarixi torpaqlarıdır. Beynəlxalq hüquq baxımından da bu torpaqlar Azərbaycan dövlətinə məxsusdur”.

Vətən müharibəsi günlərində tək Türkiyənin siyasi-hərbi dairələri deyil, bütövlükdə qardaş ölkənin ictimaiyyətinin qəlbi Azərbaycanla döyündü. Demək olar ki, bütün türk telekanallarının, qəzetlərinin baş mövzusu İkinci Qarabağ müharibəsində Azərbaycanın haqq işinin müdafiəsi idi. Şəhər və kəndlərimizin azad edilməsi xəbərlərini Türkiyə qəzetləri manşetlərdə baş xəbər kimi dərc edirdilər. Ermənistan ordusunun Gəncədə, Bərdədə mülki əhaliyə qarşı hücumlarını Türkiyə KİV-i qəzəblə dünyaya çatdırırdı. Türkiyə KİV əməkdaşları akkreditasiyadan keçərək hər gün cəbhə xəttindən birbaşa yayımlar edirdilər. Gəncənin gecə saatlarında ballistik raketlərlə hücuma tutulmasından sonra türk jurnalistin bu xəbəri ürəkağrısı ilə çatdırmasının şahidi olduq.

Həmin günlərdə Türkiyədə bütün insanların nəbzi Azərbaycanla döyünürdü.  İstanbulda, Ankarada və digər şəhərlərdə Azərbaycanın qələbələrinə həsr olunmuş konsert proqramları keçirilirdi. Bütün Türkiyə xalqı tezliklə bu müharibənin Azərbaycanın qələbəsi ilə başa çatacağı günü gözləyirdi. Ona görə Türkiyə televiziya kanallarının jurnalistlərinin Prezident İlham Əliyevə ünvanladıqları suallar ilk növbədə bu barədə olurdu. Məsələn, “CNN Türk” televiziyasının müxbirinin ilk sualı belədir: “Mən vaxt itirmədən dərhal suallarıma keçirəm. Əvvəlcə əməliyyatlarda son vəziyyət necədir, planlaşdırıldığı kimi irəliləyirmi? İşğal altındakı nə qədər torpaq azad olundu?”  “Hər şey plan üzrə gedir. Bu gün Azərbaycan Ordusu öz ərazi bütövlüyünü bərpa edir. Əməliyyat uğurla davam edir. Artıq bir şəhər və bir çox kəndlər işğaldan azad edilib. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq. Biz bunu dəfələrlə demişik: Qarabağ bizim tarixi, əzəli torpağımızdır! Təəssüf ki, uzun müddət ərzində aparılan müzakirələr bir nəticəyə gətirib çıxarmadı. Belə olan halda, əlbəttə ki, Azərbaycan təkbaşına öz ərazi bütövlüyünü bərpa etməli idi və bunu edir”, – deyən İlham Əliyev  qarşıda duran vəzifələrin icra olunacağını bəyan etdi.

NTV televiziyasının müxbiri də ilk olaraq nə qədər ərazinin azad olunduğunu soruşmuşdu: “Birinci sualım cəbhə xətti ilə bağlı olacaq, cənab Prezident. İşğal altındakı ərazilərin sentyabrın 27-dən bəri nə qədəri geri alındı? Çünki son iki gündə gözəl xəbərlər gəlməyə başladı”. İlham Əliyevdən ilk müsahibə alan Türkiyə televiziyası olan “TRT Haber”in də sualı bu məzmunda olmuşdu.

Bütün bu suallar ondan xəbər verirdi ki, Türkiyə ictimaiyyəti də Azərbaycan xalqı kimi müharibənin ilk günündən Qələbəyə köklənmişdi. Türk dünyasının öndərləri olan Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” kəlamları müharibənin ilk günündən real həyatda bir daha öz təsdiqini tapdı.

Türkiyə KİV Qərb mediasının görmək istəmədiklərini dünyaya çatdırdı

Qeyd etdiyim kimi, Qərb KİV-ini Azərb

aycan torpaqlarının işğal olunması, danışıqlar prosesinin nəticəsiz qalması, habelə Ermənistanın müharibə günlərində Azərbaycanın mülki yaşayış məntəqələrini qadağan olunmuş, o cümlədən ballistik raketlərlə atəşə tutmaları, dinc azərbaycanlı əhalini qətlə yetirmələri qətiyyən maraqlandırmırdı. Lakin Türkiyə televiziyaları ilə müsahibələr zamanı hər şey tamamilə fərqli idi. Obyektivlik, jurnalistika dəyərlərinə sadiqlik bu müsahibələrin ruhuna hakim kəsilmişdi. Söhbət ondan getmir ki, Türkiyə Azərbaycana qardaş dövlət olduğu üçün həmin televiziyalar öz suallarında məqsədyönlü davranırdılar. Xeyr, söhbət ondan gedir ki, Türkiyə KİV-i Prezident İlham Əliyevə ünvanlanan sualların hər birində bütün dünyaya haqqın, ədalətin kimin tərəfində olduğunu düzgün çatdırırdı. Əlbəttə, İlham Əliyevdən müsahibə almış bütün Qərb KİV-inin heç də hamısı sualları ünvanlayarkən qərəzli davranmadılar. İtaliyanı, İspaniyanı təmsil edən qəzetlər və agentliklər məsələlərə kifayət qədər ədalətli və obyektiv yanaşmışdılar.

Bu mənada Türkiyəni təmsil edən televiziyalar Dağlıq Qarabağ probleminə, danışıqların nəticəsiz qalmasına, beynəlxalq təşkilatların və ayrı-ayrı dövlətlərin bu prosesdəki roluna, Ermənistanın müharibə cinayətlərinə əsl həqiqətlər kontekstindən nəzər saldılar.

Məsələn, “A Haber” televiziyasının suallarından biri Ermənistanın mülki şəxsləri, Tərtərdə məzarlığı hədəfə alması barədə idi.  “Haber Türk” televiziya kanalının da suallarından biri Moskvada xarici işlər nazirlərinin 11 saat yarım davam edən görüşündən sonra Gəncə şəhərinin atəşə tutulması barədə oldu. Eyni məzmunlu sual “CNN-Türk” televiziyası tərəfindən də səsləndirildi. “TRT Haber” televiziyasının əməkdaşı da Naftalanda 5 mülki vətəndaşın həlak olması barədə ürəkağrısı ilə söz açdı.

Göründüyü kimi, Qərb KİV-inin diqqət yetirmək istəmədikləri məsələləri Türkiyə KİV-ləri gündəmə gətirdilər, Ermənistanın müharibə cinayətlərini, beynəlxalq konvensiyalara zidd davranışlarını beynəlxalq ictimaiyyətə çatdırdılar. Bunun səbəbi Türkiyə mediasının yalnız Azərbaycanı dost və qardaş dövlət olaraq görməsi deyildi. Bunun səbəbi Türkiyə televiziyalarının baş verənlərə obyektiv yanaşması idi. Həm də Türkiyə televiziyalarının əməkdaşlarının peşə etikasına əməl etmələri idi.

Türkiyənin iştirakı olmadan hər hansı bir məsələ həll edilə bilməz

Bu müsahibələrin vacib bir məqamı Türkiyənin Dağlıq Qarabağ probleminin iştirakında rolu barədə oldu. Türkiyə ilk gündən ATƏT-in Minsk qrupunun üzvlərindən biri olsa da, birbaşa danışıqlar prosesində iştirak etməyib. 44 günlük müharibə isə göstərdi ki, Minsk qrupu formatı öz missiyasını yerinə yetirə bilmək imkanlarından uzaqdır. Nəzər yetirsək görərik ki, Minsk qrupunun həmsədrləri olan ölkələrin hər birində çoxsaylı erməni diasporu mövcuddur. Uzun onilliklər ərzində ermənilər həmin ölkələrin siyasi-ictimai fikrinə nüfuz etmiş, öz yalanlarını onlara qəbul etdirə bilmişlər. Odur ki, Minsk qrupunun öz missiyasını yerinə yetirə bilməməsinin əsas səbəbi erməni təəssübkeşliyi olmuşdur.

Əvəzində isə problemin həllinə dəstək vermək istəyən beynəlxalq ictimaiyyət tədricən bu prosesdə Türkiyənin rolunu etiraf etməyə başladı. O cümlədən Rusiya da Türkiyə faktorunu nəzərə aldı.

Prezident İlham Əliyevin Türkiyə televiziyalarına müsahibələrində də rəsmi Ankaranın sülh prosesindəki roluna əhatəli nəzər salındı. İlham Əliyev bu barədə NTV televiziyasının suallarını cavablandırarkən Türkiyənin de-fakto danışıqlar prosesində olduğunu, Ankaranın iştirakı olmadan bölgədə hər hansı bir məsələnin həllinin qeyri-mümkünlüyünü  bəyan etdi: “Bu reallıqlar, həqiqi vəziyyət ondan ibarətdir ki, bu gün Türkiyənin iştirakı olmadan bu bölgədə hər hansı bir məsələ həll edilə bilməz. Bunu artıq son illərin tarixi göstərmişdir. Bu, kiminsə xoşuna gələ bilər, gəlməyə bilər, bu, faktdır, bu, gerçəkdir. Təbii ki, Türkiyə Azərbaycanın, Ermənistanın və digər Cənubi Qafqaz ölkəsi olan Gürcüstanın qonşusu olaraq bu bölgədə fəal rol oynayır. Bu, Türkiyənin haqqıdır. Bu, tarixən belə olubdur. Biz tarixi yaxşı bilirik.

Ona görə bu döyüşlərin ilk saatlarından onu hərbi müstəvidən siyasi müstəviyə, siyasi prosesə çevirmək üçün biz çox açıq və dəqiq mövqeyimizi bildirdik ki, Türkiyə mütləq bu işlərdə olmalıdır. Əgər olarsa, o zaman bu döyüşlər daha tez bir vaxtda dayanacaq və sülh prosesi başlayacaq. Mən onu da bildirmişdim ki, faktiki olaraq Türkiyə prosesdə var. Çünki dünən cənab Ərdoğanın və cənab Putinin danışığı bunu göstərir. Eyni zamanda ondan əvvəlki günlərdə Türkiyənin və Rusiyanın xarici işlər nazirlərinin, müdafiə nazirlərinin də telefon danışıqları olub. Onlar Qarabağ mövzusunu müzakirə edirlər.

Ona görə bizim mövqeyimiz bundan ibarətdir ki, Türkiyə mütləq olmalıdır. Hansı statusda olacaq, bu, texniki məsələdir. De-fakto artıq Türkiyə var. Onsuz da Türkiyə Minsk qrupunun üzvüdür. Minsk qrupu da otuz il ərzində bir nəticəyə nail olmadı, otuz il ərzində Birləşmiş Millətlər Təşkilatının dörd qətnaməsinin icra olunmasına kömək etmədi. Bu vəziyyət faktiki olaraq münaqişənin dondurulmasına gətirib çıxardı. Ancaq nəticə etibarilə iyul ayında bizə edilən hücum, avqust ayında erməni təxribatçı qrupunun bizə göndərilməsi və nəhayət, sentyabr ayında genişmiqyaslı hücum göstərdi ki, bu münaqişə dondurulmuş məsələ deyil”.

Bütövlükdə müharibə dövründə diplomatik sferada aparılan müzakirələr göstərdi ki, Türkiyənin iştirakı olmadan problemin həllində beynəlxalq əməkdaşlıq mümkün deyildir. Rusiya Prezidenti Vladimir Putinin bu məsələdə xüsusilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparması deyilənləri təsdiq edir.

“A Haber” televiziyasında bir daha bu məsələyə münasibət bildirən Prezident İlham Əliyev dedi ki, Türkiyəni bu prosesdən kənardan saxlamaq mümkün deyil: “Əslində, de-fakto Türkiyə artıq masadadır. Mən bunu söyləmişəm. Bu, reallıqdır. Bu gün Türkiyə digər bölgədə yerləşən ölkələrlə bu məsələni danışır, müzakirə edir. Siz də bilirsiniz, Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub. Xarici işlər nazirlərinin, müdafiə nazirlərinin danışıqları olubdur. Eyni zamanda iranlı həmkarları ilə Türkiyənin yüksəkvəzifəli şəxslərinin əlaqələri olubdur, digər ölkələrlə. Ona görə Türkiyə de-fakto buradadır. Sadəcə olaraq, Minsk qrupu 1992-ci ildə təşkil olunduğu üçün, – onsuz da Türkiyə Minsk qrupunun üzvüdür, – o zaman bilmirəm hansısa səbəblərə görə həmsədr olmadı. Yəni biz çox istərdik ki, bəri başdan Türkiyə həmsədr olsun. Ancaq o zaman Türkiyə özü bunu etmədi. Özü istəsəydi, məncə, olardı. Çünki ona görə mən deyirəm, bugünkü Ərdoğan Türkiyəsi ilə o Türkiyə arasında böyük fərq var. Əgər həmsədr olsaydı, o zaman təbii ki, bu məsələ çoxdan həll olunardı. Ona görə biz deyirik ki, Türkiyəsiz bu məsələ həll olunmaz. Mən demirəm ki, Minsk qrupu artıq tarixdə qalsın. Yox, qoy onlar da çalışsınlar. Halbuki 30 il ərzində bir nəticəyə gəlmədilər. Amma Türkiyəni bu prosesdən kənardan saxlamaq həm düzgün deyil, həm də ki, mümkün deyil”.

Prezident İlham Əliyev ötən il noyabrın 10-da xalqa müraciətində bildirmişdi ki, qardaş Türkiyə Respublikası rəsmi qaydada atəşkəsə nəzarət etmək işində rol oynayacaq və belə də oldu. Dövlət başçısı bunu  regional əməkdaşlığın təzahürü, həmçinin Türkiyə ilə Rusiya arasında çox məqbul əməkdaşlığın rəmzi kimi dəyərləndirmişdi.  Artıq bu məqsədlə yanvar ayının 30-dan Ağdamda Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb. Mərkəz Azərbaycan və Rusiya prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanmış 10 noyabr 2020-ci il tarixli Bəyanatın 5-ci bəndinə əsasən yaradılıb və münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyini artırmaq məqsədi daşıyır. Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyəti region üçün sülh və əməkdaşlıq perspektivi baxımından böyük önəm kəsb edir. Ən əsası Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlaması göstərir ki, Türkiyənin bütün iştirakı olmadan  heç nə mümkün deyil.

 

(Ardı var)

 

Ziyad SƏMƏDZADƏ,

AMEA-nın həqiqi üzvü,

Milli Məclisin deputatı

Son xəbərlər
Oxşar xəbərlər
X