Niderlandın ən böyük bank qrupu olan “ING Group” Azərbaycanda iqtisadi artımın 2026-cı ildə 2,5 %, 2027-ci ildə isə 3 % təşkil edəcəyini proqnozlaşdırır.
Bu barədə ING-nin məlumatında bildirilir.
Ötən proqnozlarla müqayisədə cari il üçün ÜDM-in artım templəri 0,3 faiz bəndi azaldılıb, 2027-ci il üçün isə 1 faiz bəndi artırılıb.
Beləliklə, ölkənin ÜDM-inin 2026-2027-ci illərdə orta illik artımı 2,75 % səviyyəsində proqnozlaşdırılır.
Bankın qiymətləndirmələrinə görə, 2026-cı ilin I rübü üçün iqtisadi artım proqnozu 3 %, II rüb üçün 2 %, III rüb üçün 4 %, IV rüb üçün 1 % təşkil edir.
Bundan əlavə, 2027-ci ilin I rübündə 3 %, II rübündə 3,5 %, III rübündə 2 % və IV rübündə 3,5 % səviyyəsində iqtisadi artım proqnozlaşdırılır.
Xatırladaq ki, İqtisadiyyat Nazirliyi ÜDM-in artımını 2026-cı ildə 2,9 %, 2027-ci ildə 3,3 %, Azərbaycan Mərkəzi Bankı isə ölkədə iqtisadi artımı cari ildə 2,4 %, gələn il isə 2,9 % səviyyəsində proqnozlaşdırır.
Beynəlxalq reytinq agentliklərinin qiymətləndirmələri isə fərqlənir: “S&P Global” 2026-cı ildə 2 %, “Fitch Ratings” – 2,5 %, “Moody’s” – 2,5 %, BVF – 2,1 % artım gözləyir.
Asiya İnkişaf Bankı Azərbaycanda iqtisadi artımı 2026-cı ildə 2 %, Avropa Yenidənqurma və İnkişaf Bankı 2026-cı ildə 2 %, 2027-ci ildə isə 2,5 % səviyyəsində proqnozlaşdırır.
Dünya Bankı Azərbaycanın ÜDM-inin artımını 2026-cı ildə 1,8 %, 2027-ci ildə 1,7 % səviyyəsində gözləyir.
BMT-nin qiymətləndirmələrinə görə, Azərbaycanda iqtisadi artım 2026-cı ildə 2,7 %, 2027-ci ildə 2,6 % təşkil edəcək.
“Fitch Solutions”un gözləntilərinə əsasən, Azərbaycanın real ÜDM artımı 2026-cı ildə 2,5 % təşkil edəcək.
2025-ci ildə Azərbaycan iqtisadiyyatı 1,4 % artıb.






