21 C
Baku
Thursday, April 25, 2024

İngiltərə bankının zəngin tarixi

İngiltərə bankının (Bank of England, BoE) və ya Böyük Britaniyanın Mərkəzi Bankının tarixi 1694-cü ildən başlayır. Bu bank, dünyada ən köhnə maliyyə təşkilatlarından biridir.

1126-cı ildə İngiltərədə xəzinədarlıq meydana gəlməsi ilə tacirlər öz artıq pullarını və qiymətli metallarını qızıl sexlərdə saxlamağa başladılar. Sənətkarlar bu cür yatırımlara görə tacirlərə faizlər ödəyirdilər. Tacirlərdən qiymətli əşyaları təhvil alarkən, sənətkarlar bunu yazılı şəkildə təsdiq edirdilər, növbəti illərdə isə bu təsdiq kağızları ölkədə pul kimi dövr etməyə başladı. Bu proses, bankın formalaşması tarixinin ilkin mərhələsi hesab olunur. Zamanla, ölkədə bərabər hüquqlara malik olan və qeyri-məhdud sayda qiymətli kağızları dövriyyəyə buraxan kiçik özəl şirkətlər yaranmağa başlamışdır.

İkinci mərhələ İngiltərə Bankının əsasının qoyulması ilə bağlıdır. Ölkədə bank institutunun yaranmasına bir sıra siyasi proseslər öz təsirini göstərib. Öz maliyyə ehtiyaclarını ödəmək üçün Karl II, London bankirlərinin kreditlərinə möhtac qalmışdır. Nəticədə, onun borcu sürətlə artmağa başlayıb, 1672-ci ildə Karl II, xəzinədarlığa borc pul ödəmələrini dayandırmaq əmrini vermişdir. Bu addım, krala qarışı etimadın azalmasına gətirib çıxarıb. Daha sonrakı illərdə monarx Vilyam III, Patterson adlı maliyyəçiyə müraciət edərək, “İngiltərə bankının nəzdində İdarəçi və Ko” institutunun yaradılması ilə bağlı əmr vermişdir.

Yeni təşkilatın yaradılması Tannedzh qanununda öz əksini tapmışdır, digər bir çox məqalə arasında, “pul vəsaitlərin yığılması və xəzinəyə 1 200 000 funt sterlinqin təhvil verilməsi” məqsədini daşıyan bu bankın formalaşması çox kiçik bir hadisə kimi görünürdü. Bu məbləğdə hökumətə borc verərək bank, eyni məbləğdə banknot buraxmaq icazəsini aldı. Belə böyük miqdarda kağız pulunun qəflətən dövriyyəyə buraxılması, əlbəttə, inflyasiya sıçrayışı ilə müşayiət olunmuşdu.

İngiltərə Bankının erkən tarixi – yeni maliyyə korporasiyası və pula ehtiyacı olan hökumət arasında xidmət mübadiləsi tarixidir. Artıq qeyd olunduğu kimi, bankın formalaşması zamanı onun kapitalı 1,2 milyon funt sterlinq təşkil edirdi. Artıq 1697-ci ildə hökumət bankın imtiyazlarını genişləndirdi. Bank həm öz kapitalını, həm də banknotların buraxılışını artırmaq imkanını qazanmış oldu. Bununla yanaşı, banka dövlət hesablaşmalarının aparılması üçün monopoliya hüququ verilmişdir və həmin gündən etibarən hökumətə ödənilən bütün ödənişlər bank vasitəsilə həyata keçirilməli idi. Bu hadisə təşkilatın nüfuzunun əhəmiyyətli dərəcədə artmasına səbəb olmuşdur.

 Daha sonra ölkədə yalnız bir bankın parlamentin xüsusi qanun qəbul edilməsi yolu ilə yaradıldığı haqda qərar verildi. Bu qərar, maliyyə qurumunun statusunu xeyli möhkəmlədirdi və mahiyyətcə, banka məhdud məsuliyyət imtiyazını vermək demək idi, Həmin dövrdə, bu hadisələrlə bərabər səhmdar cəmiyyəti kimi tanınmış yeni təşkilati biznes forması ortaya çıxmağa başladı.

1751-ci ildən banka dövlət borcunun idarə olunması da həvalə edilmişdir. Kiçik firmaların bank ilə rəqabət aparması demək olar ki, mümkün deyildi. Bunun nəticəsi olaraq, kiçik banklar öz pullarını İngiltərənin Bankında saxlamağa başladılar və tədricən, o, ölkənin mərkəzi bankına çevrilmişdir. 1694-cü ildən 19-cu əsrin əvvəllərinə qədər, İngiltərə Bankının lisenziyasının yenilənməsi nəticəsində, ölkənin xəzinəsi ən azı yeddi dəfə (qısamüddətli kreditləri nəzərə almasaq) zənginləşdi. 1800-cü ildən sonra funt dəyərdən düşdü, hərbi kreditlər isə əhəmiyyətli dərəcədə artdı, bunun nəticəsində İngiltərə Bankının banknotları ödəniş vasitəsi kimi istifadə olunmağa başladı. 1812-ci ildə hökumət bunu rəsmən elan etmişdir.

Kiçik banklar böhran zamanı Mərkəzi Bankın onları qurtaracağına tədricən əmin olmağa başladılar. Adi bankirlərin istiqrazları öz likvidliyini itirdiyi zaman, əhali İngiltərə Bankının banknotlarından istifadə edirdi və buna görə də bu pullar nağd pul çatışmazlığı dövründə qızıl sikkələr kimi istifadə olunurdu. Tədricən bank ölkənin pul və kredit sistemində məsuliyyətli mövqe tutan tənzimləyici quruma çevrilmişdir.

1825-ci il böhranı zamanı İngiltərə Bankı kiçik bankları bankrotluqdan qurtarmaq üçün onlara kredit verməyə başladı. Lakin bu, heç də hər kəsə kömək etmədi. O dövrdə mövcud olan bir neçə yüz bankın təxminən 150-dən çoxu iflas etdi. Bununla yanaşı, İngiltərədə digər səhmdar bankların yaradılması uğrunda hərəkət başladı. Növbəti illərdə yeni səhmdar banklarının meydana gəlməsi, krallığın bank sisteminin inkişafında üçüncü dövr hesab oluna bilər. 1826-cı il qanunu, Londondan 65 mildən az olmayan məsafədə yerləşmək şərti ilə yeni səhmdar banklarının yaradılmasına icazə verdi, İngiltərə Bankı isə filial açmaq hüququnu qazandı.

O vaxtdan bəri məlum oldu ki, bank biznesi yalnız banknotların buraxılmasından ibarət deyil. Çek hesablamaları ilə depozit biznesinin meydana gəlməsi, iş dünyasında nəzərəçarpacaq element kimi yadda qalmışdır. İngiltərə Bankının əmanət fəaliyyəti üzərində monopoliya hüququnun alması barədə qərar qəbul edildi.1833-cü ildən etibarən o, verdiyi kreditlərə faizləri müəyyən etmək hüququnu qazandı. Həmin ərəfələrdə bank yalnız ölkənin bütün qızıl ehtiyatlarını deyil, eyni zamanda bankın ehtiyatını (pul ehtiyatı) saxlamışdır. İkinci Dünya müharibəsi dövründə bankın əsas funksiyası 1 milyarddan 7 milyarda qədər artmış dövlət borcunun maliyyələşdirilməsindən ibarət olmuşdur. Eyni zamanda, həmin dövrdə valyuta mübadiləsi əməliyyatları tətbiq edilmişdir, bu, 1979-cu ilə qədər davam edib.

Bank 1946-cı ildə milliləşdirildi və kapital üzərində mülkiyyət hüququ Böyük Britaniyanın xəzinəsinə verildi.

Formal olaraq, pul siyasəti sahəsində verilmiş qərarların məsuliyyəti xəzinə başçısının üzərində idi. Bank hökumətə pul siyasəti məsələləri üzrə məsləhət verib bu məsələləri xəzinədarlıqla əlaqələndirirdi. İnkişaf etmiş ölkələrin mərkəzi bankları arasında İngiltərə Bankı hökumətdən daha çox asılıdır. Praktikada İngiltərə Bankı xəzinədarlıqla sıx əməkdaşlıq edir, pul və valyuta sahəsinin tənzimlənməsində və dövlət borcunun idarə olunmasında böyük rol oynayır.

Bank ruhları

Əvvəlki dövrlərdə Böyük Britaniyanın Mərkəzi Bankı, Londondakı ən qədim küçələrdən biri olan Trednidl küçəsində yerləşirdi. Daha sonra, 18-ci əsrin sonunda bank iki hektar torpaq sahəsini alaraq, orada monumental bir bina tikmişdir.

Bina memar John Soane-nun proyektinə əsasən tikilərək, heç bir səs keçirmirdi və üstəlik dəmir raşotka ilə əhatə edilmişdi. Bir növ “pul üçün həbsxana” alındı. Bu planın mahiyyəti aydındır: bu divarın arxasında külli miqdarda pul saxlanılırdı. 1925-1939-cu illərdə bu tikili memar Herbert Baker tərəfindən tamamilə yenidən qurulmuşdu.

 Bank həmişə ciddi şəkildə qorunurdu. Təhlükəsizliyi təmin etmək üçün illər ərzində xüsusi keşikçiyə üstünlük verilirdi. İşçilər istisna olmaqla, heç kimin bu banka giriş hüququ yox idi. İndinin özündə də Böyük Britaniya Mərkəzi Bankının bu monolitləri insanlarda çox güclü təəssürat yaradır.

Qeyri-müəyyən səbəblərdən, ruhlar İngilis qalalarının artıq vizit kartına çevrilib və bu artıq heç kimi təəccübləndirmir. Lakin, ruhlar yalnız qalalarda deyil, banklarda da rast gəlinmişdi. Əsrlər ərzində Böyük Britaniyanın Mərkəzi Bankının möhtəşəm divarlarında yaşayan ruhlar haqqında əfsanələr qurulub. Əfsanələrin Birinci qəhrəmanı, 18-ci əsrdə bankda işləyən və iki metrdən artıq boya malik olan bir kişidir. Uzun boylu olduğuna görə, ölümündən sonra məzarının qazılıb cəsədinin çıxarılarılmasından ehtiyat edən bu şəxs, öz həmkarlarına bankın divarlarında kiçik bir həyətdə dəfn olunmaq istədiyini bildirmişdir. Bütün bunlara baxmayaraq, onun məzarı açıldı və həqiqətən də qeyri-adi bir ölçüdə tabut aşkar edildi. Bu hadisədən sonra, keçmiş işçi ruha çevrildi.

Qəribə hekayələrin növbəti qəhrəmanı “qara monarx” olmuşdur. Onun tarixi isə belədir. 1811-ci ildə bank işçilərindən biri olan Peter Whitehead, kart oyununda uduzaraq, krediti ödəmək üçün iki saxta çek hazırlamışdı. Oyunun tərəfdaşları bundan xəbər tutaraq, onları bankın rəhbərlərinə təhvil verdilər,  Peter mühakimə olunub qətlə yetirildi. Lakin, onun bacısına uzun müddət ərzində bu haqda heç bir məlumat verməmişdilər. Bu acı həqiqəti öyrənəndən sonra, o, ağlını itirdi və bankın yanında gəzməyə başladı. Qara geyimli bu qadın, qırx il ərzində bina ətrafında dolaşdı. Onun kölgəsinin günümüzə qədər bankın koridorlarında gəzdiyini deyirlər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər