Böyük Britaniya hökuməti benzin və dizel yanacağından imtina edən avtomobil sahiblərinə 3 min funt sterlinqə qədər (mövcud məzənnə ilə təxminən 7125 AZN) kompensasiya ödəyəcək.
Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.
Bunun köməyi ilə hökumət ingilisləri ətraf mühiti çirkləndirməyən nəqliyyat vasitələrinə keçməyə təşviq edəcək. Qeyd edək ki, təşəbbüs böyük şəhərlərin avtomobillərdən asılılığını azaltmaq üçün yaradılan dövlət proqramı çərçivəsində həyata keçirilir. Hökumət bu tədbirlərin yol tıxaclarının sayını azaldacağını, havanın keyfiyyətini isə əksinə, artıracağını gözləyir.
2016-cı ilədək istehsal olunmuş dizel və 2006-cı ilədək konveyerdən çıxmış benzin mühərrikli bütün avtomobillərin sahibləri bu təşəbbüsə qoşula bilər. Sürücülərə iki il ərzində ətraf mühitə zərər verməyəcək nəqliyyat növünə keçmək təklif ediləcək. Bunun qarşılığında onlara ictimai nəqliyyat, taksilər və velosiped icarəsi üçün xərclənəcək 1500-3000 funt sterlinq kompensasiya ödəniləcək.
Birinci mərhələdə proqram yalnız Koventri şəhərində işə salınacaq. İki ildən sonra hökumət proqramın effektivliyini təhlil etmək və sürücülərin vərdişlərində davamlı dəyişiklərə nail olmaq üçün tələb olunan investisiya həcmini yenidən hesablayacaq. Səlahiyyətlilər tədricə özəl biznes sektorunun da bu təşəbbüsə qoşulacağını gözləyirlər.
Xatırladaq ki, 2020-ci ilin noyabrında Böyük Britaniyanın baş naziri Boris Conson 2030-cu ilədək ölkədə dizel və benzin mühərrikli avtomobillərin satışını qadağan edəcəyini açıqlamışdır.
Hal-hazırda Avropada ən populyar elektrikli avtomobil modeli Tesla Model 3-dür. Hesablamalara görə, təkcə sentyabr ayında bu modeldən 15 min ədəd satılıb. İkinci yerdə Renault ZOE (11 min satış), üçüncü yerdə isə Volkswagen ID.3 (8 min satış) dayanır.