Böyük Britaniyanın Milli Statistika İdarəsinin (ONS) məlumatına görə, sentyabrda ölkədə inflyasiya illik ifadədə 1.7% təşkil edib. Bu, İngiltərə Bankının 2%-lik hədəfindən və inflyasiyanın 1.9%-ə çatacağını gözləyən analitiklərin proqnozundan aşağıdır. Qeyd edək ki, ölkədə sentyabr ayı inflyasiyası 2021-ci ilin aprelindən bəri ən aşağı səviyyədə olub.
ONS məlumatlarına görə, qiymət artımının ləngiməsinə 2023-cü ilin sentyabr ayı ilə müqayisədə benzin və dizel yanacağının maya dəyərinin 10.4% azalması, eləcə də həm ölkədaxili, həm də beynəlxalq hava nəqliyyatı təsir göstərib. Xidmətlər sektorunda qiymət inflyasiyası əhəmiyyətli dərəcədə azalıb – 5.6%-dən 4.9%-ə.
Bununla belə, statistika qurumunun qeyd etdiyi kimi, sentyabr ayında süd, pendir, yumurta, sərinləşdirici içkilər və meyvələr kimi bəzi ərzaq məhsullarının qiymət artımı sürətlənib.
“The Guardian”ın sitat gətirdiyi ekspertlər noyabrın əvvəlində keçiriləcək növbəti iclasda İngiltərə Bankının uçot dərəcəsini 0.25 faiz bəndi – hazırkı 5%-dən 4.75%-ə endirmək barədə qərar qəbul edəcəyi ehtimalının yüksək olduğunu göstərir. Bunun həyata keçirilmə ehtimalı hazırda maliyyə ekspertləri tərəfindən 91% səviyyəsində qiymətləndirilir. İnflyasiya məlumatları dərc edilməzdən əvvəl ekspertlər bu ehtimalı 80% qiymətləndirirdilər.