12 C
Baku
Monday, November 25, 2024

İnkişaf etməkdə olan ölkələr COP29 iqlim sazişini tənqid ediblər

İnkişaf etməkdə olan ölkələr BMT-nin 29-cu İqlim Dəyişikliyi Konfransında (COP29) qəbul edilən razılaşmanı tənqid ediblər. Sazişə əsasən, varlı ölkələr qlobal istiləşmə ilə mübarizəyə hər il 300 milyard dollar ayırmağı öz üzərinə götürüblər, “Reuters” yazır.

Belə ki, Hindistan rəsmisi Lila Nandan bildirib ki, o, sazişin qəfil qəbul edilməsindən son dərəcə məyus olub. “Bu, cüzi bir məbləğdir. Bu sənəd optik illüziyadan başqa bir şey deyil. Fikrimizcə, bu, hamımızın üzləşdiyimiz kütləvi problemin həllinə kömək etməyəcək”, – deyə Nandan söyləyib.

Bunun ardınca Boliviya, Çili və Nigeriyadan olan nümayəndə heyətlərinin üzvləri də etirazlarını bildiriblər.

“Financial Times” qəzetinin yazdığına görə, narazılığa Malavi, Fici və Maldiv adaları kimi kiçik dövlətlər də qoşulub. Danışıqlar cümə günü, noyabrın 22-də başa çatmalı olsa da, 200-ə yaxın ölkədən olan nümayəndələr konsensusa gəlməyə çalışdıqları üçün onlara əlavə vaxt verilib.

COP29 sammitindən bir həftə əvvəl Avropa iqlim xidmətinin ekspertləri 2024-cü ilin ən isti il olacağına dair hesabat dərc ediblər. Onların fikrincə, bu il qlobal orta temperatur sənaye inqilabından əvvəlki 1850-1900-cü illərin orta göstəriciləri ilə müqayisədə 1.5 °C-dən çox artacaq. Beləliklə, 2024-cü il yeni orta illik temperatur rekordunun ili ola bilər.

Son xəbərlər
Digər xəbərlər