Inkişaf etmiş ölkələrin qeyri-müəyyən inkişaf perspektivləri getdikcə daha çox şirkət və investorları daha yaxşı mənfəət əldə etmək üçün inkişafda olan bazarlara diqqət yetirməyə vadar edir. Belə sürətlə inkişaf edən iqtisadiyyatların maliyyə sistemləri nə qədər təhlükəsizdir?
Global Finance jurnalının versiyasına görə inkişaf etməkdə olan bazarların 10 ən etibarlı bankının siyahısını oxuculara təqdim edirik. Reytinq iri reytinq agentlikləri tərəfindən hazırlanmış reytinqlər nəzərə alınaraq tərtib olunub.
10. Bank of Taiwan
Ölkə: Tayvan
Aktivlər: $ 129,800 mlrd
Bank of Taiwan inkişaf etməkdə olan bazarlarda Tayvan bankları arasında ən yüksək reytinqə malikdir. Bank 1946-cı ildə ilk dövlət bankı olaraq təsis edilmişdi.
Bank of Taiwan mövcud olduğu ilk illərdə mərkəzi bank funksiyalarının bir neçəsini yerinə yetirirdi, məsələn, Tayvanda Çinin Mərkəzi bankı 1961-ci ildə bərpa olunana qədər valyuta verilməsini həyata keçirirdi. 2011-ci ilin sonunda bankın aktivləri 131 mlrd dollar təşkil etmişdir, lakin 2012-ci il noyabr ayı üzrə 130 mlrd dollardan da aşağı düşmüşdür. Buna baxmayaraq, aktivlərin həcminə görə o birincilik mövqeyini qoruyur.
9. BancoEstado
Ölkə: Çili
Aktivlər: $ 40 mlrd
BancoEstado ilk onluğa daxil olan yeganə latın-amerikan bankıdır. Bank Çilinin yeganə dövlət bankıdır.
Bank eləcə də, kreditlərin və filial şəbəkəsinin həcminə görə üçüncü, depozitlərin həcminə görə isə birinci bankıdır. BancoEstado bank xidmətlərindən istifadənin genişlənməsi məqsədilə dövlətlə sıx əlaqədardır. Bütün reytinq agentlikləri qeyd etmişlər ki, çox böyük ehtimalla stressli maliyyə vəziyyəti şəraitində Çili hökuməti vəziyyətə müdaxilə edəcək və banka yardım əlini uzadacaq.
Çilidə 5,5%-lik iqtisadi artım gözlənildiyi bir şəraitdə BancoEstado Çilinin orta təbəqəsinə xidmət göstərərək uğurlu fəaliyyət göstərmişdir. Bankın komisyon gəlirləri təxminən 2012-ci ilin III rübündə illik hesablamalar üzrə 13% artmışdır.
8. Samba Financial Group
Ölkə: Səudiyyə Ərəbistanı
Aktivlər: $ 51,400 mln
Samba Financial Group bazar dəyəri üzrə Səudiyyə Ərəbistanın böyüklüyünə görə ikinci bankıdır.
1980-ci ildə təsis edilmiş maliyyə qrupu Citi-nin Səudiyyə Ərəbistanının Cidda və Ər-Riyad şəhərlərində olan nümayəndəliklərinin satın alınması ilə fəaliyyətə başladı. Indi bankın London, Qatar və Dubay da daxil olmaqla təxminən 70 filialı, eləcə də Pakistanda törəmə şirkəti mövcuddur.
Fitch agentliyi dövlətin bankda payının 50% təşkil etdiyini və bunun da bankın fəaliyyətinə neqativ təsir göstərdiyini qeyd edir. Gəlirlər üzrə son göstəricilər göstərir ki, Samba bankının xalis mənfəəti ötən illə müqayisədə IV rübdə təxminən 8% aşağı düşərək 231 mln dollar təşkil etmişdir.
7. Qatar National Bank
Ölkə: Qatar
Aktivlər: $ 82,900 mln
Qatar National Bank (QNB) ölkənin ən təhlükəsiz bankı olmaqla yanaşı, həm də ən iri bankıdır. Bank sistemi aktivlərinin və əmanətlərinin 50%-i onun payına düşür.
1964-cü ildə təsis olunmuş bank dövlət kommersiya bankına məxsusdur. Yarısı ümumi kapitallaşma üzrə ölkənin fond bazarının təxminən beşdə bir hissəsini təşkil edən Qatarın dövlət fondu Qatar Investment Authority-ə məxsusdur. Bank İndoneziya, İordaniya, Tunis və Birləşmiş Ərəb Əmirliyinin (BƏƏ) banklarında paya sahibdir, indi Türkiyə bankının nəzarət paketini və Societe Generale-ın Misir filialını almağı nəzərdən keçirir.
Ötən illə müqayisədə 2012-ci ildə bankın xalis mənfəəti 11% artaraq 2,2 mlrd dollar təşkil etmişdir. Bununla yanaşı, eyni dövr üzrə ümumi aktivlər 21% artaraq, 100,8 mlrd dollar təşkil etmişdir ki, bu da bank üçün rekord göstəricidir.
6. Korea Finance Corp.
Ölkə: Cənubi Koreya
Aktivlər: $ 157 mlrd
Korea Finance Corp. dövlət bankı inkişafda olan bazarların ən etibarlı 50 bankı siyahısına daxil olan 9 Cənubi Koreya bankından biridir.
2009-cu ildə əsası qoyulmuş bank iqtisadi artıma istiqamətlənmiş dövlət siyasəti həyata keçirir.
Oktyabr ayında dövlət kreditoru gəmi inşaatçılarına kreditlər təklif etməyə başladı. 2013-cü ildə bank kiçik və orta biznesə kreditlərin verilməsini 2012-ci ilin 53%-lik göstəricisi ilə müqayisədə 62%-ə qədər qaldırmağı planlaşdırır.
5. Industrial Bank of Korea
Ölkə: Cənubi Koreya
Aktivlər: $ 161 mlrd
Industrial Bank of Korea (IBK) aktivlərin həcminə (161 mlrd dollar) görə reytinqin top onluğuna daxil olan üçüncü ən böyük bankdır.
Dövlət bankı 1961-ci ildə təsis edilmişdi və hazırda aktivlərin həcminə görə Cənubi Koreyanın beşinci bankıdır və daxili aktivlərin təxminən 4%-ə sahibdir.
IBK bazarın beşdə bir hissəsindən çoxunu təşkil edən kiçik və orta biznesin kreditləşməsi üzrə bazarda güclü mövqeyə malikdir.
2012-ci ilin birinci yarısının sonlarına görə İBK kreditlərin təxminən 78%-i biznesmenlərə və 20%-i ev təsərrüfatlarına vermişdir.
4. National Bank of Kuwait
Ölkə: Küveyt
Aktivlər: $ 48,900 mln
National Bank of Kuwait neftlə zəngin ölkənin ən iri bankı, Yaxın Şərqin isə top onluğa daxil olmuş dörd bankından biridir.
1952-ci ildə əsası qoyulmuş bank hazırda dünyanın 16 ölkəsində fəaliyyət göstərir. O, 2011-ci ildə Global Finance, Euromoney və The Banker jurnalları tərəfindən Yaxın Şərqin ən yaxşı bankı seçilmişdi. IV rübdə bankın xalis mənfəəti investorların gözlədiyindən çox oldu və 271 mln dollar təşkil etmişdir.
Analitiklərin proqnozlarına görə xalis mənfəət 220 mln dollar təşkil etməli idi.
Buna baxmayaraq, bankın baş direktoru İbrahim Dabdub 2012-ci ilin durğun keçdiyini qeyd edərək, bu dövrün bank və ümumilikdə maliyyə sektoru üçün ağır olduğunu bildirmişdir. O, qeyd etmişdir ki, siyasi problemlər bankın göstəriciləri və ölkənin iqtisadi artımına mənfi təsir göstərir. Küveyt siyasi qeyri-stabillikdən əziyyət çəkirdi. Bank ümid edir ki, siyasi sabitlik infrastruktura istiqamətlənmiş investisiyaların bərpasına səbəb olacaq.
3. National Bank of Abu Dhabi
Ölkə: Birləşmiş Ərəb Əmirlikləri
Aktivlər: $ 69,600 mln
Artıq iki ildir ki, National Bank of Abu Dhabi Yaxın Şərqin kredit institutları arasında ən etibarlı hesab olunur.
National Bank of Abu Dhabi-ın 70%-i dövlətə məxsusdur ki, bu da onu aktivlərin həcminə görə BƏƏ-in ikinci ən böyük bankı edir. Dünyanın 14 ölkəsində nümayəndəliyi mövcuddur. 2010-cu ildə BƏƏ-in 1 mlrd dollar xalis mənfəət əldə edə bilən ilk bankı oldu.
Oktyabr ayında bank Misir, Oman və Malayziyada şəriət xidmətlərinin göstərilməsi yolu ilə İslam bankçılığına qoyduğu kapitalı üç dəfə artıracağını bəyan etmişdir. Bank indiki dövrün 3%-lik göstəricisi ilə müqayisədə 2020-ci ilə gəlirlərinin 10%-i Islam bankçılığının əməliyyat fəaliyyətindən əldə etməyi düşünür.
2. Agricultural Development Bank of China (ADBC)
Ölkə: Çin
Aktivlər: $ 310 mlrd
ADBC 1994-cü ildə təsis edilib və kənd təsərrüfatının maliyyələşməsi və inkişafına məsuliyyət daşıyır. Dövlət stressli maliyyə vəziyyəti şəraitində banka dəstək göstərəcək.
ADBC-in mənfəəti bir il əvvəlki 7,79 mlrd dollarlıq göstərici ilə müqayisədə 2012-ci ildə 16% artmışdır. Bununla yanaşı gecikdirilmiş kreditlərin səviyyəsi 1%-dən də aşağı düşmüşdür.
1. China Development Bank
Ölkə: Çin
Aktivlər: $ 992 mlrd
2011-ci ildən etibarən birinci yerdə qərarlaşmış China Development Bank 2012-ci il üzrə də inkişaf etməkdə olan bazarlarda ən təhlükəsiz bank hesab olunur.
Çin bank sisteminin əsasını təşkil edən üç bankdan biri olaraq yaradılan CDB 1994-cü ildə təsis edilmişdi. Bank dövlətin birbaşa nəzarəti altındadır və ölkənin ən iri bankı hesab olunur. CDB tərəfindən verilmiş kreditlərə Çin hakimiyyəti tərəfindən qarantiya verilir və bank iri maliyyə layihələrinin, o cümlədən yüksəksürətli Pekin-Şanxay dəmiryol xəttinin maliyyələşməsində iştirak etmişdir. 992 mlrd dollarlıq aktivlərin həcminə görə o, ən yaxın rəqibi – ADBC-dən (310 mlrd dollar) üç dəfə öndədir.
Bank təkcə ölkə daxilində deyil, həm də xaricində aktiv fəaliyyət göstərir. CDB dünyanın ən iri telekommunikasiya cihazları istehsalçısı ZTE ilə 20 mlrd dollarlıq müqavilə imzalamışdı. Daha bir diqqətəlayiq addım: yanvar ayında Sudana 1,5 mlrd dollarlıq kreditin verilməsi.