Yaponiyanın “INPEX CORPORATION” (INPEX) şirkəti İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyinə (METI) məxsus olan “INPEX South West Caspian Sea Petroleum Co., Ltd.” (ISWCS) şirkətinin 49 faiz səhmlərinin alınmasına dair razılaşmadan sonra səhmlərin alqı-satqısı haqqında saziş imzalayıb.
Bu barədə “INPEX”in məlumatında bildirilib.
Nəticədə, “ISWCS” tam şəkildə INPEX-in törəmə şirkətinə çevrilir.
“INPEX” şirkəti “ISWCS” vasitəsilə Xəzərin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) müqavilə sahəsində paya malikdir və burada neftin kəşfiyyatı və hasilatı ilə məşğul olur.
“”Azəri-Çıraq-Günəşli” layihəsi 20 ildən artıq müddətdə “INPEX”ə sabit mənfəət və pul axını gətirən keyfiyyətli aktivdir. “ISWCS”də əlavə səhmlərin alınması şirkətin gəlir bazasının daha da möhkəmlənməsinə imkan verəcək. “INPEX” müqavilə sahəsində hasilat səviyyəsinin qorunması və sübut edilmiş ehtiyatların artırılması da daxil olmaqla, layihənin dəyərinin maksimuma çatdırılması istiqamətində fəaliyyətini davam etdirəcək”, -deyə şirkətdən bildirilib.
Qeyd edək ki, “INPEX” neft və qazın kəşfiyyatı və hasilatı sahəsində dünyanın müxtəlif ölkələrində layihələr həyata keçirən Yaponiyanın ən böyük şirkətidir.
AÇG layihəsində iştirak payları aşağıdakı kimidir:
bp — 30,37%, SOCAR — 31,65%, MOL — 9,57%, INPEX — 9,31%, ExxonMobil — 6,79%, TPAO — 5,73%, ITOCHU — 3,65%, ONGC Videsh — 2,92%.
AÇG üzrə Məhsulun Pay Bölgüsü Sazişi çərçivəsində layihənin operatoru bütün iştirakçıların adından “BP Exploration (Caspian Sea) Limited” şirkətidir.
bp-nin son məlumatına əsasən, 2025-ci ildə AÇG üzrə orta illik hasilat günə təxminən 330 000 barel (ildə təxminən 120 milyon barel və ya 16 milyon ton) təşkil edib.






