6 C
Baku
Saturday, December 14, 2024

İnqilaba səbəb olan “Üçüncü Bahar” layihəsi

Müsahibimiz  “Üçüncü Bahar” layihəsinin təsisçilərindən biri olan Nərmin Qəniyevadır.

Layihə haqqında: “Üçüncü Bahar” təşəbbüs qrupu təqaüdə çıxmış insanlar üçün həyatın yeni səhifəsini daha rəngarəng, daha dinamik olması istiqamətində müxtəlif tədbirlər təşkil edir. Üzvlərin maraq dairələrinə uyğun olaraq layihə 3 istiqamət üzrə fəaliyyət göstərir: Maarifləndirici, Sağlamlıq və Yaradıcılıq. Tədbirlərdə iştirak təqaüdçülər üçün sərbəst və həmçinin ödənişsizdir.

IMG 7914

  • Nərmin xanım, necə oldu ki, belə bir layihəni yaratmaq qərarına  gəldiniz?

 Düzünü desəm, bu layihəyə başlamaq fikri  məhz öz ailələrimizdə və cəmiyyətdə müşahidə etdiyimiz proseslər nəticəsində yaranmağa başladı. Daha aydın şəkildə desək, valideynlərimiz gənclik illərində çox aktiv həyat tərzi keçirirlər, lakin təqaüdə çıxdıqdan sonra onların həyatlarında müəyyən bir boşluq yaranır. Azərbaycanda təqaüdə çıxmış  yaşlıların əksəriyyəti passiv həyat keçirdikləri üçün özlərini cəmiyyət üçün “yad” hesab edirlər. Təbii olaraq, bu hal onların həyatlarında depressiv halların yaranmasına səbəb olur. Bu da bizi çox düşündürürdü. Ahıl yaşına çatmış insanların üçüncü baharlarını necə yaşadacağımıza dair ideyalar düşünməyə başladıq. Fikirləşdik ki, bu məsələnin  həlli üçün yeni layihələrin yaradılmasına ehtiyac var və beləliklə, biz bu layihəni işıq üzünə çıxarmaq qərarına gəldik. Təbii ki, ilk mərhələdə müəyyən çətinliklərlə üzləşdik. Tədbirlərin çoxunu öz vəsaitimiz hesabına həyata keçirdiyimizdən imkanlarımız müəyyən mənada dar idi. Belə ki, bu layihə sırf sosial layihə olduğundan layihələri reallaşdırmağa bizə həm daimi yer, həm də əməliyyat xərclərinə dəstək ola biləcək partnyora ehtiyacımız var idi. Bu mövzuda layihəyə dəstək olan partnyorumuz, yer məsələsində isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bizə dəstək göstərməyə razılıq verdi və daimi yer olaraq Bakıxanov qəsəbəsində yerləşdik. Beləliklə, Üçüncü Baharın YAŞA mərkəzi yarandı. Mərkəz olduqca geniş bir sahəni əhatə edərək Dövlət Sosial Müdafiə Fondunun binasında yerləşir. Mərkəzimiz  4 otaqdan ibarətdir və sözü gedən məkanımızda idman, təlim ,yaradıcılıq , kompüter otağı və kitabxana fəaliyyət göstərir.

42090669 323485318419167 4748460604883206144 o

  • Layihəniz niyə məhz “Üçüncü Bahar”  adlanır?

Dünyada belə bir deyim var: “Third age”  (üçüncü yaş)  yəni, ahıl insanları üçüncü yaş nəsli adlandırırlar.  Bahar isə hər bir insanın həyatında yeni nəfəs, yeni başlanğıclar, yenilənmə dövrü kimi nəzərdə tutulduğundan layihənin adını “üçüncü bahar” qoymaq fikrinə gəldik.

cinar

  • “Üçüncü Bahar” layihəsi üzvlərinə hansı imkanları yaradır? Bunun haqqında ətraflı danışmağınızı xahiş edirəm.

Bizim layihəmizə 55 yaşına çatmış bütün şəxslər qoşula bilər. Hazırda üzvlərimizin sayı təxminən 2000 nəfərdir.  İlkin dövrdə biz sadəcə üzvlərimizi bir yerə toplayaraq , onlara müxtəlif mövzularda maarifləndirici tədbirlər keçirirdik. Lakin sonradan düşündük ki,  üzvlərimizə mövzu seçimində müəyyən müstəqillik verək, mövzuları özlərinin seçməsinə şərait yaradaq. Beləliklə,  tədbirlərimizi 3 mövzu istiqamətində həyata keçirdik: Maarifləndirici, Sağlamlıq və Yaradıcılıq. Üzvlər ödənişsiz olaraq bu istiqamətlər üzrə tədbirlərdə rahatlıqla iştirak edə bilirlər.

44286380 337064640394568 8606227941279399936 o

  • Artıq 3 ilə yaxın müddət fəaliyyət göstərməyinizə baxmayaraq, bizdə olan məlumata görə xeyli sayda layihə və görüşlər artıq reallaşdıra bilmisiniz. Bu layihələr haqqında qısaca məlumat verməniz yerinə düşərdi.

Qeyd edim ki, tərəfimizdən təşkil edilən davamlı, birdəfəlik tədbirlərdən savayı biz üzvlərimizi böyük sosial yönümlü layihələrə də cəlb edirik.    

İlk böyük  və silsilə layihələrimizdən biri “Maliyyə savadlılığı” ilə bağlı idi. Biz yaşlı insanların bankomatlardan, pensiya kartlarından istifadə etməkdə çətinlik çəkdiklərini müşahidə edirdik və bu sahədə onlara müəyyən davamlı bir təlimin keçirilməsinin çox faydalı olacağını düşündük. Bu səbəbdən, kommersiya banklarından birinə bu mövzuda silsilə təlim tədbirlərinin keçirilməsinə dəstək verməkləri üçün müraciət etdik, onlar da bu layihəni müsbət qarşılayaraq tam dəstək verdilər.  Həmin təlim proqramında iştirak edən pensiyaçılar bu sahədə kifayət qədər təcrübəsi olan bank işçilərinə banklar və maliyyə dünyası ilə bağlı suallarını verməklə maariflənirdilər.

Üzvlərimizə mərkəzimizdə mütəmadi olaraq kompüter dərsləri də keçirilir, onlara Excel və Word proqramlarında işləmək bacarıqları aşılanır. Kompüter dərslərimizdə həmçinin yaşlı nəsilə internet resurslarından faydalanmağın, səmərəli şəkildə istifadə etməyin yolları da öyrədilir.

Sağlamlıq istiqamətində keçirdiyimiz təlimlər iştirakçılar tərəfindən olduqca maraqla qarşılanır. Sağlamlıq tədbirlərində bizim məqsədimiz müayinə və ya müalicə etmək deyil. Burada əsas məqsədimiz üzvləri lazımi informasiya ilə məlumatlandırmaq,  misal üçün göz zəifləməsi, dişlərə qulluq və s. yaşlılıqla bağlı olan xəstəliklər haqqında ətraflı məlumat verməkdir.  Bu təlimlərin bir istiqaməti də psixologiya ilə bağlıdır ki, bu da ahıl yaşında olan insanlara olduqca müsbət təsir göstərir. Həmçinin,  iştirakçılarımız üçün rəqs terapiyalarıda keçirilir və bu rəqs terapiyası yaşlı insanları inanılmaz müsbət enerji ilə təmin edir, bir çox problemlərdə mübarizə aparmağa onlara köməklik edir.

Mərkəzimizdə, həmçinin toxuculuq və rəsm dərsləri də keçirilir. Bu kurslar üzvlərimizə psixoloji problemlərdən qurtulmaq üçün müsbət enerji verməklə yanaşı, həm də səmərəli vaxt keçirməklərinə kömək olur. Əlləri əsən, gözləri zəif görən üzvlərimiz bir müddət bu kursları ziyarət etdikdən sonra, onlarda müsbət irəliləyişlər müşahidə olunmuşdur.

45167889 343858909715141 8041003343113355264 oİştirakçılarımızın əl işlərinə olan marağını gördükdən sonra, biz onların əl işlərinin yarmarkalarda satışını həyata keçirtmək qərarına gəldik. Bütün məhsulların satışından əldə olunan gəlirlər isə təqaüdçülərin özlərinə təqdim edilir.

Bizim kursları ziyarət edən təqaüdçülərdən bəziləri isə sırf bu yarmarkalardan əldə etdiyi biliklərlə sahibkarlığa başlamışdırlar. Biz bu şəxslərin xüsusi qabiliyyətləri olduğunu görüb, onlara öz məhsullarını satışa çıxarmaq istiqamətində müəyyən məsləhətlər verdik və təlimlər keçdik. Nəticədə, onların məhsulları artıq müxtəlif satış nöqtələrində satışa çıxarılıb və biz bu şəxslərin öz işlərindən zövq aldıqlarını görməkdən qürur duyuruq.

Maraqlı layihələrimiz içərisində, əlbəttə ki, “Könüllülər” layihəsi xüsusi yer tutur. Bizim fikrimizcə, yaşlı insanlar müxtəlif təşkilatlarda könüllü qismində bir müddət çalışmaları həm onlara, həm də onların çalışdıqları təşkilatlara olduqca faydalı olar. Bu səbəbdən biz bir neçə təşkilata müraciət etdik və onlardan müsbət rəy aldıq. Beləliklə, mərkəzimizin üzvlərindən bəziləri “Kapital Bank”da pensiya müştərilərinə xidmət üzrə, “DOST xidməti”ndə , “ASAN” mərkəzlərində və “Hilton” hotelində 3 aylıq könüllülük proqramında iştirak etdilər. Biz  təşkilatların yaşlı insanlara “heç bir işə uyğun olmaz” kimi düşüncələrdən əvvəl fərqli baxış bucağından baxmağı, onların illərlə topladıqları təcrübədən faydalanmaqları üçün çalışırdıq. Bu proqramlar əsasında anladıq ki, biz buna müəyyən mənada nail ola bilmişik.

Bütün dünyada başlıca hərəkata çevrilmiş eko məhsullar hər zaman bizim də diqqət mərkəzimizdə olub. Fikirləşdik  ki, biz də bu istiqamətdə öz töfhəmizi verə bilərik. İlk olaraq, eko çantalarının hazırlanmasından başlamağa qərar verdik. Bunun üçün toxuculuq kurslarımızdan bu işə marağı olan 8 nəfəri  cəlb etdik və onlara bu işi mənimsənilməsini,  eko çantaların toxunması qaydalarını və toxunuş metodikalarını tədris etdik. Məhsullarımız hazır olduqdan sonra onların satışı üçün “Kənddən şəhərə” müraciət etdik və məhsulların satışını bu şəbəkədən təşkil etdik. Məhsulların satışından əldə olunan gəlirin bir hissəsi təqaüdçülərə verilir , digər hissəsi isə “Ətraf mühitin təmizlənməsi” üçün bir sıra tədbirlərinin təşkilinə sərf olunur.

Əsas məqsədimiz bu hərəkatı öz üzvlərimiz arasında yaymaq və bu istiqamətdə işlərimizi daha da genişləndirməkdir.

 

  • Nərmin xanım, düşünürəm çox məşğul olmağınıza baxmayaraq, təmsil etdiyiniz mərkəzlə birlikdə olduqca maraqlı və əhəmiyyətli layihələrə imza ata bilmisiniz. Nəzərə alsaq ki, siz bu layihədən heç bir maddi maraq görmürsünüz, bu yolda sizi irəliləməyə motivasiya edən nədir?

 Bu layihədə bizi əsas motivasiya edən bizə artıq doğma olan üzvlərimizin (ahılların) cəmiyyətə inteqrasiyasını, onların həyatdan yenidən zövq ala bildiklərini görmək və bizim də bu prosesin bir parçası olmağımızdır. Hətta bizim elə üzvlərimiz olub ki, vaxtı ilə onlar heç çölə belə çıxmaq istəməyiblər, amma biz onları layihəmizə üzv olmağa cəlb etməklə ailə üzvlərinin təşəkkürlərini alırıq. Bu da bizim üçün böyük motivasiyadır. Düzgün istiqamətdə irəlilədiyimizi başa düşürük.

1K4A0341

  • Gələcək planlarınız necədir ?

 Planlarımız çoxdur. Ümumiyyətlə, biz hər tədbirdə üzvlərimizin nəzərinə bir şeyi çatdırırıq ki,  bizim üçün vacib olan onlardır və onların hər zaman maraqlarını üstün tuturuq. Gələcəkdə mərkəzlərimizin bütün Azərbaycan regionlarında fəaliyyət göstərməsi üçün də işlər görürük.

Həmçinin öz sahələri üzrə təcrübəsi və peşəkar bilikləri olan şəxslərində bizim tədbirlərdə iştirakını görmək bizlər üçün xoş olardı. Bu həmçinin mərkəzimizin üvzləri üçün  faydalı biliklərə yiyələnməkdə köməklik göstərərdi.

 Hədəflərimizdən biri pensiyaçıları maraqlandıran bütün məsələləri bir arada toplayaraq, vahid platformanın yaradılması idi. Bu platforma vasitəsi ilə pensiyaçılar həm bizim tədbirlər, həmçinin onları maraqlandıran məsələlərlə tanış ola biləcəklər. Beləliklə, məlumat əlçatanlığının asanlaşdırılması üçün diqqətinizə yeni saytımızı təqdim edirik. http://teqaudchu.az 

 

 

Son xəbərlər
Digər xəbərlər