Yaşayış binalarının tikintisi və satışı ilə məşğul olan, “Kristal Abşeron” MTK ilə birgə çalışan “Kristal Bakı” ASC 2024-cü ili 3.27 mln. manat məbləğində xalis zərər ilə başa vurub. Bu 2023-cü ildəki 15.45 mln. manatlıq zərərlə müqayisədə az olsa da, şirkətin kapitalında kəsr yaradıb.
Banker.az xəbər verir ki, şirkətin yığılmış zərəri 2023-cü ildəki 30.13 mln. manatdan 2024-cü ildə 33.41 mln. manata yüksəlib. Səhmdarların ümumi kapital qoyuluşu 1 mln. manat təşkil edir. Nəticədə kapital mənfi zonada qalmaqda davam edir və ümumi kəsr 32.41 mln. manat təşkil edir.
Zərərin formalaşmasında əməliyyat və maliyyə xərclərinin artımı əsas rol oynayıb. Gəlirlər 58.38 mln. manata yüksəlsə də, maya dəyəri və inzibati xərclərin yüksək səviyyəsi mənfəətliliyi təzyiq altında saxlayıb. Beləliklə, şirkət 2023-cü ildəki kimi 2024-cü ildə də əməliyyat fəaliyətindən 7.2 mln. manat zərər edib. Maliyyə xərcləri 20.06 mln. manat təşkil edib və illik müqayisədə artım göstərib. Bu amillər ümumi nəticəyə mənfi təsir göstərərək vergidən əvvəlki zərəri 4.09 mln. manat səviyyəsində formalaşdırıb.
Şirkətin aktivləri 2023-cü ilə nisbətən artaraq 445.2 mln. manatdan 668.72 mln. manata yüksəlib. Artım əsasən tikilməkdə olan mal-material ehtiyatlarının 441.71 mln. manata çatması və uzunmüddətli aktivlər üzrə avans ödənişlərinin artması ilə bağlıdır. Öhdəliklər isə 475.32 mln. manatdan 701.13 mln. manata yüksələrək aktivlərin artım tempini üstələyib.
Xatırladaq ki, “Kristal Bakı” ASC 19 mart 2020-ci il tarixində qeydiyyata alınıb və yaradılıb. ASC səhmlərinin 50%-i Vəliyev Pərviz Ağalar oğluna, 25%-i Nəbiyev Fərid Elbrus oğluna, 25%-i isə Nəbiyev Araz Mahayət oğluna məxsusdur. Yekun nəzarəti Vəliyev Pərviz həyata keçirir.






