11 C
Baku
Tuesday, November 26, 2024

“İnsan daha yaxşısını görmədiyi vaxt özünü mükəmməl sayır” – Uğur hekayəsi

Sərvər Cəfərov: “Həmişə mənə həvalə edilən işə şirkətin nümayəndəsi yox, rəhbəri kimi yanaşmışam”

Çalışan, cəhd edən, alınmayanda isə həvəsdən düşməyən biridir. Deyir ki, bir işi görməyə çalışırsansa, bir, iki, üç  dəfə alınmaya bilər, amma səhvlərdən nəticə çıxarıb düzgün yolu tapanda, mütləq alınacaq. “İnsanın cəhd etməsi daha yaxşıdır ki, səhv etdikcə öyrənir” – deyən müsahibimiz “AZSIĞORTA” şirkətinin onlayn satış üzrə şöbə müdiri Sərvər Cəfərovdur.
– Tələbə vaxtı hazırladığınız bir sosial videonu gördüm. Deyəsən, tələbəlikdən aktiv olmusunuz. Yəqin ki, işləməyə də elə o vaxtdan başlayarsınız…
– Bəzən bir çox uğursuzluğumuzun səbəbini olduğumuz mühitin çatışmazlığında axtarırıq, ancaq ruhunuzda inkişaf həvəsi, irəli getmək arzusu varsa, alternativləri özünüz yaradır və var gücünüzlə çalışırsınız. Mən Naxçıvanda doğulmuş, orta və ali təhsilimi də orda almışam. Dərslərdən əlavə hər hansı bir fəaliyyətlə məşğul olmaq üçün çox az seçim var idi. Qarşıma SIFE (indiki adı ENACTUS) çıxdı. SIFE Amerikanın təhsil proqramı idi. Universitetlərdə formalaşan tələbə komandalar SIFE-ın kriteriyalarına uyğun olaraq layihələr icra edir və bunu ölkə çempionatında təqdim edirdilər. Qalib komanda Azərbaycanı dünya çempionatında təmsil edirdi. IT menecer kimi qoşulduğum bu proqramda birinci il komandamız Azərbaycan 3-cüsü oldu. Daha sonra isə iki il üst-üstə komandamız Azərbaycan çempionu oldu və ölkəmizi ABŞ-da və Malaziyada Dünya çempionatında təmsil etdik. Bu zaman artıq komandanın kapitanı idim. ABŞ-da nəticəmiz yaxşı olmasa da, Malayziyada qrup 3-cüsü olmuşduq və hələ ki bu, Azərbaycanın bu yarışda ən yaxşı nəticəsi sayılır.
Əslində “alternativlər” yaratmağa çalışdığım vaxt da, əmək fəaliyyətinə başlamağım da tələbəliyin ilk illərinə düşdü. İlk olaraq xəbər kanallarından birində texniki işçi kimi başladım, montaj işləri görürdüm. İkinci kursda oxuyanda Naxçıvanda “Belissa” mebel fabrikində işlədim. İlk işim sadəcə məhsulların kataloqunu, posterlərini hazırlamaq idi. Amma bir də gördüm ki, mühasibatlıqdayam. Həmin fabrikdə çalışmadığım vəzifə qalmamışdı. Mühasib, marketinq, satınalma… Düzdür, ixtisasıma aid olan istiqamətlər deyildi, amma o iş yeri mənim üçün böyük təcrübə idi.
1525970404 server1
 
– İxtisasınız nədir?
– İxtisasım Gömrük işinin təşkili və idarə edilməsidir. Qəbul imtahanı dövründə bu ixtisas çox prestijli sayılırdı. Lakin istənilən halda, bu ixtisasa heç vaxt marağım olmayıb. Sadəcə, qəbul imtahanı zamanı topladığım bal və ixtisas seçimi zamanı etdiyim səhv bu fakültədə təhsil almağıma səbəb oldu. Ümumiyyətlə isə heç vaxt arzuladığım təhsili almamışam.
– Tələbə vaxtı işləməyə başlamağınız maliyyəyə görə idi, yoxsa özünüzü başqa sahədə görürdünüz?
– İşləmək imkanı yaranırdı, mən də dəyərləndirirdim. Pul qazanmaq motivasiyası da var. Üstəlik də gömrük çalışmaq istəmədiyim bir sahə olduğu üçün özümü başqa istiqamətlərdə də sınamaq marağım böyük idi. İş mühitində olduqca gördüm ki, marketinq mənim üçün daha çox arzuolunan bir sahədir.
 
– Marketinq istiqamətində təhsil almamağın boşluğunu hiss edirsiniz?
– Tələbə vaxtı təhsilə yox, işə daha çox vaxt sərf etmişəm. Düzünü desəm, təhsilə az zaman ayırmağın boşluğunu çox hiss etmişəm. 3-cü kursdan sonra işləməyə başlasaydım, bəlkə də o boşluq olmazdı. Amma digər tərəfdən də fikirləşirəm ki, tələbə vaxtı o imkanı dəyərləndirməsəydim, indi hələ də “imkan” axtarırdım. Onu da deyim ki, mənim 34 yaşıma qədər çatmalı olduğum müəyyən məqsədlərim var. Onlardan biri də xaricdə nüfuzlu universitetlərdən birində MBA təhsili almaqdır.
 
– İmkan axtarmaq məsələsinə toxundunuz. Bu gün imkanlar özü sizi tapır?
– Əslində, yaranmış imkanı düzgün dəyərləndirməyə çalışıram. Məsələn, media və rəqəmsal marketinq mütəxəssisi istiqamətinə getdiyim zaman o sahə Azərbaycanda yeni formalaşırdı. İndi də bəzi yerlərdə iş müsahibəsinə gedəndə CV-də media və rəqəmsal marketinq sahəsində çalışdığımı görənlər deyirlər ki, vəzifənizin adı dəqiq belə gedirdi? Çünki o vaxt o sahə məşhur deyildi. Bu imkan qarşıma çıxanda artıq 3-4 başqa variant da var idi və mən birini dəyərləndirməli idim. Dəyərləndirdiyim media və rəqəmsal marketinq oldu. Artıq o sahə işimdə uğurlu olmağımda verdiyim ən düzgün qərarlardan biridir. O qərarı verdiyim zaman düşünürdüm ki, bəlkə də digər işləri seçsəydim, daha yaxşı olardı, amma sonra proses göstərdi ki, ən düzgün qərarı vermişəm.
1525970379 server3
– “MƏN” şirkətində də fəaliyyətiniz olub. Orda sizin haqqınızda yazılan bir cümlə diqqətimi çəkdi: “Biznesmen deyil, lakin biznesin inkişafına dair iddialı çıxışları onun bu istiqamətdə fəaliyyətinin qənaətbəxş olduğunu göstərir”. Öz işinizi qurmaq cəhdləriniz olubmu?
– Bakıya gələndən sonra işlədiyim ikinci yer “MƏN” şirkəti olub. Biz fərqli şirkətlərin işlərini görürdük. Təkcə orada yox, həmişə mənə həvalə edilən işə şirkətin nümayəndəsi yox, rəhbəri kimi yanaşmışam. Rəhbər bu işin necə olmasını istəyir? Bu sualı özümə verib, işi görmüşəm. İndi fəaliyyət göstərdiyim şirkətdə başqa bir agentliklə çalışırıqsa, onlar üçün nə isə bir iş hazırlayıb göndərirəmsə, çox nadir hallarda düzəliş üçün mənə geri qaytarırlar. Mümkün qədər üstündə çox işləyirəm, artıq hər şey aydın olur.
Öz biznesimə gəlincə isə, çox cəhdlər etmişəm. Hazırda bir dostumla şərikli PUB işlədirik. İşdən sonra günümün bir hissəsi orada keçir. Əlbəttə ki, bu, xəyalımdakı biznes deyil, gələcəkdə onu da reallaşdırmaq üçün çalışıram.
– Dediniz ki, çox cəhd etmişəm. Yəqin ki alınmayıb. Amma deyəsən, bu uğursuz təcrübələr sizi həvəsdən salmayıb.
– Belə bir fikir var, deyir sizin ən yaxşı təcrübəniz sonuncu səhvinizdir. Ona görə hər uğursuz biznesi səhv adlandırsaq, deməli, o, bizim üçün yaxşı təcrübədir. Bir dəfə səhv edirsən, ikinci dəfə deyirsən ki, başqa cür etsəm, alınacaq. Amma o da uğursuz olur. Üçüncüdə də bəlkə səhv olur, amma əvvəl-axır birində alınmalıdır (Gülür). İnsanın özünün cəhd etməsi daha yaxşıdır ki, səhv etdikcə öyrənir. İndiyə kimi uğursuz cəhdlərimin, səhvlərimin nəticəsində öyrəndiklərim biznes mühitində öz əksini tapmasa da, çalışdığım işdə mütləq özünü göstərib, ən azından hansısa bir qərarı qəbul etməmə təsir edib.
 
– Bəzən hansısa bir şirkətdə fəaliyyəti olan adamlar öz biznesini qurmaqdan ehtiyat edirlər ki, ikisini bir arada aparmaq çətin olar. 
– Bunun əziyyətini mən də çox çəkmişəm. Bəzən çalışdığım şirkətin işləri ilə yanaşı, əlavə 4 iş götürmüşəm. Onda düzdür, subay idim, vaxt daha çox olurdu. Amma yenə də hiss edirdim ki, gördüyüm işdə zəifləmələr olur. İstər-istəməz təsir göstərir. Ona görə ikisindən birini mükəmməl görməlisiniz. Bu, insanın hansını prioritet götürməsindən asılıdır. Siz ya işinizi əsas götürürsünüz, biznesə ikinci planda baxırsınız, yaxud əksinə. Buna görə də hazırda çalışdığım işə daha çox diqqət verirəm. PUB bir əyləncə yeridir. Sadəcə, dostumla danışıb bunu etmişik. Hazırda öz biznesimə əyləncə kimi baxıram, işdən sonra işin stressini atmaq üçün bir yer də demək olar. İşdən uzaqlaşmaq deyək. Amma orada da işin sahibi olmaqdan çıxıb, işlədiyim də olur. Bəzən qonaq çox olur, onda barmen, ofisiant kimi də işləyirəm. Gələn müştərilər də məni adi işçi bilir. Bəzən hansısa bir şirkət nümayəndəsi ilə işlə bağlı görüşəndə görürəm ki, barmen kimi xidmət etdiyim adamdır. Onlar da təəccüblə baxırlar (Gülür).
1525970416 server4
– Bəs bu, işdən sonra vaxtınızı çox almır?
– Əslində, işə başlayanda düşünürdüm ki, PUB işlətmək vaxtımı elə çox almayacaq. Gündə bir-iki saat ayırmaq bəs edəcək. Amma işə başlayandan sonra işin məsuliyyətini çiyinlərə götürəndə görürsən ki, bir-iki saatla heç də alınmır. Çalışdığım şirkət, PUB və ailə. Bunların hamısına zaman ayırmaq lazımdır. Bu üçü arasında balansı qorumaq çox çətindir, amma mümkün qədər tənzimləməyə çalışıram.
 
– İndiyə qədər əldə etdiklərinizə əsasən heç özünüzü qiymətləndirirsiniz?
– Hər hansı bir işi görəndə, bitirəndə öz fəaliyyətimi mütləq analiz edirəm. Düz və səhvlərimi araşdırıram, nəticənin nə olduğuna baxıram. Ümumi yanaşsaq, universitetə qəbul olduğum vaxtla indiyə kimi olan prosesləri götürəndə düşünürəm ki, mən uğurlu bir insanam. Həmişə çətin şəraitlərdə nə isə etməyə çalışmışam. Universitet vaxtı məndə belə bir neqativ fikir var idi ki, niyə Bakıda yox, Naxçıvanda təhsil alıram. Amma o müddətdə yaxşı bir aktivlik formalaşdıra bildim. Universitet vaxtı səfər etdiyim ilk ölkə ABŞ olmuşdu. Daha sonra Malayziya, İspaniya getdim. Əsgərlikdən sonra Bakıya gəlmək istədim, burada təklif olunan işin maaşı isə az idi. Komfort zonamı tərk etdiyimdən xərclərim bir neçə dəfə artıq olacaqdı. Amma mən özümü o çətinliyin, rəqabət mühitinin içinə atdım. Və burada başqa bir şeyi kəşf elədim. İnsan daha yaxşısını görmədiyi vaxt özünü mükəmməl sayır. Məsələn, Naxçıvanda düşünürdüm ki, çox mükəmmələm, amma Bakıya gəlib burda iş mühitinə düşəndə çox dayazda olduğumu gördüm. Və o boşluğu doldurmaq üçün çalışdım.
1526035256 12335
 
– Ənənəvi sualımız: uğurunuzun sirri nədir?
– Mənə görə, bütün insanların uğurunun sirri çalışmaqdır. Bəzi insanlar işsizlik, işlərinin alınmaması, şərait və s. məsələlərdən şikayətlənirlər. Amma məncə, əgər insan hansısa bir nəticə əldə etmək istəyirsə və bunun üçün çalışırsa, imkan, pul, şərait də gəlir. Nobel mükafatçısı kimyaçı alim Dr. Aziz Sancar deyib ki, insanları bir-birindən fərqləndirən onların çalışma tezliyidir. Yəni, daha çox və sürətli çalışanlar seçilirlər.
 
– Bəs xanımınızın uğurunuzda payı nə dərəcədədir?
– İki ildir ailəliyəm. Sual verilsə ki, ən böyük uğurum nədir, heç düşünmədən deyərəm ki, düzgün həyat yoldaşını seçmək. Çünki eyni düşüncə, eyni fikirdə biriyik. Əlavə işlər götürəndə onları həyat yoldaşımla bir yerdə görürük. İndi də hər hansı ideyam olanda, birinci məsləhətləşdiyim şəxs həyat yoldaşım olur. Onun rəyləri mənim üçün çox önəmlidir. O, PR mütəxəssisidir, bilik və bacarıqlarımızı cəmləşdirib işləyə bilirik.
Son xəbərlər
Digər xəbərlər