14 C
Baku
Sunday, November 24, 2024

İnsan kapitalının inkişafı keyfiyyətli təhsilə əsaslanır

Azərbaycanın uğurlu iqtisadi islahatlar siyasəti bu gün imkan verir ki, əldə olunan gəlirləri biz humanitar sahələrə, təhsilə, səhiyyəyə, yeni texnologiyaların tətbiq olunmasına yönəldək.

Uşaqlarımız bilikli olmalı, dünyada gedən prosesləri izləməli, yeni texnologiyalara sahib çıxmalıdır. …İnsan kapitalı inkişaf etmiş ölkələrin indiki durumunu müəyyən edən amildir.

Həmin ölkələr təbii resurslar hesabına yox, intellektual potensiala, yeni texnologiyaların icad olmasına, tətbiqinə görə inkişaf edirlər. Biz də bu yolu seçməliyik “.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Minimal səviyyədə ehtiyacların təmin edilməsi zərurətindən alimin repetitorluq etməsi bu gün adi haldır. Bu çox təəssüflənməli, acınacaqlı bir haldır (obrazlı müqayisə yerinə düşər: sanki şəhərin mərkəzindəki müasir, bahalı, yaxşı təmir olunmuş villanın otaqlarında parnik becərilir). Bu potensial ölkə üçün daha çox fayda verməyə qadir olduğu halda, belə səmərəsiz vaxt, enerji və nəticə etibarı ilə kapital itirilir.

  Hər cür maddi şəraiti olan Avropa universitetlərinin professorları müasir inkişaf tempi ilə ayaqlaşa bilmirlərsə, repetitorluq məcburiyyətində qalan (gündə 8-10 saat pedaqoji işlə məşğul olan, öz üzərində işləməyə vaxtı və enerjisi qalmayan) bizim alimlər belə intensiv inkişafla necə ayaqlaşa bilər? “Boloniya prosesi” tələblərinə görə, sabah biz Avropa universitetlərinin professorları ilə eyni standartlarla işləməli, icbari şəkildə tələbə-müəllim mübadiləsi etməliyik. Universitetlərimizin beynəlxalq akkreditasiyadan keçməsi üçün müəllimlərimiz beynəlxalq attestasiyadan keçməli olacaqlar. Hansı müasir biliklə, ən yaxşı halda keçən əsrin 80-ci illərinin səviyyəsi iləmi? Bu gün alimin, ali məktəb müəlliminin aldığı cüzi məvacib real olaraq onun heç kompüter və internet xərcini belə ödəmir.

Nəzərə alsaq ki, keçid dövrünün çətinlikləri ilə əlaqədar uzun müddət kitabxanalar yeni ədəbiyyatlarla təmin edilməyib, alimlərimiz elmi konfranslardan təcrid olunublar, onda internet informasiya blokadasından çıxışın yeganə yoludur. İnsan potensialı, təbii ki, belə şəraitdə yetişib inkişaf edə bilməz. Mövcud elmi potensialı qoruya bilməsək, gələcək nəsillər üçün yeni intellektual (insan) potensialını bəs kim yetişdirəcək? Digər tərəfdən yeni nəsildə elmə marağın az olmasını nəzərə alsaq və ömrünü elmə həsr edən nisbətən yaşlı alimlərin davamlı maddi çətinliklərlə yaşadığını görən tələbələr, magistrlər, təbii ki, elm dalınca getmək barəsində düşünməyəcəklər. Gələcəyin insan potensialının yaradıcısı olan bu günün alimi, universitet müəllimi indiki maddi və mənəvi durumla nə özü, nə də yaşadığı cəmiyyət İnformasiya cəmiyyətinə keçə bilməz. Gələcək milli inkişaf naminə bu problemlər təcili həll edilməlidir. Bu gün alimin, universitet müəlliminin bəzi peşə sahibləri kimi sosial müdafiəsinin ciddi şəkildə gücləndirilməsinə kəskin ehtiyacı var, professor-müəllim heyətinin sosial müdafiəsini gücləndirmək istiqamətində addımlar atmağın zamanı yetişib. Axı bütün digər sahələr üzrə insan resurslarının inkişafını, xalqın gələcəyini, onun beynəlxalq səviyyədə rəqabətədavamlığını məhz bu zümrə-insan potensialının mühəndisləri olan professor – müəllim heyəti formalaşdırır. Bir az da vaxt itkisinə yol versək, yaxın gələcəkdə alimlər ordusunu tədricən itirə bilərik, sonra isə bu boşluğu doldurmaq üçün xaricdən mütəxəssis gətirməli olacağıq (milli futbol komandasında olduğu kimi). Bu halda elmin ayrı-ayrı sahələri üzrə yeni nəsil bəlkə də yaxın onilliklərdə daha yaranmayacaq. Bu gələcək milli inkişaf baxımından çox böyük təhlükə deməkdir.

Bu problemlərin yaxın gələcəkdə həlli isə elmi kadrların yaradıcı potensialının inkişafına, onların beynəlxalq əlaqələrinin qurulmasına, bu sahəyə yeni qabiliyyətli gənclərin cəlb edilməsinə kömək edə bilər. Nəticədə, respublikanın insan potensialı həqiqi mənada yüksələr, elmtutumlu sahələr üçün müasir tələblərə cavab verən milli kadrların səviyyəsi daha da artar.

Bu tip problemlərin həllində Çin XR, Qazaxıstan v.s. ölkələrin təcrübəsi bizə nümumə ola bilər. Çin XR-da səmərəli fəaliyyət göstərən alimlərə dövlət normal maaş verməklə yanaşı, onların bir çoxuna hər il xüsusi qaydada qrant da verir (25.000 ABŞ dolları və daha çox), qonşu Qazaxıstanda da dövlət ildə 200 alimə (obyektiv təhlil əsasında) 15000 ABŞ dolları həcmində qrant verir. Bu problemlərin mətbuatda müzakirəsi zamanı bəzi məmurlar bəhanə gətirirlər ki, dünyanın çox ölkələrində müəllimlərin məvacibi azdır. Ola bilsin ki, bu belədir, orada müəllimin, alimin maaşı menecerin, hüquqşünasın maaşından az olsa da, bu maaş həmin ölkədəki minimum istehlak səbətindən dəfələrlə yüksəkdir. Digər qrup məmurlar bəhanə gətirirlər ki, professor-müəllim heyətinin, alimlərin sayı çoxdur, bu qədər insanın məvacibi ciddi səviyyədə qalxarsa, inflyasiya ola bilər. Təbii ki, bunlar səbəb ola bilməz. Dövlətin iqtisadi siyasəti düz qurulubsa, belə problemlər olmamalıdır, əksinə alimlərin məvacibinin artması gələcəkdə büdcənin elmtutumlu, texnoloji inkişaf hesabına artmasına, büdcənin neftdən asılılığının azalmasına imkan verə bilər. Bu dünyanın hər yerində belədir. Müəllim vəzifəsi bir çox ölkələrdə dövlət qulluğu hesab edilir, müəllimlər xeyli imtiyaz və güzəştlərə malikdirlər (vaxtilə bizdə olduğu kimi).

Dahi Çin filosofu Konfutsi söyləmişdir: “Elm və təhsildən faydalanmağı bacaran xalq həmişə firavan yaşayar”. Xalq olaraq firavan yaşamaq üçün bilməliyik ki, müstəqil respublikanın davamlı inkişafı insan potensialının inkişafından, insan potensialının inkişafı keyfiyyətli təhsil sistemindən, təhsil sisteminin inkişafı isə professor-müəllim heyətinin normal fəaliyyətinin təmin edilməsindən asılıdır.

İnkişaf etmiş ölkələr insan potensialının mühəndisləri – professor-müəllim heyətinin bazar iqtisadiyyatı şəraitində normal fəaliyyətinə şərait yaradaraq, artıq çoxdan keyfiyyətli milli təhsil sistemi qurmuş, qiymətli insan potensialı formalaşdırmışlar. Gəlin biz də bu yolu seçək.

Son xəbərlər
Digər xəbərlər