12 C
Baku
Monday, November 25, 2024

“İnsan resursları sahəsində gənclərin bilikləri və peşəkarlıq vərdişləri artırılmalıdır”

“İnkişaf etmiş ölkələrdə şirkətlər müasir HR xidmətinin vacibliyini anlayır və buna görə də HR mütəxəssislərini strateji tərəfdaş qismində görürlər”

Müsahibimiz HR (insan resursları) sahəsində peşəkar mütəxəssis, kouç, təlimçi Çimnaz Qasımovadır. Çimnaz xanım HR sahəsində bir sıra nüfuzlu xarici və yerli qurumlarda çalışıb və bu sahədə böyük beynəlxalq təcrübəyə malikdir. Məhz HR və gənclərin liderlik, menecmentlik qabiliyyətlərinin inkişaf etdirilməsi sahəsində az öncə mükafata layiq görülüb. Çimnaz xanımla söhbətə məhz bu mükafatla bağlı sualla başladıq.
-Çimnaz xanım, bir neçə gün öncə “E Media Group” tərəfindən “The Best of Azerbaijan” mükafatına layiq görülmüsünüz. Mükafat kimlərə və hansı xidmətlərinə görə verilir?
-Qeyd etdiyiniz kimi, “E Media Group” tərəfindən “The Best of Azerbaijan” mükafatına layiq görüldüm və “E Media Group” tərəfindən bu mükafata layiq görülənlərə mükafatların təqdimetmə mərasimi keçirildi. “The Best of Azerbaijan” mükafatını alanlardan biri də mən oldum. Mükafat mənə indiyədək gənclərin maarifləndirilməsi, menecmentlik, liderlik sahələrində bilik və vərdişlərinin artırılması, həmçinin HR sahəsində əldə etdiyim nailiyyətlər, qazandığım təcrübənin gənclərlə bölüşülməsinə görə verilib.


-Öz şəxsi iş təcrübənizlə bağlı fikirlərinizi bölüşmək də maraqlı olardı…


-Bakı şəhərində anadan olmuşam, uzun müddət – 17 il HR sahəsində çalışmışam. Bu zəngin təcrübənin 14 ilini “Şlumberje” beynəlxalq neft şirkətində HR mütəxəssisliyinə həsr etmişəm. 14 ilin dörd ilini Qazaxıstanın Atırau şəhərində və Sinqapurda işləmişəm. 2015-ci ildə Bakıya qayıdaraq 2015-2017-ci illərdə “Paşa Bank”da HR direktoru, Baş İR inzibatçısı vəzifələrində çalışmışam. Hazırda HR üzrə bəzi beynəlxalq sertifikatlar üzərində işləyirəm və onların əldə edilməsinə çalışıram. Düşünürəm ki, 20 il çalışdıqdan sonra şəxsi inkişafıma da yer verməliyəm. Əsas fəaliyyətim “kouçinq” və təlimçilik üzərində qurulub. Bu mükafatı da HR və “kouçinq” məsələləri ilə bağlı gənclərin maarifləndirilməsi, onların bu sahələrdə bilik və bacarıqlarının artırılmasında fəal iştirakıma görə almışam. Bu sahəyə hazırda böyük maraq göstərdiyimə görə bu sahədə intensiv fəaliyyətə üstünlük verirəm. Düşünürəm ki, bu baxımdan cəmiyyətə daha çox fayda verə və müvafiq sahələr üzrə peşəkarlıq vərdişlərinin artırılması işinə qatıla bilərəm.


-Bu sahədə Azərbaycanda maariflənmə və təkmilləşmə məsələləri nə dərəcədə aktualdır?
-Bu sahədə ən çox gənclərin peşəkarlıq vərdişlərinin və biliklərinin artırılmasına ehtiyac var. Çünki onlar bizim cəmiyyəti idarə edəcək, irəli aparacaq gələcəyin mütəxəssisləridirlər. Cəmiyyətin inkişafını peşəkar və hazırlıqlı gənc mütəxəssislər olmadan təsəvvür etmək mümkün deyil. Çünki onların inkişafına, bu baxımdan, dəstək vermək lazımdır. Digər tərəfdən, onu da deməliyəm ki, Azərbaycanda bəzi şirkətlər HR xidmətinin funksiyasını tam mənada tətbiq edə bilmir. Bu cür şirkətlərdə HR xidməti keçmiş, inzibati qaydada idarə olunur. Bununla belə, HR mütəxəssislərimiz öz inkişaflarına ciddi yanaşmaqla təlim, seminarlarda iştirak edərək beynəlxalq sertifikatlar əldə edirlər və xarici təcrübənin ölkəmizdə tətbiqinə çalışırlar. Xaricdə şirkətlər HR peşəkarlarına biznes tərəfdaşlar kimi yanaşdıqlarından onların inkişafına xüsusi diqqət ayırırlar. Qeyd etdiyim kimi, işçilərin təlim, seminar, o cümlədən innovativ texnologiyaların da tətbiqi üçün tələb olunan bütün xərcləri şirkətlər qarşılayır.
Onu da bildirmək yerinə düşər ki, HR sahəsində beynəlxalq təcrübənin Azərbaycanda tam işlək halda tətbiqində məsuliyyət HR mütəxəssislərinin də üzərindədir. Biz beynəlxalq HR təcrübəsinin Azərbaycanda arzuolunan səviyyədə tətbiqinə səylərimizi əsirgəməməliyik. Məsələn, hazırda beynəlxalq konfrans və təlimlərdə iştirak edirəm, HR sahəsində beynəlxalq tədbirlərə qatılıram və bu sahədə dünyada baş verən prosesləri mütəmadi şəkildə izləyirəm. Bütün bunlar HR sahəsində üstün hazırlıqlı səviyyəni qoruyub saxlamaq və bu sahədə dinamik dəyişikliklərə uyğunlaşmaqla yanaşı, beynəlxalq təcrübənin Azərbaycanda tam tətbiqinə töhfə verməkdir.
-Xaricdə yetərincə bir peşəkar HR olaraq çalışmısınız və bu sahədə beynəlxalq standartlara dayanan böyük təcrübəniz var. O cümlədən Azərbaycanda da bu sahədə uzun müddət fəaliyyət göstərmisiniz. Qeyd etdiyiniz kimi, Azərbaycanda bu sahə ilə bağlı təsəvvürlər çox da inkişaf etməyib və çoxları HR deyərkən nə olduğunu başa düşmürlər…


– Bilirsiniz, ənənəvi və strateji insan resursları modelləri bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Artıq bir çox biznes sahələri faydalılığına görə strateji müasir HR modelinə keçiblər. Bunu da dünyada iqtisadi sahədə baş verən rəqabət mühiti formalaşdırıb. Müasir HR xidməti şirkətin daha böyük planlarına uyğun strateji planı əsasında hazırlanır. Halbuki ənənəvi “kadrlar şöbəsi”, demək olar ki, tamamilə inzibati xarakter daşıyır. “Kardlar şöbəsi”ndə intizam sistemi biznesdə zəruri hesab olunur. Strateji insan resurslarının idarə edilməsində isə təcrübə əsas götürülür. İşçilər şirkətin ən dəyərli aktivləri olduğundan bu ən önəmli amillərdəndir. Digər bir fərq isə onların icrası zamanı ortaya çıxır. Ənənəvi insan resurslarının idarə edilməsi ilə əlaqədar tədbirlər yalnız lazım olduqda görülür. Müasir HR xidmətində isə yarana biləcək potensial məsələlərin həlli üçün əvvəlcədən sistemlər tətbiq edilir. Yəni müasir HR xidməti insan resurslarını strateji qiymətləndirərək, bir hadisənin baş verməsini gözləmədən insanları idarə etməyin daha səmərəli formasından istifadə edir. “Kadrlar şöbəsi”nin idarə edilməsində əsas diqqət fərdi işçilər olduğu halda, müasir HR xidmətində isə HR menecerləri bütövlüklə şirkətə diqqət yönəldir. Şirkətlər qərarların işçi qüvvəsinə necə təsir etdiyini araşdırır. Onlar işçinin inkişafına şərait yaradan iş yeri yaratmağa çalışırlar. Bu da insan resursları menecmentinin daha effektiv və səmərəli olmasına gətirib çıxarır. Bir sözlə, inkişaf etmiş ölkələrdə şirkətlər müasir HR xidmətinin vacibliyini anlayır və buna görə də HR mütəxəssislərini strateji tərəfdaş qismində görürlər. Həmçinin xaricdə şirkətlər HR fəaliyyətinin vacibliyinə görə bu sahənin inkişafına önəmli vəsait sərf edirlər. Onlar bu sahədə mütəxəssislərin inkişafı və yeni texnologiyaların tətbiqində çox maraqlıdırlar.

Son xəbərlər
Digər xəbərlər