11 C
Baku
Wednesday, December 11, 2024

“İnsanlığın dəyəri yoxdur”

Öz mağazasının piştaxtasına söykənən bir satıcı fikirli halda küçəyə baxırdı. Kiçik bir qız onun mağazasına yaxınlaşdı və burnu şüşəyə dəyəcək qədər yaxınlaşaraq içəri baxmağa başladı. Kiçik qız axtardığını tapdığı an gözlərində parıltı yarandı. O mağazaya daxil oldu və ona firuzəyi rəngdə olan muncuqları göstərməsini xahiş etdi.

— Bunlar mənim bacım üçündür. Siz onları qəşəng bükə bilərsiniz?- deyə kiçik qız soruşdu.

Mağaza sahibi etinasız halda qıza baxdı və soruşdu:

— Bəs sənin nə qədər pulun var?

Kiçik qız cibindən kiçik bir dəsmal çıxararaq içindəki bütün xırda qəpiklərini piştaxtanın üzərinə qoydu və xoşbəxtcəsinə gülümsünərək soruşdu:

— Bu bəs edər?

Orada cəmi bir neçə az dəyərli qəpik vardı. Lakin qızcığaz qürurla davam edirdi:

— Bilirsiz, mən bunları böyük bacıma hədiyyə etmək istəyirəm. Anamız dünyasını dəyişdikdən sonra o bizim qayğımıza qalır. Özünə baxmağa, qulluq etməyə isə vaxtı qalmır. Bu gün onun ad günüdür  və əminəm ki, bu muncuqlar ona çox yaraşacaq.

Satıcı muncuqları götürür, çox səliqəli şəkildə bəzəkli kağızlara bükür və kiçik qıza uzadır:

— Buyur! Lakin onlarla ehtiyatlı ol.

Qızcığaz hədiyyəsini götürür və xoşbəxt şəkildə qaçaraq mağazadan çıxır. Artıq iş günü başa çatmaq üzrə idi. Bu an mağazanın girişində gənc bir qız görünür. O satıcıya çox yaxşı tanış olan bağlamanı piştaxtanın üzərinə qoyur və deyir:

— Bu muncuqlar buradan alınıb? Onların dəyəri nə qədərdir?

Satıcı deyir:

— Mənim hər bir məhsulumun dəyəri müştəri ilə razılşamaya əsasən təyin edilir.

Gənc qız deyir:

— Axı, mənim bacımın yalnızca bir neçə qəpiyi var idi. Bu muncuqların isə təbii muncuqlardır və bilirəm ki, qiyməti çox bahadır. Bu bizim cibimizə uyğun deyil!

Satıcı çox səliqə ilə bağlamanı götürür, qopmuş yerlərini bərpa edir və gənc qıza təqdim edir:

—O bu muncuqlara istənilən digər bir insanın verə bilməyəcəyi dəyəri ödədi. İnsanlığın, sevginin ödəyə bilməyəcəyi dəyər yoxdur.

Sakitlik kiçik mağazanı öz ağuşuna aldı və gənc qız əlindəki hədiyyə bağlamasına baxa-baxa gözlərindən yaş süzüldü…

Son xəbərlər
Digər xəbərlər