“Instagram” ilk dəfə xüsusi olaraq iPad üçün tətbiq buraxır. Onu açarkən istifadəçilər “Reels” videolarını görəcəklər, bununla da şirkət mobil tətbiqdə olduğu kimi foto və video lentindən imtina edəcək.
“Bloomberg” xatırladır ki, istifadəçilər uzun illər “Instagram”dan iPad üçün tətbiq buraxmağı xahiş edirdilər, lakin onu yaratmaq cəhdləri texniki çətinliklərə görə baş tutmurdu.
Bundan başqa, iPad geniş istifadəçi cihazı hesab olunmurdu və bu da məsələnin prioritetini azaldırdı. Lakin son illərdə iPad satışları müəyyən qədər bərpa olunub və proqnozlara görə, cari maliyyə ilində “Apple”a 28 milyard dollardan çox gəlir gətirib. Şirkətin bu ilin sonuna qədər yenilənmiş iPad Pro təqdim edəcəyi gözlənilir.
Hazırda “Instagram”ın aylıq istifadəçi sayı 2 milyarddan çoxdur. Təxminlərə görə, “Meta”nın reklam gəlirlərinin təxminən yarısı onun payına düşür.
“Apple”ın səhmləri Nasdaq birjasında Bakı vaxtı ilə saat 22:01-də 3.2% bahalaşaraq $237.6 qiymətinə çatıb.