Baş vitse-prezident və “Intel”in qrafik prosessorlar bölməsinin rəhbəri Raja Koduri, şirkətin 2022-ci ildə kriptovalyuta istehsalı üçün xüsusi “Bonanza Mine” prosessorunu buraxacağını açıqlayıb.
Banker.az xəbər verir ki, çip 2022-ci ilin sonlarında tədarük ediləcək, o cümlədən müştərilər arasında “Twitter”in keçmiş baş direktoru Cek Dorsinin “Block” (keçmiş “Square”) xidməti, həmçinin “Argo Blockchain” və “GRIID Infrastructure” mayninq şirkətləri olacaq.
“Intel” vurğulayır ki, onun çipi böyük hesablama gücü tələb edən və buna görə də çox enerji sərf eləyən blokçeyn tapşırıqlarının işlənməsini sürətləndirmək üçün nəzərdə tutulub.
Şirkətin qeyd etdiyi kimi, “çipin arxitekturası kiçik Silikon parçası üzərində həyata keçirilir, ona görə də onun istehsalı cari məhsulların tədarükünə minimal təsir göstərir”.
Videokartları mayninq üçün geniş istifadə olunan “Nvidia” da “Ethereum” mayninqi üçün ayrıca çip yaradıb.