Intel şirkətinin baş icraçı direktoru Brayan Krjaniç bildirmişdir ki, şirkət antivirus məhsullarında rebrendinq həyata keçirəcək. Bu zaman şirkət McAfee ticarət nişanını ləğv edərək onu Intel Security ilə əvəz edəcək. Intel şirkətinin CEO-su bu məlumatı CES 2014 sərgisi çərçivəsində vermişdir.
McAfee kompüter təhlükəsizliyini təminetmə bazarında ən qədim şirkətlərdən biridir və əsası 1987-ci ildə qoyulmuşdu. Şirkət yarandığı vaxtdan etibarən dəfələrlə satılmışdı və nəhayət Intel şirkəti onu 2011-ci ilin fevralında 7,7 milyard dollara əldə etmişdi.
Intel şirkəti isə hazırda iri miqyaslı rebrendinq əməliyyatlarına başlayıb. Bunun nəticəsi olaraq McAfee Security adlı antiviruslar və xidmətlər Intel Security adlanacaq. Lakin bununla yanaşı loqotip olduğu kimi saxlanılacaq. Mobil cihazlar üçün isə nəzərdə tutulmuş təhlükəsizlik proqramları ilə pulsuz olacaq.
Lakin bütün bu dəyişikliklər mülkiyyət strukturuna və kollektivi idarə etməyə təsir etməyəcək. Şirkətin törəmə statusu olduğu kimi qalacaq. Qeyd edək ki, hazırda antivirus şirkətində 6 minə yaxın əməkdaş fəaliyyət göstərir.