“Intel” şirkətinin səhmləri çərşənbə günü günortadan sonra demək olar ki, 7% artıb. Məlumata görə, şirkət “AMD”ni öz zavodlarının müştərisi qismində cəlb etmək üçün ilkin mərhələdə danışıqlar aparır. Bu xəbərin fonunda “AMD”nin səhmləri də 1%-dən çox bahalaşıb.
“Intel” son vaxtlar Ağ Ev, “Nvidia” və “SoftBank” daxil olmaqla bir neçə böyük oyunçunun sərmayəsini və dəstəyini qazanıb. Həmçinin şirkətin “Apple” ilə də danışıqlar apardığına dair şayiələr dolaşır.
Hazırda “AMD” çiplərinin əsas istehsalçısı Tayvanın “TSMC” şirkətidir (Taiwan Semiconductor Manufacturing Company). “Semafor”un məlumatına görə, potensial razılaşmanın əsas problemlərindən biri odur ki, “Inte”l hazırda “AMD”nin ən qabaqcıl və yüksək gəlirli çiplərini istehsal etmək texnologiyasına malik deyil.
İstehsalatın qismən “Intel”ə yönəldilməsinin miqyası, eləcə də “AMD”nin digər şirkətlərlə bağlanan müqavilələrə bənzər birbaşa sərmayə qoyub-qoymayacağı hələlik aydın deyil. Mənbə əlavə edib ki, bu mərhələdə heç bir razılaşma qəti hesab edilə bilməz.
“Global Equities Research”in analitiki Trip Çoudhri hesab edir ki, iki şirkət arasında mümkün saziş məntiqlidir. Onun sözlərinə görə, “Intel”in “18A backside power delivery” texnologiyası “AMD”ni müştəri kimi müqavilə imzalamağa cəlb edə bilər.