Azərbaycanda internet telekommunikasiya xidməti göstərən operator və provayderlərin quraşdırdığı “Ookla” şirkətinin 38 “Speedtest” serverində performans və əməliyyat göstəricilərində çatışmazlıqlar aşkarlanıb.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) məlumat yayıb.
Bildirilir ki, həmin çatımazlıqlara şəbəkəyə bağlantı sürətinin, operativ yaddaş tutumunun çox aşağı olması, server proqram təminatının köhnəliyi, SSL sertifikatlarının yenilənməməsi daxildir. Bu hallar abunəçilər tərəfindən internet sürətinin ölçmələri zamanı reallığı əks etdirməyən ölçmə nəticələrinə səbəb olub.
Qısa müddət ərzində tənzimləyici qurumun dəstəyi və profilaktik tədbirlər vasitəsilə performans və əməliyyat göstəricilərindəki boşluq və çatışmazlıqların aradan qaldırılmasına nail olunub.
Xatırladaq ki, İKTA ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.