9 C
Baku
Monday, November 18, 2024

“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

®(Birjalarda dollar diktə edir)

InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

ABŞ-da açıqlanan makroiqtisadi məlumatların dəstəyi ilə FED-in sərt monetar siyasəti gözlənildiyindən daha uzun müddət davam etdirə biləcəyinə dair artan narahatlıqlar fonunda dollar indeksi həftəni artımla tamamladı. Belə ki, dollar indeksi 104.90 bənd hədlərinə kimi yüksəldi.

Nəticədə EURUSD və GBPUSD məzənnələri müvafiq olaraq 1.0540 və 1.1940 hədlərinə kimi ucuzlaşdı. 

Qeyd edək ki, FED-in faiz artımlarını gözləniləndən daha uzun müddət davam etdirə biləcəyi ilə bağlı narahatlıqlar dolların digər major valyutalar qarşısında da bahalaşmasına dəstək oldu.

Cümə günü ABŞ-da açıqlanan statistik məlumatlara görə, ölkədə fərdi istehlak xərcləri yanvar ayında 1.8% artaraq bazar gözləntilərini üstələyib.

FED-in inflyasiya göstəricisi kimi qiymətləndirdiyi ərzaq və enerji məhsulları istisna olmaqla baza şəxsi istehlak xərcləri qiymət indeksi eyni dövrdə aylıq müqayisədə 0.6%, illik müqayisədə isə 4.7% artaraq proqnozları üstələyib.

Ötən həftə FED rəsmilərinin açıqlamalarını izlənərkən, Klivlend FED sədri Loretta Mester şəxsi istehlak xərclərinə dair gözləntilərin üzərində gələn rəqəmlərin inflyasiyanın 2%-lik hədəfə endirilməsi üçün daha çox səy tələb olunacağını göstərdiyini bildirib.

Boston FED-in sədri Susan Collins də inflyasiyanın nəzarət altına alınması üçün daha çox faiz artımına ehtiyac olduğunu qeyd edib. İnflyasiyanın yüksək olaraq qaldığına diqqət çəkən Collins, son məlumatların inflyasiyanın 2%-lik hədəfə endirilməsi üçün “görüləcək daha çox iş var” fikrini bir daha vurğulayıb.

EUR

Bu həftə Avrozonada və Almaniyada açıqlanacaq inflyasiya və əmək bazarına dair göstəricilər, həmçinin cümə axşamı dərc olunacaq Avropa Mərkəzi Bankının son toplantısının protokolları  EURUSD məzənnəsində trendin formalaşmasında həll edici roll oynaya bilər. Təhlillərə əsasən dollar indeksindəki artım tendensiyası güclənərsə, avro dollar qarşısında 1.04$ hədlərinə qədər ucuzlaşa bilər. 

GBP.

Ötən həftəni 1.1940 hədlərində tamamlayan GBPUSD məzənnəsində trendin necə davam edəcəyinə bu həftə İngiltərədə dərc olunacaq həm sənaye həm də xidmət sektorlarında Biznes Aktivliyi İndeksi göstəriciləri, eləcə də çərşənbə günü İngiltərə Mərkəzi Bankının sədri Endryu Beylinin çıxışı ciddi təsir edə bilər. 

TRY.

Ötən həftə 18.89TL hədlərinə kimi tüksələn USDTRY məzənnəsində tendensiyanın necə davam edəcəyində bu həftə Türkiyədə açıqlanacaq inflyasiya göstəriciləri mühim roll oynaya bilər.

GOLD. 

ABŞ-da fərdi istehlak xərclərinin proqnozların üzərində açıqlanması fonunda qızıl 1810$-a kimi ucuzlaşdı. Dollar indeksində artım tendensiyası davam edərsə, qiymətli metalın bir unsiya üzrə dəyəri 1800$-a və 1780$-a kimi ucuzlaşa bilər.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin 

Analitika Departamenti

“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

 

Son xəbərlər
Digər xəbərlər