1 C
Baku
Saturday, December 14, 2024

“InvestAZ”-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

®ABŞ-da ÜDM həcmi və əmək bazarı göstəriciləri, Avrozonada inflyasiya səviyyəsi bazarlara yön verə bilər.

“InvestAZ İnvestisiya şirkəti”-nin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

Ötən həftənin son ticarət günü FED sədri Jerom Pavelin “Jackson Hole” Simpoziumundakı çıxışından sonra dollar indeksində (DXY) artım tendensiyası davam edib və DXY həftəni 104.30 həddində başa vurub.

Sədr Jerom Pavelin sözlərinə görə, mərkəzi bank inflyasiyanın 2%-lik hədəfə doğru getdiyinə əmin olana qədər faiz dərəcələrini artırmağa davam etməyə hazırdır.

Pavel inflyasiyanın pik nöqtəsindən aşağı düşməsini müsbət hal kimi qiymətləndirsə də, – “Qiymətlər hələ çox yüksəkdir” – deyə vurğulayıb.

Analitiklər, Pavelin məlumatlara sadiq qalınacağını vurğulamasının investorları FED-in atacağı növbəti addımları ilə bağlı qərarsız buraxdığını qeyd edərək, FED-in iqtisadiyyatda artıq resessiya gözləmədiyini də xatırladıblar.

Bununla belə, FED-in sentyabr ayında keçiriləcək növbəti iclasında faizləri sabit saxlamaq üçün imkanları var.

“Nə qədər irəli getdiyimizi nəzərə alsaq, növbəti toplantılarda gələn makroiqtisadi göstəriciləri və riskləri qiymətləndirərkən ehtiyatlı və diqqətli davrana biləcək vəziyyətdəyik.” — deyə Jerom Pavel bildirib.

Pavel, qiymətlərin yavaşladığını göstərən son müsbət məlumatlara baxmayaraq, qarşıda hələ uzun bir yolun olduğunu söyləyib: — “Gələcək görüşlərdə biz məlumatların məcmusuna, inkişaf edən proseslərə və risklərə əsaslanaraq addımlarımızı qiymətləndirəcəyik. Bu qiymətləndirməyə əsaslanaraq, monetar siyasəti daha da sərtləşdirmək və ya bunun əvəzinə uçot faiz dərəcəsini sabit saxlamaq barədə qərar verərkən ehtiyatlı davranacağıq”.

Qeyd edək ki, analitiklər FED-in faiz dərəcələrini indiki 5.25%-5.50% aralığında saxlayacağını proqnozlaşdırmaqda davam edir. İnvestorlar noyabr ayında yeni faiz artımı ehtimalını 43%, FED-in sentyabr iclasında faiz artımına fasilə verəcəyi ehtimalını isə 80% olaraq qiymətləndirirlər.

Analitiklər bildiriblər ki, Pavelin resessiya gözlənilmədiyi və faiz endiriminin hələ də aktuallığını qoruması ilə bağlı açıqlamaları qlobal bazarlarda risk iştahını artırıb.

Ötən həftə Amerikada dərc olunan makroiqtisadi göstəricilərə gəldikdə, ABŞ-da açıqlanan aparıcı Satınalma Menecerləri İndeksinə (PMI) görə, Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi iyul ayında 51 bəndə, Sənaye Sektorunda Biznes Aktivliyi İndeksi proqnozları üstələyərək 47 bəndə qədər geriləyib.

FED rəsmilərinin açıqlamalarını izləyərkən, Filadelfiya FED sədri Patrik Harker hazırda əlavə faiz artımına ehtiyac görmədiyini, FED-in məhdudlaşdırıcı mövqeyinin mövcud durumda davam etdirməsinin lazım olduğunu və hansı qərarın veriləcəyini məlumatların müəyyən edəcəyini bildirib.

Klivlend FED sədri Loretta Mester inflyasiyanın soyuduğuna dair daha çox dəlil görmələri lazım olduğuna diqqət çəkərək, baza inflyasiyanın yüksək olduğu üçün hələ də görüləcək işlərin olduğunu müdafiə edib.

Çikaqo FED sədri Austan Qulsbi, FED-in missiyasının tamamlandığını açıqlamaq üçün hələ tez olduğunu vurğulayaraq, baza inflyasiyada əhəmiyyətli bir yaxşılaşma gördüyünü, lakin qələbəni elan etmək üçün hələ tez olduğunu qeyd edib.

Makroiqtisadi məlumatlar tərəfində, Miçiqan Universiteti tərəfindən ölçülən istehlakçı güvən indeksi avqust ayında 69.5 bəndə qədər azalıb.

Ötən həftənin son ticarət günü 104.52 bənd həddinə kimi yüksələn dollar indeksi, burada müqavimətlə qarşılaşaraq, bir qədər geriləyərək həftəni bu 104.30 bənd həddində başa vurdu.

Cari həftə ərzində isə Amerikada dərc olunacaq ÜDM-in həcmi və əmək bazarı, xüsusilə də NFP göstəriciləri DXY-da tendensiyanın gedişində həlledici rol oynaya bilər.

EUR

Ötən həftənin son ticarət günündə 1.0765 həddinə kimi ucuzlaşan EURUSD məzənnəsi günün sonuna doğru bir qədər bahalaşaraq həm günlük, həm də həftəlik şamı 1.08$ civarında tamamladı. Əgər “ayılar” məzənnənin qiymətini 1.08$ səviyyəsinin altında saxlaya bilsələr, eniş tendensiyası daha da dərinləşə bilər. Bu həftə Avrozonada və Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri avronun dollar qarşısında qiymətlərinə təsir edə bilər.

GBP

Dollar qarşısında kəskin dəyər itirən və ötən həftə 1.2577 hədlərində başa vuran GBPUSD məzənnəsində tendensiyanın formalaşmasında Amerikadan açıqlanacaq əmək bazarı göstəriciləri və ÜDM-in həcmi, eyni zamanda Avrozonada və Almaniyada dərc olunacaq inflyasiya səviyyəsinə dair statistik rəqəmlər həlledici rol oynaya bilər.

Cari ticarət həftəsi ərzində Amerikada açıqlanacaq “Conference Board” İstehlakçı inamı İndeksi, “JOLTS” Vakant İş Yerləri Hesabatı, Şəxsi xərclərin həcmi kimi inflyasiya rəqəmləri, eləcə də, Kanadada və Türkiyədə ümumdaxili məhsulun həcmi kimi önəmli iqtisadi göstəricilər də birjaların gündəmində yer alacaq.

İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin

Analitika Departamenti

“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İnvest-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Son xəbərlər
Digər xəbərlər