®Amerikada inflyasiya səviyyəsi və AMB-nin faiz qərarı; İnvestorlar dilemma qarşısında
“InvestAZ İnvestisiya şirkəti”-nin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
Ötən həftə qlobal bazarlar, ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) “şahin” addımlarının davam edəcəyinə dair artan narahatlıqlar fonunda eniş tendensiyası ilə yadda qalarkən, bu həftə ABŞ-dakı inflyasiya göstəriciləri və Avropa Mərkəzi Bankının (AMB) faiz qərarı bu həftə investorların diqqət mərkəzində olacaq.
İnflyasiya ilə mübarizə çərçivəsində iyul ayı toplantısında uçot faizini 25 baza bəndi artıraraq 5.25-5.50%-lə son 22 ilin ən yüksək səviyyəsinə çatdıran FED-in ilin son rübündə atacağı addımlarla bağlı qeyri-müəyyənliklər valyuta birjalarında qiymətləri təzyiq altında saxlamağa davam edir.
Analitiklər, ABŞ-da bu həftə açıqlanacaq inflyasiya məlumatlarının bankın monetar siyasətinin gələcəyi ilə bağlı investorların bir sıra suallarına aydınlıq gətirəcəyini ehtimal edirlər.
Ötən həftə xidmət sektoru ilə bağlı məlumatların proqnozlaşdırılandan daha yaxşı çıxması ilə bankın sərtl pul-kredit siyasətini davam etdirə biləcəyi ehtimalları gücləndi.
Analitiklər, enerji qiymətlərindəki son artımların inflyasiyanın artmasına səbəb ola biləcəyini və güclü əmək bazarının bankın potensial faiz artımı ehtiyacını artıra biləcəyini bildiriblər.
FED-in sentyabr iclasında uçot faiz dərəcəsini sabit saxlayacağının qəti olduğunu ifadə edən analitiklər, valyuta birjalarındakı qiymətlərə görə, bankın noyabr toplantısında faiz dərəcəsini 25 baza bənd artırma ehtimalının 44%-ə qədər yüksəldiyini və bu halın dünya birjalarında qeyri-müəyyənliyi artırdığını düşünürlər.
Analitiklər, əmək bazarı ilə bağlı son açıqlanan məlumatlardan sonra FED-in inflyasiya ilə mübarizə proqramı çərçivəsində əmək bazarının yumşaldılmasının kritik əhəmiyyət kəsb edə biləcəyini qeyd ediblər.
FED rəsmilərinin gələcəkdə atılacaq addımlarla bağlı şifahi rəhbərliyi də investorların diqqət mərkəzində olduğu bir zamanda, Nyu-York FED sədri Con Uilyams gələn il işsizlik səviyyəsinin artacağını və 4%-in üzərinə çıxacağını ehtimal etdiyini qeyd edib.
Çikaqo FED sədri Austan Qulsbi, “Müzakirələrimizin artıq faiz dərəcələrinin nə qədər artacağı ilə bağlı olmayacağı bir vaxta sürətlə yaxınlaşırıq” – deyə vurğulayıb.
FED İdarə Heyətinin üzvü Kristofer Uoller, faiz artımlarının sona çatıb-çatmadığını söyləmək üçün daha çox göstəricilərə ehtiyac duyulduğunu və növbəti faiz artımının iqtisadiyyatı resessiyaya sürükləməsinin mümkün görünmədiyini bildirib.
Həmçinin, ötən həftə FED ölkədə iqtisadi fəaliyyətin cari vəziyyətinin qiymətləndirilməsini özündə əks etdirən “Bej Kitab” hesabatını açıqlayıb. Hesabatda iyul və avqust aylarında iqtisadi artımın “mülayim” olduğu və ölkə daxilində əmək bazarında artımın yavaşladığı qeyd edilib.
Ardıcıl 8-ci həftə yüksəliş trendini davam etdirən dollar indeksi (DXY) həftəni 0.8% artımla 105.1 bənd səviyyəsində tamamlayıb və son 7 ayın ən güclü həftəlik bağlanışını edib.
Digər tərəfdən, ötən həftə Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatının və ixracın azaldılması qərarlarını ilin sonuna qədər uzatdıqlarını açıqlayıb.
Bu xəbərdən sonra “Brent” markalı neftin barel qiyməti ralli qazanıb və həftəni 1.6% bahlaşma ilə 90.60$ həddində başa vuraraq, 2022-ci ilin noyabr ayından bəri ən yüksək həftəlik bağlanışına nail olub.
ABŞ-ın 10 illik dövlət istiqrazlarının gəlirlilik faizi həftəni təxminən 7 baza bəndi artımla 4.26% səviyyəsində tamamlasa da, istiqraz faizlərinin artması və DXY-da artım tendensiyasının davam etməsi fonunda qızılın qiyməti 1.1% ucuzlaşaraq bir unsiya üçün 1919.2$-a düşüb.
11 sentyabr tarixindən başlayan həftənin xəbər təqvimində Amerikada çərşənbə günü inflyasiya, pərakəndə satışlar, həftəlik işsizlik müavinatı müraciətləri, çərşənbə günü İstehsal Qiymətləri İndeksi, Nyu-York FED istehsal indeksi, cümə günü sənaye istehsalının həcmi və Miçiqan FED-dən İstehlakçı Güvən İndeksinin məlumatları təqib ediləcək.
EUR
Ardıcıl 7 həftədir ucuzlaşan EURUSD məzənnəsi FED-in sərt monetar siyasətini hələ uzun müddət davam etdirəcəyinə dair ehtimalların qüvvətlənməsi fonunda 8-ci həftə ucuzlaşaraq həftəlik şamı 1.0680 civarında tamamladı və eniş tendensiyasını 9-cu həftəyə də daşımağa müəssər oldu. Əgər “ayılar” məzənnənin qiymətini 1.07$ səviyyəsinin altında saxlaya bilsələr, eniş tendensiyası daha da dərinləşə bilər.
Keçən həftə Avropa birjalarında satış yönümlü bir tendensiya ön plana çıxarkən, bu həftə bütün diqqətlər Avropa Mərkəzi Bankının (AMB) faiz qərarı ilə yanaşı, qərardan sonra AMB sədri Kristin Laqardın çıxışına yönəlib.
Analitiklər Avropada inflyasiya və resessiya dilemmasının davam etdiyini və regionda son açıqlanan məlumatların qarışıq siqnallar verdiyini bildiriblər.
İqtisadçılar valyuta bazarlarında qiymətlərin formalaşmasında AMB-nin faiz dərəcəsini sabit saxlama ehtimalının üstünlük təşkil etdiyini bildirərək, qərardan sonra bazarlarda volatilliyin arta biləcəyini vurğulayırlar.
GBP
Eniş tendensiyasını 8-ci həftəyə daşıyan GBPUSD məzənnəsi cümə günü 1.2460 həddlərinə qədər gerilədi və həftəlik şamı bu səviyyədə bağladı. Cari həftə ərzində GBPUSD məzənnəsində tendensiyanın formalaşmasına Amerikadan və Avrozonadan açıqlanacaq makroiqtisadi göstəricilər eləcə də İngiltərədə əmək bazarı göstəriciləri, ÜDM-in və sənaye istehsalının həcmi, ticarət saldosu kimi önəmli xəbərlər təsir edə bilər.
Bu həftə çərşənbə axşamı günü Almaniya və Avrozonada “ZEW” iqtisadi ehtimallar indeksi, çərşənbə günü Avrozonada sənaye istehsalının həcmi, cümə axşamı AMB-nin faiz qərarı və sədr Kristin Laqardın çıxışı, cümə günü isə Avrozonanın xarici ticarət saldosu kimi önəmli makroiqtisadi göstəricilər investorların diqqət mərkəzində olacaq.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin
Analitika Departamenti
“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.