InvestAZ İnvestisiya şirkətinin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.
EUR.
Amerikada yüksək inflyasiya və Avropada müharibə riskləri fonunda dünya birjalarında qeyri-müəyyənlik müşahidə edilir. EURUSD bir həftədir 1.13 – 1.14$ aralığında dalğalanmaqdadır.
Bu istiqamətdə bu həftə bazar ertəsi Bakı vaxtı ilə saat 12:30-da Almaniyadan və yarım saat sonra Avrozonadan dərc ediləcək sənaye sektoruna dair işgüzarlıq indeksi önəmli rol oynayacaqdır. Çərşənbə günü saat 14:00-da açıqlanacaq Avrozonadan inflyasiya rəqəmləri də diqqət mərkəzindədir.
GBP.
Eyni texniki mənzərə GBPUSD məzənnəsində də müşahidə edilir. Hazırda 1.36$-ın üzərində müqavimətlə rastlaşan funt sterlinqin gələcək qiyməti üçün də bazar ertəsi İngiltərədən yayımlanacaq sənaye sektorunda aktivlik indeksi böyük maraqla gözlənilir.
TRY.
USDTRY məzənnəsində isə yanvar ayından etibarən stabilləşmə təmin edilib. Lirə 13 səviyyələri ətrafında dalğalanmaqdadır və üfüqi trendin davam edəcəyi proqnozlaşdırılır.
OIL.
Enerji birjalarında neftə olan tələbin yüksək olması ilə yanaşı, təklifin artması ehtimalları Brent qiymətinin 93$-a enməsinə səbəb olub və korreksiya 88$-a kimi dərinləşə bilər.
Cümə axşamı saat 20:00-da dərc ediləcək ABŞ-ın neft ehtiyatları ilə bağlı göstəriciləri bu həftə də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD.
Yüksək inflyasiya risklərinin yenidən gündəmə gəlməsi ilə qızılda da yüksəliş bərpa olunub. Gələcək günlər ərzində isə növbəti dalğa üçün 1903$-ın (61.2 $/qram) qırılması vacib rol oynayacaqdır. Bundan sonra bahalaşma 1942$-a (62.4 $/qram) kimi güclənə bilər.
İnvestisiya ilə bağlı suallarınızı *1234 telefon nömrəsi və www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İnvest-AZ İnvestisiya Şirkəti” QSC-nin
Analitika Departamenti
“İnvest-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.