22 C
Baku
Friday, May 31, 2024

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

ABŞ-da açıqlanacaq CPI (istehlak qiymətləri indeksi) göstəriciləri birjalara yön verəcək.

Ötən həftə proqnozların altında açıqlanan iqtisadi göstəricilərin dərcindən sonra dollar major valyutalar qarşısında kəskin ucuzlaşdı.

Cari həftə ərzində isə investorlar ABŞ-da İstehlak Qiymətləri İndeksini və Pərakəndə Satış Dövriyyəsinin həcmi kimi önəmli məlumatları əhatə edən fevral ayı göstəricilərində, potensial FED-in faiz endirimi ehtimallarına dair yeni ipucuları arayacaq. “Bitcoin” rekord səviyyələrə çatarkən “Wall Street”-də volatil bir həftə yaşana bilər.

ABŞ inflyasiya məlumatları

İnvestorlar, FED-in faiz dərəcələrini nə qədər tez endirməyə başlaya biləcəyinə dair suallarına cavab tapmağa çalışarkən ABŞ-da çərşənbə axşamı açıqlanacaq İstehlak Qiymətləri İndeksi (CPI) və cümə axşamı dərc olunacaq İstehsal Qiymətləri İndeksi (PPI) göstəricilərində ipucuları arayışında olacaqlar.

İqtisadçılar İstehlak Qiymətləri İndeksinin yanvar ayında proqnozların üzərində açıqlanan 0.3%-lik artımdan sonra, fevral ayında daha sürətlə – 0.4% yüksələcəyini proqnozlaşdırırlar.

Qeyd edək ki, ötən həftənin cümə axşamı günü FED sədri Cerom Pavel “bu ilin müəyyən nöqtəsində” faiz dərəcələrini azaltmağın məqsədəuyğun olacağını, lakin özünün və həmkarlarının hələ buna hazır olmadığını açıqlamışdı.

Bazar iştirakçılar həmçinin cari həftənin cümə axşamı günü Amerikada Pərakəndə Satış Dövriyyəsinin Həcminə dair statistik rəqəmləri də yaxından izləyəcəklər. Qeyd edək ki, analitiklər fevral ayında pərakəndə satışların 0.8% artdığını ehtimal edirlər.

İqtisadi təqvimə sənaye istehsalı, istehlakçı əhval-ruhiyyəsi ilə bağlı yeniliklər və İlk dəfə İşsizlik Müavinatı üçün Müraciətlərin Sayı kimi həftəlik məlumatlar da daxildir.

FED rəsmiləri isə gələn həftə keçiriləcək toplantıdan əvvəl ənənəvi sükut dövrünə girəcəklər.

EUR

EURUSD məzənnəsi ardıcıl 3-cü həftəni də artımla tamamladı. Ötən həftə Amerikada və Avrozonada açıqlanan iqtisadi göstəricilər fonunda paritet 1.0980 həddini test etdikdən sonra bir qədər gerilədi və həftəlik şamını 1.0940 səviyyəsində bağladı.

Təhlillərə əsasən, EURUSD məzənnəsində “buğalar” qiyməti 1.10$ səviyyəsinin üzərinə qaldırıb və bu həddin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası davam edə bilər.

GBP

Çərşənbə axşamı Böyük Britaniyada əmək bazarına dair statistik göstəricilər açıqlanacaq. İnvestorlar və İngiltərə Mərkəzi Bankı ilk faiz endiriminin vaxtı ilə bağlı fərziyyələr fonunda əmək haqqlarındakı artım tempinə diqqət yetirəcək.

Dekabrda orta saatlıq əmək haqqı 6.2%-ə düşüb Qeyd edək ki, bu, bir ildən çox müddətdə ən yavaş artım tempidir. Lakin, qeyd edilən nəticə də BoE rəsmilərini 16 ilin ən yüksək həddə çatan faiz dərəcələrinin tezliklə azaldılmasının lazım olduğuna inandıracaq qədər yavaş deyil.

NEFT

Cümə günü neft qiymətləri əlavə 1% də ucuzlaşaraq həftəlik şamını enişlə tamamladı. “OPEC+” istehsalçı qrupu tədarük ixtisarını uzadsa belə, bazarlar Çinin neft tələbinin zəifləməsindən ehtiyatlanır.

Hər iki göstərici həftə ərzində aşağı düşüb; “Brent” 1.8%, “WTI” isə 2.5% dəyər itirib.

Çin keçən həftə 2024-cü il üçün təxminən 5% iqtisadi artım hədəfi təyin etdi. Lakin bir çox analitik bunun yeni stimul olmadan, yəni içi doldurulmamış boş iddia olduğunu düşünür.

Təchizat tərəfində, Səudiyyə Ərəbistanı və Rusiyanın başçılıq etdiyi “OPEC+” üzvləri gündəlik 2.2 milyon barellik könüllü hasilatın azaldılmasını ikinci rübə qədər uzatmaq barədə razılığa gəliblər ki, bu da qlobal böyümə və hasilatın xaricində artımla bağlı narahatlıqlar fonunda bazara əlavə dəstək verir.

Enerji investorları həmçinin FED və ECB-nin mümkün faiz endirimlərini nə vaxt edəcəyiniə diqqətdə saxlayırlar. Çünki, aşağı faiz dərəcələri iqtisadi artımı dəstəkləyərək neft tələbini artıra bilər.

XAUUSD

Ötən həftə ərzində dollar qarşısında kəskin bahalaşan qızıl, 2195$ həddini test etdikdən sonra, bir qədər gerilədi və həftəlik şamını 2178$ səviyyəsində bağladı. Ehtimal olunur ki, bu həftə Amerikada açıqlanacaq inflyasiya göstəricilərində (CPİ və PPİ) azalma olarsa, qızıldakı artım tendensiyası daha kəskin xarakter ala bilər. “Buğalar” “sarı metal”-ın qiymətini 2150$ həddinin üzərində qoruyub saxlaya bilsələr, bahalaşma 2200$, 2250$ və 2300$ hədlərinə kimi davam edə bilər.

Bitcoin

Bu il ABŞ-da istifadəyə verilən yeni spot “Bitcoin ETF”-lərinə investor tələbi və qlobal faiz dərəcələrinin aşağı salınacağın ehtimallarının təsiri ilə “Bitcoin” (BTC) ötən həftənin cümə günü 70000$-ı test etdi.

Son bir neçə həftə ərzində ETF-lərə milyardlarla dollar axdığı üçün bazar, ikinci ən böyük rəqəmsal efirə ev sahibliyi edən “Ethereum”-un qiyməti də blokçeyn platformasına gözlənilən təkmilləşdirmə və aprel ayında “Bitcoin” mədən axınını yavaşladacaq “yarılama” hadisəsi öncəsi dəstək taparaq bahalaşdı.

2021-ci ilinin əvvəlindəki “Bitcoin” bumunu “kripto qışı” izlədi, bu zaman ən böyük kripto şirkətlərində iflaslar və çökmələr milyonlarla investorun ciddi zərərlərə uğramasına və tənzimləyiciləri risklərlə bağlı xəbərdarlıqları gücləndirməyə sövq etdi.

Ancaq görünür, bu, yeni pul dalğasının gəlməsinə mane olmayıb. Kriptovalyuta pərəstişkarları sektorun yetkinləşdiyini düşünürlər. Lakin mərkəzi banklar və tənzimləyicilər ehtiyatlı olaraq qalırlar. İndi investorları düşündürən budur ki, kripto bazarları nə qədər böyüyə bilər?

Qeyd edək ki, “buğalar” hazırda 68500$-dan təklin olunan BTC-nin qiymətini 68000$ həddinin üzərində qoruyub saxlaya bilsələr, 70000$ səviyyəsi yenidən test edilə bilər. Analitiklər bir qədər də irəli gedərək kriptovalyuta birjalarının lokomativinin martın sonuna kimi 100 min dollara kimi bahalaşa biləcəyini iddia edirlər.

İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin

Tədris və Analiz Departamenti

“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

___________________________________________________________________

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər