9 C
Baku
Thursday, December 12, 2024

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

®AMB-nin faiz qərarı və ABŞ-da ÜDM-in həcmi birjalarda hansı dəyişikliklərə səbəb ola bilər?

“InvestAZ İnvestisiya Şirkəti”nin analitikləri bu həftə üzrə dünya maliyyə bazarlarında son vəziyyət və qısa müddət ərzində gözlənilənlərlə bağlı məlumat verib.

Amerikada artan inflyasiya göstəricilərindən sonra ötən həftənin əvvəli ABŞ Federal Ehtiyyatlar Sisteminin martda faiz dərəcələrini endirəcəyinə dair ehtimalların kəskin azalması fonunda dollar major valyutalar qarşısında bahalaşsa da, həftənin sonuna doğru İngiltərədə də proqnozların əksinə olaraq İstehlak Qiymətləri İndeksinin kəskin artımla açıqlanması funt-sterlinqi və avronun qiymətlərinə dəstək oldu.

Lakin qeyd etmək lazımdır ki, yüksək inflyasiya rəqəmlərinə baxmayaraq, bazar iştirakçıları Federal Ehtiyatlar Sisteminin potensial faiz dərəcəsini azaltması ehtimallarının mövcudluğuna inanırlar. Bu gözləntilərə bir neçə sonrakı endirimlərin mümkünlüyü də daxildir.

Qeyd etmək lazımdır ki, hazırda bazar gözləntiləri, faktiki məlumatlar və Federal Ehtiyatlar Sisteminin mövqeyi arasında ciddi uyğunsuzluqlar müşahidə olunur.

Cümə axşamı günü ABŞ-da Ümumdaxili Məhsulun həcminə dair göstəricilər iqtisadi artımın əsas göstəricisi olan istehlak xərclərinin daha yüksək faiz dərəcələri qarşısında dayanıqlı olub olmadığını göstərən əlamətlər səbəbindən yaxından izləniləcək.

Qeyd edək ki, ABŞ Federal Ehtiyatlar Sistemi (FED) inflyasiyaya nəzarət etmək üçün ötən il faiz dərəcələrini artırıb. Lakin qiymət artımlarının yavaşlaması ilə bu il faiz dərəcələrinin azaldılmasının potensial tempi və iqtisadiyyatın resessiyadan qaça bilməyəcəyi ehtimalları bazarlara kölgə salan əsas qeyri-müəyyənliklərdir.

Həmçinin çərşənbə günü Amerikada, Avrozonada, Almaniyada və İngiltərədə  Sənaye Sektorunda Biznes Aktiviliyi İndeksi və Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi göstəriciləri, ən əsası isə cümə axşamı günü Avropa Mərkəzi Bankının faiz qərarı, bank sədri Kristin Laqardın çıxışları EURUSD və GBPUSD məzənnələrinin qiymətlərinə ciddi təsir edə bilər.

Dolların altı valyuta səbəti qarşısında gücünü ölçən Dollar indeksi geridə qoyduğumuz həftə ərzində 103.70 bənd həddinə kimi yüksəlmiş, lakin burada müqavimətlə qarşılaşaraq kritik hədd olan 103.50 bənd həddinin altına qayıdıb.  Həftəlik şamını 103.20 bənd səviyyəsində bağlayan DXY 103.50 bənd səviyyəsindəki müqavimət həddinin altında qaldığı müddətcə, dollarda eniş tendensiyası davam edə bilər.

İnvestorlar cari həftə ərzində birjalarda, xüsusən valyuta bazarlarında tendensiyaların necə irəliləyəcəyinə dair suallara aydınlıq gətirmək üçün, Amerikada, Avrozonada, Almaniyada və İngiltərədə Sənaye Sektorunda Biznes Aktiviliyi İndeksi və Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi, Avropa Mərkəzi Bankının faiz qərarı, Amerikada ÜDM-in həcmi və İşsizlik Müavinatı üçün Müraciətlərin sayı, Şəxsi xərclər Qiymət İndeksi kimi önəmli iqtisadi göstəriciləri yaxından izləyəcəklər.

Bazar iştirakçıları bu həftə həmçinin Yaponiya və Kanada Mərkəzi Banklarının faiz qərarlarını diqqət mərkəzində saxlayacaqlar.

EUR

Ötən həftəyə enişlə başlayan EURUSD məzənnəsi Avrozonada ehtimallara uyğun, İngiltərədə isə inflyasiya göstəricilərinin proqnozların üzərində açıqlanmasından sonra funtda müşahidə olunan yüksəliş fonunda, avro da dollar qarşısında 1.0910 hədlərinə yüksəlib və həftəlik şamını bu səviyyədə bağlayıb.

Təhlillərə əsasən, EURUSD məzənnəsində “buğalar” qiyməti 1.09$ səviyyəsinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası davam edə bilər. Cari həftə ərzində keçiriləcək toplantısında ECB-nin faiz dərəcələrini dəyişməyəcəyi gözlənilir. Lakin AMB sədri Kristin Laqardın çıxışında monetar siyasətin gələcəyinə dair ipucları aranacaq.

GBP

Ötən həftə ərzində 1.2720 hədlərinə qədər bahalaşan GBPUSD məzənnəsi həftəlik şamını bu səviyyəsində tamamladı. Cari həftə ərzində isə, Amerikada və Avrozonada açıqalanacaq önəmli iqtisadi göstəricilər funt-sterlinqin də valyuta birjalarındakı, xüsusilə də dollar qarşısındakı mövqelərinə ciddi təsir edə bilər.

NEFT

“OPEC” üzvü Liviyanın ən böyük yatağından hasilatı bərpa etməsindən sonra neft qiymətləri erkən enişdən sonra sakitləşdi. Bu, Qırmızı dənizdə gəmiçiliyi pozmağa davam edəcək gərginliklə bağlı narahatlıqları kompensasiya edir.

Xam neft bu il istiqamət tapmaqda çətinlik çəkib, həftələrdir sərt enişlər və yüksəlişlər sərgiləyib. Bu qarışıq tendensiya Yaxın Şərqdəki gərginliyin, o cümlədən İsrailin Qəzza zolağına hücumlarının təsiri nəticəsində ortaya çıxdı, neft bazarlarının bol şəkildə təmin olunmağa davam edəcəyi ilə bağlı gözləntiləri kompensasiya etdi. Ötən həftə Beynəlxalq Enerji Agentliyi “OPEC”-dən kənarda neft hasilatında artımların olduğunu, lakin tələb artımının yavaşladığını vurğulamışdı.

Ötən həftə ərzində qarışıq tendensiya sərgiləyən “WTI” və “Brent” nefti həftənin son ticarət günündə ucuzlaşaraq həftəlik şamlarını müvafiq olaraq, 73.50$ və 78.50$ səviyyələrinin altında bağladılar.

Analitiklərin proqnozlarına əsasən “buğalar” qiyməti 78$ həddinin üzərində qoruyub saxlaya bilsələr, “Brent” nefti yenidən 80$-a kimi bahalaşa bilər. 77$ həddi aşağıya doğru qırılacağı təqdirdə isə, növbəti dəstək hədləri kimi 75$ və 70$ səviyyələri çıxış edir. 79$ səviyyəsi yuxarıya doğru qırılacağı təqdirdə isə, “Brent” nefti 80$ və 82$-a kimi bahalaşa bilər.

Lakin qeyd etmək lazımdır ki, analitiklərin fikrincə, geosiyasi risklərə baxmayaraq, xam neftə tələbat proqnozu zəif olaraq qalır.

XAUUSD

Ötən həftəyə 2048$ səviyyəsində start verən qızıl, gedişatda 2000$-a kimi ucuzlaşsa da, burada “buğalar”ın dəstəyini alaraq dibdən alışlarla yenidən bir qədər yüksəldi və həftəlik şamını 2029$ səviyyəsində bağladı. Lakin “sarı metal”ın qiyməti, aktuallığını qoruyan dolların bahalaşma ehtimalları fonunda eniş meyllərini saxlayır. FED-in faiz endirimi ehtimallarının ertələnməsi fonunda “ayılar” satış həcmlərini artırarlarsa, 2000$ səviyyəsi yenidən test edilə bilər.

İnvestorlar gələn il faiz endirimlərinin reallaşacağına əmin olsalar da, siyasi və iqtisadi qeyri-müəyyənliklər artır. Bu da, qızıl investorları üçün potensial olaraq müsbət günlər gətirə bilər.

Analitiklərin təhlillərinə əsasən qiymətli metalın dəyəri 2000$-lıq dəstək səviyyəsini qoruya və “buğalar” qiyməti 2050$-ın üzərinə qaytara bilsələr, 2100$ hədləri yenidən test oluna bilər.

İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin

Tədris və Analiz Departamenti

“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

________________________________________________________________

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Son xəbərlər
Digər xəbərlər