14 C
Baku
Friday, November 22, 2024

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

®Amerikada, Avrozona və Böyük Britaniyada PMI göstəriciləri, neft və qızıl qiymətləri.

Dollar və ABŞ Xəzinədarlığının istiqrazlarında gəlirlər cümə günü (2 fevral) – yanvar ayı üzrə Qeyri-kənd Təsərrüfatı Sektorunda Yeni Yaranan İşyerlərinin Sayı haqqında hesabatın proqnozların üzərində açıqlanmasından sonra kəskin şəkildə yüksəldi və bu hal, Federal Ehtiyatlar Sisteminin tezliklə faiz dərəcələrini azaltmaya başlaya biləcəyi ilə bağlı bəzi qeyri-müəyyənlik yaradıb. Major valyutalar və qızıl dollar qarşısında ucuzlaşdı. Qızıl 0.8% ucuzlaşaraq bir unsiya üçün 2027$ səviyyəsinə düşdü, lakin ötən həftə ərzində təxminən 1% bahalaşdı və bu günə kimi əsasən 2000$ səviyyəsinin üzərində ticarət olundu.

ABŞ-nın Əmək Nazirliyinin cümə günü məşğulluq hesabatında verdiyi məlumatlara əsasən, işsizlik səviyyəsinin yanvar ayında 3.7% olduğunu, iki ildir 4%-dən aşağıda qaldığını, belə vəziyyətin davam etməsi son 50 ildən çox müddətdə ən uzun müddət olduğunu göstərdi. 2023-cü ildə ilkin gözləniləndən daha çox iş yeri yaradılmış, yanvar ayında qeyri-kənd təsərrüfatı sektorunda yeni işyerlərinin 353 000 artaraq ilin ən böyük artımı müşahidə olunmuşdur. Noyabr və dekabr aylarında əvvəllər bildiriləndən 126 min daha çox yeni iş yeri əlavə olunmuşdur. Yanvar ayında orta saatlıq gəlir ayda 0.6% artıb, dekabr ayında 0.4% artımdan sonra 2022-ci ilin martından bəri ən böyük artımdır. Orta saatlıq gəlir illik müqayisədə 4.5%, dekabrda isə 4.3% artıb. Əmək haqqı artımı 3.0%-3.5% intervalını üstələyib. Əksər analitiklər bunları FED-in 2%-lik inflyasiya hədəfinə uyğun hesab edirlər ki, bu da Mərkəzi Bankın borclanma xərclərini aşağı salmaq üçün sürətlə hərəkət etməyəcəyi fikrini gücləndirir. Maliyyə bazarları hazırda FED-in 30 Aprel – 1 May tarixlərində keçiriləcək toplantısında faiz dərəcələrini aşağı salması ehtimalının 60%-dən az olduğunu göstərir. Məşğulluq səviyyəsində artım və yanvar ayında əmək haqqlarının kəskin artması mart ayında faiz dərəcələrinin aşağı salınması perspektivlərini puç etdi. Maliyyə bazarları da may ayında uçot dərəcəsinin azaldılması şansı ilə bağlı gözləntilərini azaldıb. Hesabat dördüncü rübdə iqtisadi artım sürətinin yeni ildə də davam etdiyini göstərdi. Həmçinin hesabatda iqtisadiyyatın “yumşaq eniş”ə doğru getdiyi ideyası inkar olunur. Dollar indeksi bahalaşıb. ABŞ Xəzinədarlığının gəlirliliyi yüksəlib. Bununla belə, məlumatların açıqlanmasından sonra qızıl qiymətləri 1%-dən az eniş göstərib. Bu, əsasən, bazarın Federal Ehtiyatlar Sisteminin il ərzində faiz dərəcələrini aşağı salacağına dair gözləntilərindən və inamından əl çəkməməsindən irəli gəlir. İndi əsas məsələ faiz dərəcələrinin gec-tez azaldılmasıdır. Məhz buna görə qızılın qiyməti dəyişdi, lakin Yeni ildən bəri qızılın dəyəri 2000 ABŞ dolları səviyyəsinin üzərində qalaraq qızılın davamlılığını nümayiş etdirdi.

ABŞ-da Xidmət sektorunda biznes aktivliyi indeksi (PMI)

Bugün 18:45-də ABŞ-da açıqlanacaq Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) göstəriciləri investorların diqqət mərkəzində olacaq.

EUR

Ötən həftədən başlayaraq avro dollar qarşısında ucuzlaşmaqda davam edir. Cari həftə ərzində açıqlanacaq Almaniyanın Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi (PMI), Avrozona üzrə Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi (PMI), AMB hesabatı və cümə günü Almaniyanın inflyasiya göstəriciləri investorların diqqət mərkəzində olacaq. Təhlillərə əsasən, EURUSD məzənnəsində “ayılar”-ın üstünlüyü davam edə bilər. 1.0750$ səviyyəsinin aşağı qırılması ucuzlaşmanı dərinləşdirə bilər.

GBP

Digər major valyutalar kimi funtda da ucuzlaşma davam edir. Cari həftə ərzində Xidmət Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) və Tikinti Sektorunda Biznes Aktivliyi İndeksi (PMI) göstəriciləri investorların diqqət mərkəzində olacaq.

NEFT

Qırmızı dənizdəki silahlı hücumlar və yükdaşıma tariflərinin artması səbəbindən qlobal neft bazarları getdikcə daha çox lokallaşır və yaxınlıqdakı regionlardan neft tədarükünü daha cəlbedici edir. Süveyş kanalı vasitəsilə tanker axınının qəfil azalması mərkəzi Atlantik hövzəsində, o cümlədən Şimal dənizi və Aralıq dənizində yerləşən ticarət zonası ilə Fars körfəzi, Hind okeanı və Şərqi Asiyanı əhatə edən digər ticarət zonası arasında uçurumun formalaşmasının başlamasına səbəb olub. Xam neft hələ də iki region arasında nəql olunur (Afrikanın cənub ucunda daha uzun və daha bahalı marşrutla), lakin son satınalma tendensiyaları regionlar arasında nəqliyyatın pozulduğunu göstərir.

Təhlillərə görə, Avropadakı bəzi neft emalı zavodları keçən ay Bəsrədən İraq xam neftini almaqdan imtina edib, qitədəki alıcılar isə Şimal dənizindən və Qayanadan neft alıblar. Asiyada Abu Dabinin Murban neftinə tələbat artdı və bu, yanvarın ortalarında spot qiymətlərin yüksəlməsinə səbəb oldu. Qazaxıstandan Asiyaya neft axını da kəskin şəkildə azaldı. Bu arada, “Kpler”-dən gəmi izləmə məlumatları göstərdi ki, ABŞ-nın Asiyaya xam neft yükləmələri dekabr ayı ilə müqayisədə keçən ay üçdə birdən çox azalıb.

Bu dəyişikliklər daimi olmasa da, hazırda Hindistan və Cənubi Koreya kimi idxaldan asılı ölkələr üçün neft tədarük mənbələrini şaxələndirmək çətinləşir. Emalçılar üçün bu, onların sürətlə dəyişən bazar dinamikasına cavab verməkdə çevikliyini məhdudlaşdırır və nəticədə onların gəlirliliyini azalda bilər.

Qırmızı dənizdəki vəziyyətin neft axınlarının uzunmüddətli yenidən bölüşdürülməsinə gətirib çıxaracağı gözlənilmir, lakin qısa müddətdə münaqişənin həllini görmək çətindir. Əvəzində, xüsusilə husilərin keçən ayın sonlarında Rusiya yanacağı daşıyan neft tankerinə hücum etməsindən sonra daha da pozulma riski yüksəkdir. Hücum ona görə diqqət çəkir ki, İranın dəstəklədiyi yaraqlı qruplar əvvəllər Rusiya və Çin gəmilərinə hücum edilməyəcəyini bildirmişdilər.

Ötən həftəyə artımlarla başlayan “WTI” və “Brent” markalı neft həftənin son ticarət günündə eniş tendensiyasını davam etdirdi və həftəlik şamlarını müvafiq olaraq, 72.07$ və 77.78$ səviyyələrində bağladı. Qeyri-müəyyənliyin davam etməsi fonunda ucuzlaşma davam edə bilər.

XAUUSD

Dollar qarşısında 2027$ qədər ucuzlaşan qızıl, bu qiymətdən dəstək alaraq bu gün Asiya birjalarında 2042$-dək bahalaşa bildi. Hal-hazırda 2030$ ticarət olunan qızılın dahada bahalaşacağı ilə bağlı ehtimallar var.

İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin

Tədris və Analiz Departamenti

“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

___________________________________________________________________

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Son xəbərlər
Digər xəbərlər