Noyabr ayının 5-i ABŞ-da baş tutan prezident seçkilərində Donald Trampın qələbə qazanması fonunda beynəlxalq birjalarda başlayan dolların bahalaşması tendensiyası noyabrın son həftəsində bir qədər səngidi. EURUSD, GBPUSD məzənnələri ötən həftəyə 1.0480 və 1.2590 hədlərində başlasalar da, bahalaşaraq həftəni müvafiq olaraq 1.0580 və 1.2745 hədlərində başa vurdular. Major valyutalar arasından dollar qarşısında ən çox dəyər qazanan yapon yeni oldu. Belə ki, ötən həftəyə 154.080 səviyyəsində start verən USDJPY cütlüyü kəskin ucuzlaşaraq həftəni 149.640 həddində tamamladı.
Geosiyasi gərginliklər, eləcə də ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp ilə FED administrasiyası arasında mümkün mübahisələr bazarlarda volatilliyi artırsa da, cümə günü Amerikada açıqlanacaq əmək bazarı, xüsusilə də, “NFP” göstəriciləri investorların beynəlxalq birjalarda mövqelərini təyin etməyə kömək edəcək. Qeyd edək ki, bu cari ilin dərc olunacaq son məşğulluq məlumatlarıdır.
Bu həftə, həmçinin, Amerikada, Avrozonada, Almaniyada, İngiltərədə açıqlanacaq sənaye və xidmət sektorlarında, eləcə də, Kompzit Biznes Aktivliyi İndeksi göstəriciləri, Avrozonada ÜDM hesabatı, FED sədri Cerom Pavelin və AMB sədri Kristin Laqardın çıxışları birjalara yön verə bilər.
EUR
Noyabrın ilk 3 həftəsini dəyər itirən EURUSD məzənnəsi, ötən həftə “buğalar”-ın ön plana çıxması ilə fərqləndi.
Bu bir həftəlik bahalaşmaya baxmayaraq avro yeni ayın ilk ticarət gününə enişlə başlayıb. Günün ilk ticarət saatlarında 1.0520 hədlərinə kimi ucuzlaşan EURUSD məzənnəsində tendensiyanın necə davam edəcəyini aydınlaşdırmaq üçün investorlar, Amerika iqtisadiyyatındakı mənzərə ilə paralel olaraq, bu həftə Avrozonada və Almaniyada açıqlanacaq PMİ rəqəmləri, ÜDM hesabatı və Ticarət Saldosu məlumatlarını da diqqətdə saxlayacaqlar.
GBP
Keçən həftəyə 1.2590 səviyyəsində başlayan GBPUSD məzənnəsi həftə ərzində 1.2506 həddinə qədər ucuzlaşsa da, buradan dəstək taparaq bahalaşdı və həftəni 1.2745 səviyyəsində tamamladı.
GBPUSD məzənnəsində “ayılar” qiyməti 1.26$ həddinin altına qaytara bilsələr, eniş tendensiyası daha kəskin xarakter ala bilər.
XAUUSD
Dərc olunan son inflyasiya məlumatları FED-in faiz endirimini dəstəklədiyi üçün qızılda qiymətlərində üfüqi dalğalanma müşahidə olunur.
ABŞ dollarının bahalaşması sürətini itirdikcə qiymətli metala olan təzyiqlər də azalıb. Lakin, güclü dollar bir çox alıcı üçün qiymətli metala investisiya qoyuluşlarının maya dəyərini bahalaşdırır.
Ötən həftə ABŞ prezidenti Bayden mətbuata açıqlamasında Livan və İsrail hökumətləri arasında atəşkəs razılaşmasının əldə edildiyini açıqlayıb və Livan Silahlı Qüvvələrinin 60 gün ərzində Livanın cənub sərhəddinə yerləşdiriləcəyini və bu bölgəyə nəzarəti təmin edəcəyini bildirib.
Geosiyasi gərginliyin zəifləməsi çox vaxt qızıla mənfi təsir göstərir və onun “güvənli liman” kimi cəlbediciliyini azaldır.
Ötən həftəyə 2692$ həddində start verən və həftəlik şamını 2652$ həddində tamamlayan qiymətli metal cari həftəyə 2650$-da start verdi. Hazırda, 2626$-dan təklif olunan qızılda qarşıda duran əsas dəstək həddləri kimi, 2600$ və 2536$ hədləri çıxış edir.
İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.
“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin
Tədris və Analiz Departamenti
“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
______________________________
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.
—