5 C
Baku
Tuesday, January 28, 2025

“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

Ötən həftə ABŞ-nın yeni prezidenti Donald Trampın andiçmə mərasimindəki çıxışı zamanı səsləndirdiyi fikirlər fonunda ölkə rəhbərinin vergi tariflərinin seçki kampaniyası dövründə vədd etdiyi kimi aqressiv olmayacağı ehtimallarının artması, eləcə də, Amerikada inflyasiyanın zəifləyəcəyinə dair proqnozların güclənməsi dolların major valyutalar qarşısında ucuzlaşmasına səbəb oldu. Belə ki, EURUSD cütlüyü ötən həftə ərzində 1.0270 səviyyəsindən 2.5 sent balahaşaraq 1.0520 hədddinə yüksəlib. GBPUSD məzənnəsi də 1.2170 həddindən dəstək taparaq 2.2500 səviyyəsinə kimi bahalaşdı. Dolların zəifləməsi fonunda qızıl “güvənli liman” maliyyə aləti kimi dəyər qazandı və 2703$-dan 2786$-a kimi yüksəldi.

Cari həftə ərzində bazarların gündəmində çərşənbə günü ABŞ Federal Ehtiyyatlar Sisteminin, cümə axşamı günü isə Avropa Mərkəzi Bankının növbəti faiz qərarı olacaq.

FED-in çərşənbə günü iki günlük iclasın sonunda faiz dərəcələri dəyişməz olaraq saxlayacağı analitiklər tərəfindən proqnoz olunur. Lakin, bazar iştirakçılarının fikrincə inflyasiyanın 2%-lik hədəf səviyyəsinə yaxınlaşması fonunda mərkəzi bank mart ayında faiz endirimini reallaşdıra bilər.

Avropa Mərkəzi Bankının isə uçot dərəcələrini 3.15%-dən 2.9%-ə endirəcəyi proqnozlaşdırılır.

Bu həftə ərzində, həmçinin, Amerikada, Avrozonada və Almaniyada ÜDM hesabatı, eləcə də, Almaniyada, Yaponiyada və Avstraliyada İstehlak Qiymətləri İndeksi göstəriciləri dərc olunacaq.

Yanvar ayının son həftəsində “Möhtəşəm Yeddilik” şirkətlərindən dördü rüblük nəticələrini açıqlayacaq. “Meta Platforms”, “Microsoft” və “Tesla” çərşənbə günü hesabatlarını dərc edəcək, “Apple” isə nəticələrini cümə axşamı açıqlayacaq.

EUR

Ötən həftəyə 1.0270 səviyyəsində start verən EURUSD məzənnəsi həftə ərzində 1.0520 səviyyəsinə qədər bahalaşdı və həftəlik şamını 1.0490 səviyyəsində tamamladı.

Cari həftə ərzində Avrozonada və Almaniyada açıqlanacaq ÜDM hesabatı və Almaniyada dərc olunacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri avronun dünya birjalarındakı qiymətlərinə yön verə bilər.

“Buğalar” qiyməti 1.06$ həddinin üzərinə yüksəldə və burada qoruyub saxalaya bilsələr, artım tendensiyası davam edə bilər.

GBP

Keçən həftəyə 1.2170 səviyyəsində başlayan GBPUSD məzənnəsi həftə ərzində 1.25$ səviyyəsini qədər bahalaşdı.

Bu həftə isə dolların birjalardakı mövqeyi funt-sterlinqin də qiymətlərinə yön verəcək.

XAUUSD

“Güvənli liman” olaraq sığındıqları qızıl ötən həftə 2703$ həddindən dəstək alaraq  2786$-a kimi bahalaşdı. Hazırda 2754$-dan təklif olunan qızılda “buğalar”-ın qarşısında duran əsas müqavimət həddləri kimi, 2762$, 2776$ və 2791$ səviyyələri çıxış edir.

OİL

Neft qiymətləri ABŞ prezidenti Donald Trampın “OPEC”-ə qiymətləri azaltmaq üçün təkrar çağırışı fonunda ucuzlaşır: “Brent” markalı neftin bir barrel üçün qiyməti 78$-a qədər ucuzlaşıb, ”WTI” markalı neftin bir barrel üçün qiyməti isə 75$-a qədər geriləyib. Tramp “Ağ Evdə”-ki ilk həftəsində ölkənin neft və qaz hasilatını artırmaq üçün genişmiqyaslı tədbirlərin görüləcəyini açıqladı.

Ötən həftə 81.30$ səviyyəsinə start verən OLİUK, həftəni 78.90$ həddində tamamladı. “Ayılar” qiyməti 80$ həddinin altında saxladığı müddətcə eniş tendensiyası davam edə bilər.

İnvestisiya ilə bağlı suallarınızı: *1234 telefon nömrəsi və ya www.investaz.az veb saytı vasitəsilə bizə ünvanlaya bilərsiniz.

“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin

Tədris və Analiz Departamenti

“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.

_______________________________________________________________

Risk bildirişi.

Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.

Son xəbərlər
Digər xəbərlər