Ötən həftə Amerikada inflyasiyaya dair məlumatların proqnozların altında dərc
olunması və prezident Donald Trampın tarif siyasətinin beynəlxalq münasibətləri
gərginləşdirməyə davam etməsi fonunda dolların major valyutalar qarşısında
ucuzlaşması tendensiyası davam edib. Belə ki, EURUSD valyuta cütlüyü həftə
ərzində 1.09600 səviyyəsindən dəstək alaraq bahalaşıb və bugün səhər 1.14730
səviyyəsinə qədər artım göstərib. Bu, 2022-ci ilin fevral ayından bəri ən yüksək
həddir. USDJPY cütlüyü eyni dövr ərzində 2024-ci ilin oktyabr ayından bu yana, ilk
dəfə 142.060 səviyyəsinə qədər ucuzlaşıb. EURGBP cütlüyü isə 2009-cu ilin iyun
ayından bəri, ən yüksək səviyyəyə, 0.87380 həddinə qədər qalxıb.
Dolların ucuzlaşması investorların “güvənli liman” maliyyə aləti olaraq qızıla olan
marağını artırıb və dəyərli metal tarixində ilk dəfə 3245$ səviyyəsinə qədər
bahalaşıb. “Brent” markalı neftin qiyməti isə 64$ həddinin üzərində möhkəmlənməyə
çalışır. Hazırda “qara qızıl” beynəlxalq birjalarda 64.10$-a ticarət olunur. “Bitcoin”-in
qiyməti isə ötən həftə 74500$ səviyyəsinə kimi ucuzlaşıb.
ABŞ-ın Əmək Nazirliyinin verdiyi məlumatlara əsasən, mart ayında ölkədə İstehlak
Qiymətləri İndeksi (CPI) illik ifadədə 2.4% artıb. Qiymət artımı fevral ayında dərc
olunan 2.8%-lik göstəriciyə nisbətən zəifləyib. Aylıq ifadədə CPI indeksi fevral ayı ilə
müqayisədə mart ayında 0.1% azalıb. Bu, 2024-cü ilin iyun ayından bəri, göstəricidə
müşahidə olunan ilk azalmadır. Ölkədə baza inflyasiya indeksi (Core CPI) mart
ayında fevral ilə müqayisədə 0.1%, illik ifadədə isə 2.8% artıb.
Cari həftə ərzində isə Avropa Mərkəzi Bankının faiz qərarı, ECB və FED sədrləri
Kristin Laqard ilə Cerom Pavelin çıxışları, eləcə də, Avrozonada və İngiltərədə dərc
olunacaq İstehlak Qiymətləri İndeksinə (CPİ) dair göstəricilər dünya birjalarında ciddi
dalğalanmalara səbəb ola bilər.
Bu həftə eləcə də, Kanada və Türkiyə mərkəzi banklarının faiz qərarları, həmçinin
Kanada və Yeni Zelandiyada açıqlanacaq CPİ hesabatları investorların diqqət
mərkəzində saxlayacaqları əsas xəbərlər arasında yer alırlar.
Qeyd edək ki, dünya birjalarında “Müqəddəs Cümə Günü” (Pasxa bayramından
öncəki cümə) ilə əlaqədar olaraq cümə günü volatilliyin kəskin azalacağı ehtimal
olunur.
EUR
İnvestorların Amerikanın xarici ticarət siyasətində yaşanan dəyişikliklər, ABŞ
prezidenti Donald Trampın avropa mallarına tətbiq etdiyi son gömrük tariflərinin
gələcək təsirlərini qiymətləndirmələri səbəbilə dolların dünya birjalarında kəskin
ucuzlaşması fonunda EURUSD məzənnəsi bahalaşaraq 1.14730 hədlərinə yüksəldi.
Hazırda 1.13700 səviyyəsində ticarət olunan EURUSD məzənnəsində “buğalar”
qiyməti 1.13$ həddinin üzərində qoruyub saxlaya bilsələr, artım tendensiyası davam
edə bilər.
Qeyd etmək lazımdır ki, bu həftə Avropa Mərkəzi Bankının faiz qərarı və Avrozonada
dərc olunacaq İstehlak Qiymətləri İndeksi göstəriciləri avronun valyuta birjalarında
qiymətlərinə yön verə bilər.
GBP
Ötən həftə 1.3144$ həddinə kimi bahalaşan GBPUSD valyuta cütlüyü, həftəni
1.30790 səviyyəsində tamamladı. Hazırda 1.31100 səviyyəsində ticarət olunan
məzənnədə “buğalar” qiyməti 1.31$ həddinin üzərində qoruyub saxlaya bilsələr,
funt-sterlinqdə artım tendensiyası daha kəskin xarakter ala bilər.
Bu həftə İngiltərədə açıqlanacaq inflyasiya və əmək bazarı hesabatları funtun
qiymətlərinə ciddi təsri edə bilər.
XAUUSD
Tariflərin qlobal iqtisadiyyata təsiri ilə bağlı artan narahatlıqlar fonunda investorlar
təhlükəsiz sığınacaqlara axın etdikcə qızılın qiyməti bir unsiya üçün 3245$-a
yüksələrək bütün dövlərin rekord həddinə çatdı.
Hazırda, 30232.70$-dan ticarət olunan qiymətli metalda “buğalar” qiyməti 3250$
həddinin üzərinə yüksəldə və burada qoruyub saxlaya bilsələr, artım tendensiyası
3350$ – 3400$-a kimi, davam edə bilər. Analitik şirkətlərin ehtimallarına əsasən,
mövcud iqtisadi və geosiyasi şərait davam edərsə, “sarı metal” 3500$ – 3700$-a kimi
bahalaşa bilər.
“İNVEST-AZ İnvestisiya Şirkəti” QSC-nin
Tədris və Analiz Departamenti
“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan
Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli
087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex),
fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya
xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
______________________________ ______________________________ _______
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə
həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya
Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən
investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.