Ötən həftə “Moody’s”-in ABŞ-ın reytinqini aşağı salması, həmçinin, ABŞ-da büdcə kəsrinin rekord səviyyədə artması xəbərləri fonunda beynəlxalq birjalarda dollar major valyutalar qarşısında kəskin şəkildə ucuzlaşdı. EURUSD məzənnəsi 1.13750, GBPUSD məzənnəsi 1.35390 hədlərinə kimi bahalaşdı. USDCHF cütlüyü 0.82050, USDJPY cütlüyü isə 142.410 hədlərinə kimi ucuzlaşdı.
Dolların ucuzlaşması qızıla “güvənli liman” maliyyə aləti kimi, tələbin artması ilə nəticələndi. Qiymətli metalın dəyəri 3366$-a qədər yüksəldi.
Xatırladaq ki, ötən həftənin çərşənbə günü beynəlxalq reytinq agentliyi “Moody’s Ratings” ABŞ-ın uzunmüddətli kredit reytinqini “Aaa” səviyyəsindən “Aa1”-ə endirib. Bu qərar, dövlət borcunun və büdcə kəsirinin artması ilə bağlı narahatlıqlar fonunda verilib.
Beləliklə, “Moody’s”, reytinq agentliklərinin “böyük üçlüyü” arasında ABŞ-ı ən yüksək reytinqdən məhrum edən sonuncu agentlik oldu. Daha əvvəl bu addımı “S&P Global Ratings” və “Fitch Ratings” atmışdılar.
Bununla yanaşı Amerika prezidenti Donald Trampın vergi güzəştləri ilə bağlı qərarının ABŞ-da büdcə kəsrini daha da artıracağına dair narahatlıqlar dollar üzərində təzyiqləri bir qədər də gücləndirdi.
Hətta, ABŞ-da proqnozların üzərində açıqlanan Biznes Aktivliyi İndeksi göstəriciləri də dollara dəstək ola bilmədi.
Həftə ərzində xəbər təqvimində yer alan ən əsas məqam Federal Ehtiyyatlar Sisteminin, Avropa Mərkəzi Bankının, İngiltərə Bankının sədrlərinin çıxışlarıdır. Baş Bankirlərin monetar siyasətlə bağlı səsləndirəcəkləri fikirlər, bu həftə bazarların əsas katalizatoru ola bilər.
Bu həftə Almaniyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi (CPİ), Amerikada dərc olunacaq ÜDM, Şəxsi Xərclər İndeksi, Şəxsi Xərclər Qiymət İndeksi (PCE, PCE Price Index) hesabatları, Federal Ehtiyyatlar Sistemi Federal Açıq Bazar Komitəsinin son toplantısının yayımlanacaq protokolları investorların diqqət mərkəzində yer alacaq əsas xəbərlərdir.
Cari həftə ərzində həmçinin, Yeni Zelandiya Federal Ehtiyyatlar Sisteminin faiz qərarı, Kanadada və Türkiyədə dərc olunacaq ÜDM hesabatları, Yaponiyada açıqlanacaq İstehlak Qiymətləri İndeksi kimi önəmli iqtisadi göstəricilər dünya birjalarında qiymət tendensiyalarına ciddi təsir edə bilər.