Fevral ayının ilk həftəsi qlobal maliyyə bazarları üçün həm gosiyasi gərginliyin davam etdiyi, həm də risk aktivlərində dalğalanmanın artdığı bir dövr kimi yadda qaldı. ABŞ, Avrozona, Almaniya və İngiltərədə açıqlanan iqtisadi göstəricilər investorların mərkəzi bankların gələcək monetar siyasətinə dair mövqelərini müəyyənləşdirərkən, bazarlarda risk iştahı zəif xarakter daşıdı.
Bu dövrdə investorlar xüsusilə ABŞ-da əmək bazarı və inflyasiya göstəricilərini, Avropada isə iqtisadi bərpanın davamlılığına dair siqnalları diqqətlə izlədilər.
ABŞ: əmək bazarı siqnalları və FED gözləntiləri
ABŞ-da açıqlanan əmək bazarı məlumatları iqtisadi aktivliyin tədricən soyuduğuna işarə etdi. İşsizlik müavinəti üçün müraciət edən amerikalıların sayının artması və boş iş yerlərinin sayının son illərin minimum səviyyəsinə yaxınlaşması əmək bazarında balanslaşmanın başladığını göstərdi. Bu göstəricilər Federal Ehtiyatlar Sisteminin (FED) sərt monetar siyasət dövrünün sonuna yaxınlaşdığı fikrini gücləndirdi.
Bununla yanaşı, inflyasiya ilə bağlı qeyri-müəyyənliklərin qalması FED-in tələsmədən, məlumatlara bağlı qərarlar verəcəyini göstərdi. Bu vəziyyət dollar indeksində kəskin trendin formalaşmasına imkan vermədi və ABŞ dolları həftə ərzində üfüqi tendensiya nümayiş etdirdi.
Avrozona və Almaniya: ehtiyatlı optimizm
Avrozonada və Almaniyada açıqlanan göstəricilər iqtisadi aktivliyin zəif, lakin sabit qalmağa çalışdığını ortaya qoydu. Sənaye sektorunda bərpanın ləng getməsi Avropa Mərkəzi Bankının yumşaq mövqeyini qoruyacağına dair gözləntiləri artırdı.
ECB-nin faiz dərəcələrini dəyişməməsi və inflyasiyanın orta müddətdə hədəf səviyyəyə yaxınlaşacağına dair mesajları avronun kəskin hərəkətlərinin qarşısını aldı. Nəticədə, avro əsas valyutalar qarşısında məhdud diapazonda ticarət olundu.
İngiltərə: monetar siyasətdə fikir ayrılığı
İngiltərə Bankının faiz dərəcəsini dəyişməməsi ekspertlərin proqnozları ilə üst-üstə düşsə də, qərarın Komitə daxilində fikir ayrılığı fonunda verilməsi diqqət çəkdi. Bir sıra üzvlərin faiz endiriminə səs verməsi gələcək dövrdə yumşalma ehtimallarını gündəmə gətirdi.
Bu vəziyyət funt sterlinqin həftə ərzində qeyri-sabit, dalğalı dinamika nümayiş etdirməsinə səbəb oldu.
Fond bazarları: artım müşahidə olunur
ABŞ fond bazarlarında texnologiya və süni intellekt sektoru yenidən diqqət mərkəzinə düşdü. “Alphabet”-in güclü maliyyə nəticələrinə baxmayaraq, AI sahəsində xərclərin artacağına dair açıqlamaları investorları ehtiyatlı davranmağa vadar etdi. Bu isə texnoloji səhmlərdə qısamüddətli satışlara səbəb oldu.
Avropa və Asiya bazarlarında isə əsas indekslərdə bərpa cəhdləri müşahidə edilsə də, ümumi mənzərə ehtiyatlı optimizm olaraq qaldı.
ABŞ–İran münasibətləri
Ötən həftənin cümə günü ABŞ və İran rəsmi danışıqlara Omanın paytaxtı Məsqatda start verdi. Danışıqlar əsasən İranın nüvə proqramı və mümkün gərginliyin yumşaldılması mövzusuna fokuslandı. Hər iki tərəf görüşlərin “müsbət başlanğıc” olduğunu bəyan edib və danışıqların davam etdiriləcəyi barədə razılığa gəliblər.
Dialoq istiqamətində addımların olmasına baxmayaraq, Tehran və Vaşinqton arasında hələ də əsas strateji fikir ayrılıqları var. ABŞ‑ın Körfəz regionuna hərbi qüvvə toplaması və İranın buna qarşı sərt reaksiyaları gərginlik səviyyəsini yüksək saxlayır. Ritorikanın sərtləşməsi və hərbi qabiliyyətlərə işarə nəticəsində geosiyasi risklər beynəlxalq bazarlarda hələ də önəmli rol oynayır.
Cari həftə ərzində əsas diqqətlər Yaxın Şərqdə geosiyasi proseslərin inkişaf dinamikasına, ABŞ-da açıqlanacaq inflyasiya göstəricilərinə, əmək bazarı hesabatı, xüsusilə NFP göstəricilərinə, eləcə də Avrozonada və İngiltərədə dərc olunacaq ÜDM məlumatlarına yönələcək.
Avropa Mərkəzi Bankının (ECB) sədri Kristin Laqardın çıxışı, həmçinin, Amerikada açıqlanacaq Pərakəndə Satış Dövriyyəsinin Həcmi, Orta Saatlıq Əmək Haqları və Təkrar Mənzil Bazarında Satış Həcmi, Avrozonada və Böyük Britaniyada dərc olunacaq Ticarət Saldosu və Sənaye Sektorunda İstehsal Həcmi göstəriciləri investorların diqqət mərkəzində olacaq əsas xəbərlərdir.
EUR
Ötən həftəyə 1.18520 səviyyəsində başlayan EURUSD məzənnəsi 1.17650 səviyyəsinə qədər geriləyib. Lakin, həftənin sonuna doğru dolların ucuzlaşması ilə məzənnədə artım sərgiləyib və həftəni 1.18220 səviyyəsində tamamladı.
Hazırda 1.18580 hədlərində ticarət olunan məzənnədə “buğalar” qiyməti 1.18700 həddin üzərinə qaldırsa və orada qoruyub saxlaya bilsələr, artım tendensiyası davam edə bilər.
GBP
Keçən həftyə 1.36870 həddində başlayıb, 1.37320 hədlərinə kimi bahalaşan GBPUSD məzənnəsi ötən həftə ərzində 1.35070 həddinədək geriləyib. Həftəni məzənnə bir qədər bahalaşaraq 1.36170 səviyyəsində tamamladı. Hazırda, 1.36000 hədlərində ticarət olunan cütlüyün qiyməti qeyd olunan həddin üzərində qaldığı müddətcə, artım tendensiyası davam edə bilər.XAUUSD
Həftənin ilk günlərində satış təzyiqi ilə üzləşən qızıl və gümüşün qiymətləri zəiflədi. Ötən həftəyə 4737$-dan başlayan qızıl ucuzlaşaraq 4400$-a qədər ucuzlaşdı. Lakin daha sonra bahalaşaraq sarı metal həftəni 4955$-da tamamladı. Yeni həftəyə artımla başlayan qızıl hazırda 5000$-dan təklif edilir.
“İNVEST-AZ İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tənzimlənir. Şirkət, 09.01.2016-cı il tarixli 087986 saylı lisenziyası əsasında broker, anderraytinq (diler), marja ticarəti (forex), fərdi investorların portfelinin idarə edilməsi, market meykerlik və sair investisiya xidmətləri üzrə fəaliyyət göstərməkdədir.
___________________________________________________________________
Risk bildirişi.
Yuxarıda göstərilən məlumatlar tamamilə tövsiyə xarakterlidir. Bu fəaliyyət üzrə həyata keçirilən əməliyyatlar yüksək risk qrupuna daxildir və “İNVEST-AZ İnvestisiya Şirkəti” QSC yuxarıda göstərilən məlumatlar əsas götürülməklə, həyata keçirilən investisiya əməliyyatları üzrə heç bir öhdəlik daşımır.







