3 C
Baku
Çərşənbə axşamı, Yanvar 18, 2022

İnvestisiya bazarının lideri – PAŞA Kapitalın 2021-ci ilin yekunları ilə bağlı müsahibəsi

Son dövrlərdə yerli və xarici investisiya bazarına maraq artmasında başlıca rolu olan ölkənin ən iri investisiya şirkəti – PAŞA Kapitalın direktoru Ceyhun Hacıyevin ilin yekunları və gələcək illərdə planlaşdırılan işlərlə bağlı müsahibəsini təqdim edirik.

unnamed 3PAŞA Kapital İnvestisiya Şirkəti yerli kapital bazarının ən iri investisiya şirkətidir və 2021-ci ilin ilk 11 ayının statistik göstəricilərinə görə onun bazarda payı 52 faizə çatmışdır. Sizcə bu uğurun əsas təkan verici qüvvəsi, səbəbi nədir?

PAŞA Kapital İnvestisiya Şirkəti QSC 2012-ci ildən bəri fəaliyyət göstərir və həmin ildən bəri bu günə qədər yerli qiymətli kağızlar bazarının inkişafı üçün əlində olan hər imkandan istifadə etməyə çalışmış, bazarın inkişafı üçün daim yeni təşəbbüslərlə çıxış etmiş,  layihələr həyata keçirmişdir. Təkcə onu demək kifayətdir ki, PAŞA Kapital hələ ötən onillikdə yerli bazarda ilk likvidlik təminatçısı kimi çıxış edərək Bakı Fond Birjasında market-meyker statusu almışdır. 2017-ci ildən başlayaraq Şirkət bütün resurslarını sabit gəlirli qiymətli kağızlar bazarının böyüməsi, həmin bazara yeni emitent və investorların cəlb edilməsi üzrə təşəbbüslərə yönəltmişdir. Bu səylər nəticəsiz qalmamış və 2018-ci ildən başlayaraq dövlət və korporativ istiqrazlar bazarının həcmi tədricən artmağa başlamış və artımla birgə PAŞA Kapitalın bazarda payı da böyümüşdür. Son bir neçə il ərzində biz Qara Dəniz Ticarət və İnkişaf Bankı,  AzerGold QSC, SOCAR Polymer, Unibank, Silk Vey Vest, Azərbaycan Supermarket (Bravo) kimi şirkətləri Azərbaycan fond bazarına gətirdik və hesab edirəm ki, bu bizim böyük nailiyyətimizdir. Fikrimcə, PAŞA Kapitalın bu gün əldə etdiyi uğurların əsas səbəbi onun peşəkar komandası və vaxtı ilə düzgün istiqamətdə verilmiş qərarlarıdır. Eyni zamanda, onu da bildirim ki, PAŞA Kapitalın yerli bazarda aktiv mövqeyi beynəlxalq medianın diqqətindən kənarda qalmamışdır. Biz ötən illər ərzində və bu ildə bir neçə nüfuzlu beynəlxalq maliyyə jurnalları və təşkilatları tərəfindən ölkənin ən yaxşı investisiya şirkəti adına layiq görülmüşük.

Azərbaycan kapital bazarının son illər üzrə ümumi dinamikasını necə qiymətləndirmək olar? Bu bazar yerli emitentlər və investorların tələblərini nə dərəcədə qarşılaya bilir?

Azərbaycan kapital bazarının vəziyyətini qiymətləndirmək üçün son iki il üzrə bazarın kəmiyyət və keyfiyyət göstəricilərinə nəzər salmaq kifayət edər. Bazarın ümumi həcmi bu ilin 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə demək olar ki 40 faiz artmışdır ki, bu da çox müsbət bir dinamikadır. Bazarın müxtəlif seqmentlərinə nəzər salsaq görə bilərik ki, xarici valyutada istiqraz bazarı 50 faizdən çox, dövlət qiymətli kağızlar bazarı 90 faiz, REPO bazarı isə 3 dəfə artmışdır. Bazarın ən likvid aləti olan dövlət istiqrazları ilə ticarət həm ilkin bazarda, həm də təkrar bazarda əhəmiyyətli dərəcədə böyümüş və 2 milyard manatı keçmişdir. REPO bazarı isə ümumiyyətlə ötən ilin 9 ayı ilə müqayisədə 292 faiz artaraq 5,5 milyard manata çatmışdır. 

Onu da qeyd edim ki, özəl sektor səhm və istiqraz buraxılışı vasitəsi ilə bu ilin 9 ayında yerli kapital bazarından 940 milyon manata yaxın vəsait cəlb edə bilmişdir. Müqayisə üçün bildirim ki, bankların biznes kredit portfeli eyni dövr ərzində cəmi 500 milyon manat artmışdır. Bu da onu deməyə əsas verir ki, özəl sektor tədricən öz kapital ehtiyaclarını ənənəvi olaraq bank kreditləri vasitəsi ilə yox, qiymətli kağız buraxılışı yolu ilə təmin etməyə meyl göstərirlər. 

Bazarda alətlərin sayı və çeşidi artdıqca yerli investorların da bazara olan marağı artır. Bildiyiniz kimi, bizim bazarın ən aktiv iştirakçıları institusional investorlardır. Lakin biz son bir il ərzində fiziki şəxs olan investorların bazarda  aktivliyinin artmasını müşahidə etməyə başlamışıq. Bu çox müsbət bir haldır, çünki əhalinin yığımlarının kapital bazarı vasitəsi ilə investisiyalara çevrilməsi iqtisadiyyatın inkişafı üçün əlavə təkan verir. Son ayların statistikasına əsasən PAŞA Kapitala fiziki şəxslərdən gələn müraciətlərin sayı artıq 500-ü ötmüşdür. Bu şəxslərin mütləq əksəriyyəti əvvəllər heç bir qiymətli kağızla əməliyyat aparmamış və investisiya edəcəkləri məbləği 10 min manatı keçmir, lakin buna baxmayaraq bu şəxslər hesab açıb, kapital bazarları imkanlarından istifadə etməyə böyük həvəs göstərirlər. Bazarda böyük təcrübəsi olan institusional investorlardan fərqli olaraq, pərakəndə investorlarla iş xüsusi diqqət və səriştə tələb edir. Məs buna görə də biz komandamızda çalışan əməkdaşların sayını son bir il ərzində artırmağa qərar verdik. 

Azərbaycanın fond bazarının inkişaf perspektivlərini və burada PAŞA Kapitalın rolunu necə görürsüz?

Azərbaycanda kapital bazarının tarixi elə də uzun deyil. Geriyə baxsaq görərik ki, bu tarix haradasa 20 ildən bir az artıq müddət təşkil edir. 90-cı illərin sonlarında pərakəndə şəkildə özəlləşdirmə çekləri ilə başlayan ticarət artıq elə bir səviyyəyə çatıb ki, artıq burada səhm, dövlət və müxtəlif valyutalarda korporativ istiqrazlar, repo və əks repo əməliyyatları geniş yer alır. Ticarət həcmlərinin böyüməsi və ticarət iştirakçılarının artması ilə yanaşı, bu qısa müddət ərzində bazar infrastrukturu da xeyli inkişaf etmişdir. Mən indi artıq əminliklə deyə bilərəm ki, klassik kapital bazarının bütün atributları Azərbaycan bazarında mövcuddur və inkişaf etməkdə davam edir. 

O ki qaldı inkişaf perspektivlərinə, düşünürəm ki yaxın illərdə biz kapital bazarında yeni, daha mürəkkəb alətlərə marağın artmasını müşahidə edəcəyik. Bura həm investisiya fondları və onların payları ilə ticarəti, həm də törəmə maliyyə alətlərini aid etmək olar. Digər tərəfdən isə, ölkə iqtisadiyyatının dinamik inkişafı Azərbaycan bazarına xarici portfel investorların marağının artmasına da səbəb olacaq. Düşünürəm ki, yaxın gələcəkdə biz qeyri-rezidentlər tərəfindən yerli bazarda aparılan əməliyyatların payının tədricən artacağını görəcəyik. O ki qaldı PAŞA Kapitalın bazarda roluna, artıq qeyd etdiyim kimi, bizim əsas üstünlüyümüz bizim peşəkar komandamızdır və biz bu komandaya arxalanaraq bazarın bütün yeni çağırışlarına cavab verməyə və bazarın inkişafında aparıcı rol oynamağa hazırıq. 

 

Son xəbərlər
Oxşar xəbərlər