10 C
Baku
Saturday, November 23, 2024

İnvestisiya dələduzlarını necə fərqləndirmək olar?

Azərbaycanda investisiya etməklə biznes qurmaq tədricən sərfəli hesab edilən sahələrdən birinə çevrilir. Amma bu sahə həm də dələduzluq edən şəxsləri cəlb etməkdədir. Belə ki, əsasən bu istiqamətdə yetəri qədər savad və məlumatı olmayan şəxslər bəzi fırıldaqçılar tərəfindən aldadılır. Bu özünü daha çox sosial şəbəkələrdə göstərməkdədir. Yalan məlumatların yer aldığı reklamlara aldanan vətəndaşlar nəticədə böyük məbləğdə pul itirirlər.

Ölkədə fəaliyyət göstərən investisiya şirkətlərindən birinin direktor müavini Pərvanə Qasımova bildirib ki, rəqəmsal məhsullar gündən-günə daha cəlbedici hala gəlir və istifadəçi auditoriyası genişlənir:

“Bunun bir çox səbəbləri var ki, onlardan ən başlıca nüansı mobil telefon vasitəsilə bir çox işləri görə bilməkdir. Şirkətlər auditoriyasına daha asan çatmaq üçün rəqəmsallaşmanı prioritetləşdiriblər. Lakin rəqəmsallaşma özü ilə bərabər yüksək risklər də gətirir. Bu risklər qanunsuz proseslər və ümumiyyətlə, dələduzluq halları üçün münbit şərait formalaşdırır. Həmçinin deyə bilərik ki, məhz rəqəmsal sahədə baş verən cinayət əməlləri yüksək səviyyəli peşəkarlar tərəfindən icra olunduğu üçün onların ifşa olunması ən mürəkkəb işlərdən biridir. Məlum olduğu kimi, ümumi hüquq sistemi konservativ olduğundan texnoloji inkişafı bir çox hallarda qabaqlaya bilmir. Rəqəmsal dünyaya keçiddə bütün vətəndaşlar maksimum məlumatlı olmalıdır və dələduzluq halları ilə bağlı məsələlər ictimailəşdirilərək hər kəsə çatdırılmalıdır”, – ekspert qeyd edib.

Son vaxtlar investisiyalarla bağlı da dələduzluq halları artıb ki, bunlardan biri də “SOCAR investisiya” başlığı ilə insanları yatırım etməyə çağırırlar. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu tipli reklamların onlara aid olmadığını elan etsə də, artıq bu istiqamətdə aldanan və pullarını itirən insanlar mövcuddur. Rəqəmsal dünyada, xüsusilə sosial şəbəkə hesabları üzərindən insanları aldadanlar platformanın imkanlarından istifadə edir və müəyyən yaş aralığı, eləcə də digər hədəfləmə imkanlarından yararlanırlar. Belə hallar investisiyalarla məşğul olan qanuni fəaliyyətlərin reputasiyasına xələl gətirir. P.Qasımova oxşar problemlərlə qarşılaşan vətəndaşlara nələrə diqqət yetirməyi məsləhət də görüb:

– investisiya xidmətləri ilə bağlı bu formada sizə təkliflər olan zaman bir çox qaydalara əməl etmək və dəqiqləşdirmə aparmaq lazımdır;

– şirkətdən onun Azərbaycan Respublikasında fəaliyyət göstərməyə müvafiq icazəsinin olub-olmaması yoxlanılmalıdır;

– xarici şirkət olduğu təqdirdə onun fəaliyyət göstərdiyi ölkədə bu fəaliyyət ilə məşğul olması üçün müvafiq lisenziyasının olub-olmaması da yoxlanılmalıdır;

– şirkətdən sizə təklif etdiyi xidmətlər ilə bağlı müqavilə təqdim olunmalıdır;

– sizdən investisiya məbləğinin köçürülməsi tələb edildiyi təqdirdə həmin məbləğ şirkətin kartına köçürülməməlidir;

– siz xüsusi olaraq hər hansı Azərbaycan şirkətinin adı ilə cəlb edilirsinizsə, həmin layihəni təsdiq edən sənəd tələb olunmalıdır;

– özünüzü risklərdən qorumaq üçün Azərbaycan Mərkəzi Bankına müraciət edə bilərsiniz;

– əgər hər hansı şirkət Azərbaycan qanunları altında fəaliyyət göstərmirsə, o halda sizin hüquqlarınız müdafiəsiz qalacaq.

Mövzu ilə əlaqədar fikir bildirən hüquqşünas Əkrəm Həsənov qeyd edib ki, oxşar elanları sosial şəbəkədə görüb: “Hətta bu barədə məndən məsləhət alan da olub. Onlara bildirmişəm ki, belə elanlar saxtadır. Amma nəzərə almaq lazımdır ki, belə reklam xarakterli saxta məlumatlar Azərbaycan ərazisindən olmur. Xaricdən verilən belə elanların sahiblərini tapıb Azərbaycana gətirmək, məsuliyyətə cəlb etmək qeyri-mümkündür. Əksər hallarda dələduzluğun haradan edildiyini müəyyən etmək də olmur. Ona görə də vətəndaşlar maariflənməlidir ki, belə şeylərə aldanmasınlar. Maliyyə savadı olmalıdır.

O qədər adam var ki, bu cür aldanıb, mənə müraciət edib. Amma mən belə işləri götürmürəm. Çünki saxtakarlıq xaricdən edilib. Bizim vətəndaş sosial şəbəkədə elan görür, ora pul ödəyir, nəsə alır, ya da nəyəsə yatırım edir. Nəticədə məlum olur ki, dələduzlarla rastlaşıb”.

Qeyd edək ki, haqqında danışılan problemlə bağlı SOCAR iyulun 29-da məlumat yaymışdı. Şirkət vətəndaşlara müraciət edərək onları ehtiyatlı olmağa çağırmışdı.

SOCAR onun adından istifadə edərək dələduzluqla məşğul olan şəxslərin şirkətə heç bir aidiyyəti olmadığını bildirib.

“Artıq müəyyən müddətdir ki, Azərbaycan Dövlət Neft Şirkətinin adından istifadə edilərək maddi maraq qarşılığında hüquqi və fiziki şəxslərə fərdi və korporativ qaydada əməkdaşlıq, işə düzəltmə, investisiya yatırma imkanları və s. ilə bağlı müxtəlif təkliflər edilir. Müraciətlər əsasən, sosial media platformaları, elektron ünvan və ya telefon zəngləri vasitəsilə həyata keçirilir. SOCAR onun adından istifadə edərək verilən vədlərə görə heç bir məsuliyyət daşımır. Vətəndaşlarımızdan sözügedən hallarla qarşılaşdıqda dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etmələrini və həmin məlumatları [email protected] ünvanına göndərmələrini xahiş edirik”, – müraciətdə vurğulanır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər