Azərbaycan Prezidenti İlham Əliyev 6 noyabr 2017-ci il tarixində “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 2 oktyabr tarixli 792-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb; normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli və həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
Eləcə də, Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.
Xatırladaq ki, Qanunda dəyişiklik edilərək, 41.2-ci maddədə “İnvestisiya fondu” sözləri “Səhmdar investisiya fondu və ya idarəçi” sözləri ilə əvəz olunmuş, 53.1-ci və 53.2-ci maddələrə “İnvestisiya fondu” sözlərindən sonra “və bu fondun idarəçisi” sözləri əlavə edilmişdi.