“CPM-İnvest İnvestisiya Şirkəti” ASC 2026-cı ilin ilk yarısını 1,12 milyon manat xalis mənfəətlə başa vurub. Bu, ötən ilin eyni dövrünün 374,9 min manatlıq mənfəəti ilə müqayisədə 198,3% artım deməkdir.
Banker.az xəbər verir ki, İnvestisiya Şirkətinin bu xidmətlər üzrə gəliri 2026-cı ilin ilk yarısında 2,16 milyon manat təşkil edib və illik 235,3% artıb. Gəlirin 1,72 milyon manatı portfel idarəçiliyindən, 229,2 min manatı öz hesabına aparılan əməliyyatlardan, 184,8 min manatı müştəri sifarişlərinin qəbulundan, 21,6 min manatı isə öhdəlik götürmədən anderraytinqdən formalaşıb.
Şirkətin ümumi gəlirləri, investisiya xidmətləri üzrə gəlir və xalis maliyyə gəliri birlikdə, 2,72 milyon manat olub. Bu göstərici illik 136% artıb. Xalis maliyyə gəliri 561,2 min manat təşkil edərək əvvəlki ilin 508,7 min manatına nisbətən 10,3% yüksəlib. Ümumi xərclər isə 1,32 milyon manat olub və illik 82,8% artıb. Ən böyük xərc 929,4 min manatla royalti, haqq və komissiya xərcləri olub. Əməkhaqqı və sosial xərclər 154,6 min manat, inzibati xərclər 155,9 min manat, digər xərclər 50,7 min manat təşkil edib.
“CPM-İnvest”in cəmi aktivləri iyunun sonuna 14,28 milyon manata çatıb ki, bu da 2025-ci ilin eyni dövründəki 2,54 milyon manatla müqayisədə 463,4% artımdır. Cəmi kapital 1,92 milyon manat olub və illik 15,8% artıb.
Cəmi öhdəliklər 12,36 milyon manat olub. Öhdəliklərin əsas hissəsini 12,15 milyon manatla yüklü öhdəliklər təşkil edib və bu məbləğ illik 1 452,1% artıb. Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər 208,8 min manat olmaqla 172,1% artıb. Qısamüddətli kreditor borcları isə 6,0 min manat təşkil edib və 2025-ci ilin eyni dövrü ilə müqayisədə 67,3% azalıb.
“CPM-İnvest İnvestisiya Şirkəti” ASC 2021-ci ildə fəaliyyətə başlayıb və nizamnamə kapitalı 800 min manatdır. Şirkətin 100% səhmdarı Kəmalə Məmmədovadır.







