Ötən ay Nasdaq birjasında listinqdə olan bir neçə Çin şirkətinin səhmləri sosial şəbəkələrdə fəal reklamdan sonra kəskin dəyər itirib.
İyul ayında investorlar ABŞ-da birjada listinq olunan bir neçə kiçik Çin şirkətinə yatırım edərək milyardlarla dollar itirib. Bu şirkətlərin səhmlərinin qiyməti sosial şəbəkələrdə və WhatsApp qruplarında yayılan reklam dalğasından qısa müddət sonra sürətlə düşüb.
Son həftələrdə kiçik kapitalizasiyalı yeddi şirkətin — “Concorde International”, “Ostin Technology”, “Top KingWin”, “Skyline Builders”, “Everbright Digital”, “Park Ha Biological Technology” və “Pheton Holdings” — səhmləri 80%-dən çox ucuzlaşıb.
“InvestorLink” analitik şirkətinin qiymət məlumatlarına görə, bu eniş ümumilikdə 3,7 milyard dollar bazar dəyərinin silinməsinə səbəb olub. Səhmlərin qiyməti qəfil satışdan əvvəl qısa müddət ərzində yüksəlmişdi.
Analitiklər və investorlar bu hadisəni klassik “pump and dump” (şişirdib boşaltma) sxemi ilə müqayisə edir. Bildirilir ki, adı çəkilən şirkətlərin heç birinin birbaşa bu qiymət manipulyasiyalarına aidiyyəti barədə sübut yoxdur. Həmçinin həmin yeddi şirkət jurnalistlərin şərh sorğularına cavab verməyib.
“Pump and dump” sxemində maraqlı tərəflər süni şəkildə səhmlərin qiymətini qaldırır, sonra isə öz paylarını kütləvi şəkildə sataraq bazarı çökdürür. Bu üsul ABŞ bazarlarında uzun illərdir mövcuddur, lakin xüsusən 2020–2021-ci illərdəki “buğa bazarı” periodunda kəskin problemə çevrilmişdi.
FBI ötən ay açıqlamışdı ki, “fond bazarı ilə bağlı fırıldaqçılıq” üzrə şikayətlərin sayı keçən illə müqayisədə 300% artıb. Büroya görə, sosial şəbəkələrdə çoxsaylı saxta “brokerlər” və ya “məşhur analitiklər” adı altında investorlar aldadılır.
Bu tip fırıldaqçılıqlar 2024-cü ildə ABŞ bazarlarına rekord sayda Çin şirkətlərinin IPO ilə çıxması fonunda daha da artıb. Cari ildə də Çindən və Honqkonqdan gələn şirkətlər ABŞ-ın mikrokapitalizasiyalı IPO bazarında dominant mövqedədir.
Böyük Britaniya nəşri “Financial Times”ın əldə etdiyi məlumatlara görə, belə sxemlərin qurbanları arasında həm yeni başlayan treyderlər, həm də keçmiş diplomat olub.
Məsələn, Londonda menecer kouçinqi biznesi ilə məşğul olan Tia Kastanyo “Facebook” reklamına kliklədikdən sonra “WhatsApp” qrupuna əlavə edilib və nəticədə bütün yığımlarını itirib. Ona “Ostin Technology”yə sərmayə qoymaq təklif edilib və bu, ABŞ-da real investisiya şirkəti kimi təqdim olunub.
Başqa bir qurban — britaniyalı hüquqşünas Ryan Svitnem bildirib ki, son aylarda “Çin şirkətlərinin pump and dump sxemində” iştirak edən yüzdən çox müştərisi hüquqi yardım üçün ona müraciət edib.
ABŞ tənzimləyiciləri dəfələrlə bəzi səhmlərin fırıldaqçılıqda istifadə oluna biləcəyi barədə xəbərdarlıq etmişdi. “InvestorLink”in qurucusu Metyu Maykl son 7 ay ərzində demək olar ki, hər həftə sosial şəbəkələrdə şübhəli aktivlik barədə həm bazara, həm də “Financial Times”a məlumat göndərib.
Uol-Stritin iri treydinq şirkətlərindən biri də SEC və Nasdaq-ı dəfələrlə potensial manipulyasiyalar barədə xəbərdar edib, lakin hər iki qurum şərh verməkdən imtina edib.
İyulun əvvəlində “InvestorLink” “Pheton” ətrafında sosial şəbəkələrdə anormal aktivliyi qeydə almış və bu barədə bazara xəbərdarlıq etmişdi. Üç həftə sonra şirkətin səhmləri bir sessiyada 95% dəyər itirdi.
Avropalı bir investor “Pheton”da “altırəqəmli məbləğ” itirdiyini və “WhatsApp” qrupuna “Facebook” reklamı vasitəsilə qoşulduğunu bildirib. Qrupda ABŞ və Böyük Britaniya nömrələrinə malik təxminən 40 nəfər olub və investisiya təklifləri qanuni brokerin adından edilib.
“InvestorLink” iyunun 9-da “Ostin Technology” ilə bağlı fırıldaqçılıq barədə xəbərdarlıq etmişdi. İki həftə sonra şirkətin səhmləri bir gündə 94% ucuzlaşdı.
İtaliyalı iş adamı Nuşin Mirşokrayi isə 70 min dollarını itirib. Onu Ostin səhmlərini almağa inandırıblar və qarşıda “böyük Amerika şirkəti ilə tərəfdaşlıq” elan olunacağı deyilib.
“Meta” nümayəndəsi bildirib ki, şirkət bu cür kontentin platformalarında yayılmasına qarşı mübarizə aparır, istifadəçilərə xəbərdarlıqlar təqdim edir və hökumətlər, banklar və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edir.
Mayklın apardığı təhlil forum platforması “Reddit”də koordinasiyalı fəaliyyət göstərən qrupları da üzə çıxarıb: 12 istifadəçi cəmi iki saat ərzində eyni məzmunlu reklam paylaşıb. Geolokasiya məlumatları onların bəzilərinin Rusiyada və İranda yerləşdiyini göstərib.
Digər nümunə — Çin şirkəti “Regencell Bioscience”. Şirkət 2024-cü ildə 4,4 milyon dollar xalis zərər açıqlasa da, səhmlərinin qiyməti bir ildə 60 000% artaraq bazar dəyərini 38 milyard dollara çatdırmışdı . Lakin daha sonra səhmlər 83% ucuzlaşıb. “Regencell”in qiymət manipulyasiyalarına aidiyyəti barədə heç bir sübut yoxdur.