13 C
Baku
Saturday, November 23, 2024

İnvestisiyanın dövlət tərəfindən alınmasına görə kompensasiya ödəniləcək

Milliləşdirmə və investisiyanın dövlət tərəfindən alınmasına qarşı təminat qaydası müəyyənləşir.

Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “İnvestisiya fəaliyyəti haqqında” yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, Azərbaycan Respublikasının ərazisində investisiya yalnız dövlət ehtiyacları üçün, habelə Mülki Məcəllədə nəzərdə tutulan digər hallarda bu Qanuna uyğun olaraq milliləşdirilə və dövlət tərəfindən alına bilər. İnvestisiyanın milliləşdirilməsi və dövlət tərəfindən alınması zamanı ayrı-seçkiliyə yol verilmir.

Milliləşdirmə və investisiyanın dövlət tərəfindən alınması əvəzində investorlara “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna uyğun olaraq bu qanun nəzərə alınmaqla kompensasiya ödənilir.

Qeyd edilib ki, bu qanuna uyğun olaraq ödəniləcək kompensasiya investisiyanın milliləşdirilməsi və ya dövlət tərəfindən alınmasından və ya bunların ictimaiyyətə məlum olmasından (hansı daha tez baş verərsə) bilavasitə əvvəlki vaxtda investisiyanın ədalətli bazar dəyərinə uyğun olur və gecikdirilmədən xarici investisiya üçün sərbəst dönərli valyutada, yerli investisiya üçün isə investisiyanın qoyulduğu valyutada ödənilir.

Layihəyə əsasən, dövlət orqanlarının (qurumlarının) və yerli özünüidarəetmə orqanlarının, onların vəzifəli şəxslərinin qanunsuz qərarları (inzibati aktları) və hərəkətləri (hərəkətsizliyi) nəticəsində investorlara dəyən zərərin əvəzi, o cümlədən əldən çıxmış fayda Azərbaycan Respublikası və ya müvafiq yerli özünüidarəetmə orqanı tərəfindən ödəniləcək.

Mənbəapa.az
Son xəbərlər
Digər xəbərlər