17 C
Baku
Monday, April 29, 2024

İnvestisiyanın vergi stimullaşdırılması

Müəllif: Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Akif Musayev

Dövlətin tətbiq etdiyi vergi sistemi investisiya qoyuluşlarının həcminə və aktivliyinə təsir edən əsas faktorlardan biri sayılır. İnkişaf etmiş ölkələrin vergi sistemlərinə nəzər salsaq görərik ki, onların vergi qanunvericiliklərində sahibkarlığın stimullaşdırılması prinsipinə uyğun olaraq investisiya qoyuluşuna vergi stimullarının verilməsi ilə bağlı normalar öz əksini tapmışdır. Həmin normalar, əsasən, amortizasiya rejimi, gəlirdən çıxılan xərclərin və vergitutma bazasının müəyyən olunması, vergi dərəcələrinin tənzimlənməsi məsələləri ilə bağlıdır.

Azərbaycan Respublikasının Vergi Məcəlləsində də vergilərin sahibkarlıq fəaliyyətini və investisiyaları təşviq etməsi vergitutmanın əsas prinsiplərindən biri kimi müəyyən olunmuşdur. Sahibkarlıq fəaliyyətinə əlverişli mühitin yaradılması məqsədilə Vergi Məcəlləsində mənfəət, gəlir vergiləri və ƏDV üzrə müəyyən güzəşt və azadolmalar nəzərdə tutulmuşdur.

Beynəlxalq təcrübə göstərir ki, ölkə iqtisadiyyatında investisiya qoyuluşlarının aktivləşməsi prosesi ilk növbədə sahibkarlıq subyektlərinin vergi yükünün aşağı salınması ilə bağlıdır. Lakin qeyd etmək lazımdır ki, vergi stimullarının verilməsində yüksək səmərə investisiyalar üçün əlverişli şəraitin yaradılmasını nəzərdə tutan vergi stimulları ilə yanaşı, digər kompleks tədbirlərin də görülməsi nəticəsində baş verir.

Qeyd olunduğu kimi, investisiya qoyuluşlarının davamlı olaraq artırılmasının və onun cəlbedici olmasının əsas amillərindən biri vergi sisteminin investisiya yönümlü olmasıdır. Burada vergilərin tənzimləyici funksiyasının çox böyük rolu vardır. Bununla əlaqədar investisiya qoyuluşları üçün vergi güzəştləri və azadolmalarının verilməsi ilə yanaşı, vergilərin hesablanması mexanizminin sadələşdirilməsi, vergi güzəştlərindən düzgün və təyinatı üzrə istifadə olunmasına nəzarətin həyata keçirilməsi və vergi inzibatçılığının mövcud problemlərinin dəqiqləşdirilib aradan qaldırılması ilə bağlı kompleks tədbirlərin görülməsi mühüm əhəmiyyət kəsb edir.

Hazırkı dövrdə vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət sahəsində vergi orqanları tərəfindən zəngin təcrübə əldə edilmişdir. Eyni zamanda, qanunvericilikdə təkmilləşdirmələr aparılaraq kameral vergi yoxlamalarının keçirilməsi zamanı vergidən yayınma hallarının qarşısının qabaqcadan alınması üzrə tədbirlərin həyata keçirilməsini (əlaqəli sənədlərin, izahatların tələb olunması və s.), qarşılıqlı yoxlamaların aparılmasını nəzərdə tutan normalar müəyyən olunmuş, vergi ödəyicilərinin hüquqlarının müdafiəsinin səmərəli sistemi yaradılmışdır.

İnvestisiyanın stimullaşdırılması istiqamətində kompleks tədbirlər müəyyən edilərkən vergi güzəştlərinin təkcə iri və orta sahibkarlara deyil, həm də kiçik sahibkarlıq subyektlərinə tətbiq oluna bilməsi çox vacibdir. Bununla əlaqədar olaraq, investisiyaya vergi stimullarının verilməsi prosedurunun sadələşdirilməsi əhəmiyyət kəsb edən amillərdəndir.

İnvestisiyanın stimullaşdırılması ilə bağlı vergi güzəştləri verilərkən əsas məsələlərdən biri dövlət büdcəsinin balanslaşdırılması ilə bağlıdır. Belə ki, vergi güzəştlərinin verilməsi büdcə gəlirlərinin müəyyən hissəsinin itkisi ilə nəticələndiyi üçün onun kompensasiyası ilə bağlı tədbirlərin görülməsi tələb olunur. Beynəlxalq təcrübədə fiziki şəxslərdən tutulan vergilərin artırılması yolu ilə büdcənin itirdiyi gəlirlərinin kompensasiya edilməsi çox geniş yayılmışdır. Bu zaman fiziki şəxslərin vergi yükü artırılarkən əhalinin az­təminatlı təbəqəsinin sosial müdafiəsinin təmin edilməsinə yönəldilən tədbirlərin görülməsi əsas vəzifələrdən biri hesab olunur. Əksər hallarda əhalinin az­təminatlı təbəqəsinin sosial müdafiəsinin təmin edilməsi onlara müxtəlif güzəşt və azadolmaların ünvanlı şəkildə verilməsi yolu ilə həyata keçirilir.

İnvestisiyanın vergi stimullaşdırılmasında digər əsas məsələlərdən biri də vergilərin hesablanması mexanizmlərinin sadələşdirilməsi ilə bağlıdır. Bu mənada, ƏDV-nin hesablanması və əvəzləşdirilməsi mexanizminin təkmilləşdirilməsi, o cümlədən ƏDV-nin büdcədən qaytarılmasında vergidən yayınmanın müxtəlif sxemlərinin aradan qaldırılması vacib məsələlərdən biridir. ƏDV-nin tətbiqində meydana çıxan problemlərdən biri orta və iri sahibkarlıq subyektlərinin kiçik sahibkarlarla təsərrüfat əlaqələrinin həyata keçirilməsi ilə bağlıdır. Belə ki, sadələşdirilmiş vergitutma rejimi ilə işləyən kiçik sahibkarlıq subyektləri ƏDV ödəyiciləri olmadıqlarına görə, onlardan mal (iş, xidmət) alan iri və orta sahibkarlıq subyektləri ƏDV-nin əvəzləşdirilməsini apara bilmirlər. Beynəlxalq təcrübədə ƏDV-nin tətbiqində meydana çıxan bu kimi problemlərin aradan qaldırılması üçün ƏDV-nin bütün sahibkarlıq subyektlərində tətbiq olunması, bəzən də onun satışdan vergi ilə əvəz edilməsi barədə təkliflər irəli sürülür.

Müasir dövrdə sahibkarlığın yeni fəaliyyət növlərinin, o cümlədən innovativ sahibkarlığın elm­tutumlu məhsulların və yüksək texnologiyaların istehsalı fəaliyyətinin yaranması ilə əlaqədar investisiya qoyuluşlarının vergi stimullaşdırılması məsələsinin aktuallığı daha da artmışdır. Eyni zamanda, investisiyalara verilən vergi stimullarından istifadənin sadələşdirilməsi, vergi yükünün istehsalçıdan istehlakçıya, emaledici sənayedən xammal istehsalçılarına köçürülməsi, vergilərin tətbiqi mexanizmlərinin sadələşdirilməsi investisiyaya verilən vergi stimullarının səmərəliliyinə müsbət təsir göstərən əsas amillər olaraq qalır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər