7 C
Baku
Sunday, December 15, 2024

İnvestorlar gələn illə bağlı proqnozlarını açıqlayıb

“Business Insider” nəşri 2017-ci ildə səhm, valyuta və neft bazarları ilə bağlı proqnozlarını açıqlayıb.
SƏHMLƏR

“Business Insider” tərəfindən analitiklər arasında aparılan sorğunun nəticələri onu deməyə əsas verir ki, ABŞ-ın səhm bazarında müşahidə olunan artım gələn il də davam edəcək. Bir çox investorlar və bankirlər iddia edir ki, ABŞ-ın ən iri şirkətlərinin gəlirləri artım dinamikası nümayiş etdirəcək. Burada onlara əsas stimulu yeni seçilmiş prezident Donald Trampın siyasəti verəcək. Xatırladaq ki, D. Tramp vergi yükünün azaldılmasına və tənzimləmənin sadələşdirilməsinə nail olacağına söz verib. Konsensus-proqnoz ondan ibarətdir ki, “S&P 500” indeksi 2300 bənd səviyyəsində qərarlaşacaq ki, bu da orta illik göstərici olacaq. “Bank of America Merrill Lynch” investisiya bankının analitikləri isə deyir ki, qeyd edilən indeks 1600 bəndədək çökə, eyni zamanda 2700 bəndədək sıçraya bilər.

Ekspertlər 2017-ci ildə ən cəlbedici səhmlərə malik olacaq 50 şirkətin siyahısını da dərc edib ki, ilk beşlikdə bunlardır: “Ryanair Holdings PLC”, “Charter Communications”, “Rio Tinto”, “Autoliv” və “Leonardo-Finmeccanica SpA”. Bildirilir ki, bu şirkətlərin səhmləri olduqca böyük gəlirliliyə malik olacaq.

Yeri gəlmişkən, Rusiyanın səhm bazarı da diqqətdən kənarda qalmayıb. Şimal qonşumuzun səhm bazarı investorlar tərəfindən investisiya baxımından ən əlverişli bazarlardan biri kimi dəyərləndirilir. İnvestorlar Rusiya Bankı (mərkəzi bank – red.) tərəfindən uçot dərəcəsinin azaldılacağına ümid edir və hesab edir ki, bu, rublun mövqeyini daha da möhkəmləndirəcək. Buna baxmayaraq, Rusiya bankları təhlükə ilə üz-üzədir. Belə ki, aşağı gəlirlə işləməyə məhkum olan qonşu ölkənin banklarının səhmləri o qədər də cəlbedici deyil.

“Fortune” jurnalı öz səhmdarlarını sevindirəcək 11 şirkətin siyahısını dərc edib. Siyahı “Microsoft” şirkəti ilə başlayır və “Schlumberger” ilə bitir.

VALYUTALAR

Cari ilin əvvəlində hər kəsi qorxudan Rusiya rublu ilin sonunadək mövqelərini bərpa etməyi bacarıb. İlin əvvəlindən 22% bahalaşan rubl bu il dünya valyutaları arasında ən sürətlə möhkəmlənən valyuta olub. Ardı gələcəkmi? İnvestorlar hesab edir ki, 2017-ci ildə rubl möhkəmlənməkdə davam edəcək. Rublun bahalaşmasını şərtləndirən əsas amillərdən biri neftin bahalaşmasıdır. Bununla yanaşı, bir çox investor əmindir ki, D. Tramp Rusiyaya qarşı tətbiq olunan sanksiyaları aradan qaldıracaq.

Gələn il birjalarda uzun müddət gözlənilən hadisə baş verə bilər. Söhbət avro ilə dolların paritetindən gedir. Sonuncu dəfə bu hadisə 2002-ci ildə baş verib.

“Goldman Sachs” analitikləri avro üçün əsas riskləri açıqlayıb. Bunlardan biri D. Trampın prezident seçkilərində qələbə qazanmasıdır ki, nəticədə dollar sürətlə bahalaşır. Bununla yanaşı, avroya təhlükə yaradan amillərdən biri də Avropada “sağçı”ların getdikcə populyarlaşmalarıdır. Bildiyimiz kimi, onlar Avrozonadan çıxmağın tərəfdarıdır. “Deutsche Bank” isə Avropadan kapitalı axını fonunda 2017-ci ildə avronun minimum 0,95 dollar səviyyəsinədək enəcəyini proqnozlaşdırır.

“Deutsche Bank” həmçinin Böyük Britaniya funt sterlinqinin ucuzlaşacağını da gözləyir. Alman bankının ekspertləri bildirir ki, Britaniyadakı siyasi qeyri-müəyyənlik funta təzyiqi artıracaq.

Ekspertlər həmçinin Çin yuanının və onunla ənənəvi bağlılığı olan digər Asiya valyutalarının da zəifləyəcəyini proqnozlaşdırır.
NEFT

Proqnozlara əsasən, gələn il neft bazarında müsbət dinamika müşahidə olunacaq. Artıq birmənalı şəkildə demək olar ki, cari ili neftin qiymətləri 50 dollardan yuxarı həddə başa vuracaq. Gələn il üçün konsensus-proqnoz ondan ibarətdir ki, neftin orta illik qiyməti 55 dollardan yuxarı səviyyədə olacaq. Görünən budur ki, neftin hasilatının azaldılması ilə bağlı Vyanada əldə olunan razılaşmaya OPEC və qeyri-OPEC üzvləri əməl etmək niyyətindədir. Təbii ki, bu da neftin qiymətinə müsbət təsir edəcək. Qeyd olunmalıdır ki, əks proses baş verərsə, neftin qiymətlərində kəskin azalma müşahidə oluna bilər.

Neftin qiymətinə əsas zərbəni şist neft istehsalçılarının aktivləşməsi endirə bilər. Sirr deyil ki, gələn il ABŞ-dakı şist neft istehsalçıları kəşfiyyat və hasilat işlərinə investisiyaları artırmaq niyyətindədir.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər