Uol-Strit keçən aydan bəri Prezident Donald Trampın tariflər tətbiq edib-etməyəcəyi barədə müzakirələr aparır. Tramp həm geosiyasi müttəfiqlərinə, həm də rəqiblərinə geniş miqyaslı rüsumlar tətbiq edəcəyini vəd edərək vəzifəyə gəldikdən sonra bazarın ilkin reaksiyası ehtiyatlılıq oldu. Lakin administrasiyanın siyasətində gecikmələr və istisnalar aqressiv ritorika ilə qarışdıqca, əhval-ruhiyyə dəyişir.
İNVESTORLAR NƏ ETMƏLİDİR?
İndiyə qədər investorlar bu səs-küyə məhəl qoymayaraq səhmlər alırlar. Trampın mart ayında qüvvəyə minəcək polad və alüminium idxalına 25 faiz rüsum tətbiq edəcəyini və aprel ayında bir sıra ticarət tərəfdaşlarına qarşı qarşılıqlı tariflər tətbiq ediləcəyini elan etməsinə baxmayaraq, qlobal ticarət müharibəsi riski olduqca real görünür. Bununla belə, ABŞ-də 500 ən iri şirkətin səhmlərini ölçən “S&P 500” indeksi keçən həftəni tarixi maksimuma yaxın səviyyədə başa vurub. Banker.az xəbər verir ki, bu barədə Bloomber agentliyi yazır. İndi əsas sual budur: bazar iştirakçıları bu yüksəlişlərə təkan verən investorlar Trampın addımlarını düzgün qiymətləndirirlərmi, yoxsa ehtiyatlı davranmadan risk edirlər?
“İnvestorlar başa düşdükcə ki, tariflər gözlənildiyi qədər sərt olmayacaq, bu, bazar gözləntiləri baxımından müsbət xəbərdir”, – deyə, “Morgan Stanley”dən olan portfel meneceri Endryu Slimmon bildirib.
Bununla belə, Slimmon qeyd edib ki, bazardakı zəif əhval-ruhiyyə investorların administrasiyanın planları ilə bağlı risklərdən hələ də ehtiyatlandığını göstərir. O əlavə edib ki, son vaxtlar səhmlərə daxil olan vəsaitlərin əhəmiyyətli bir hissəsi daha zəif səhmdarlardan gəlir. Bu da onları bazardakı kəskin dəyişikliklərə qarşı daha həssas edir və nəticədə bazar xəbərlərə daha reaktiv olur. Ticarət siyasətində qeyri-müəyyənlik indeksi 2019-cu ildən bəri ən yüksək səviyyəyə yüksəlib. Həmin dövrdə oxşar ticarət müharibəsi təhlükəsi yaranmışdı.
“Qeyri-müəyyənlik indeksi ilə bazarın proqnozlaşdırılan volatilityini adətən eyni istiqamətdə hərəkət edir və bu əlaqə bizə volatilliyin artacağını göstərir”, – deyə, “LPL Financial”ın baş strateqi Adam Turnquist bildirib.
VOLATİLLİK SİQNALLARI
Orta müddətdə volatilliyin artması gözlənilsə də, investorlar hələlik buna hazırlaşmırlar. “Commodity Futures Trading Commission”ın məlumatına görə, hedc-fondlar və digər böyük spekulyantlar artıq ardıcıl 16 həftədir ki, “Cboe Volatility Index” ilə əlaqəli fyuçerslərdə xalis qısa mövqe (short position) saxlayırlar. Onların xalis qısa mövqeyi hazırda 59 min müqavilə səviyyəsindədir ki, bu da iyul ayının ortalarında yenin daşıma ticarətinin (yen carry trade) ləğv edildiyi vaxtdakı səviyyəyə yaxındır. Həmin vaxt VIX göstəricisi pandemiyadan bəri görünməmiş səviyyəyə yüksəlmiş, S&P 500 isə kəskin şəkildə ucuzlaşaraq, səhmlər bazarında gözlənilməz dalğalanmalara səbəb olmuşdu.
Turnquist əlavə edib ki, qeyri-müəyyənlik və volatillik yüksək olduğu zaman bazar rekorda doğru irəliləyə bilməz.
Başqa sözlə, S&P 500-ün bu il 12 faiz artacağı ilə bağlı strateqlərin proqnozu qeyri-sabit görünür.
“Tarif məsələsi maliyyə bazarları üçün ən böyük risk faktorlarından biridir. Bununla belə, bu, ‘naməlum risklər’ kateqoriyasına aiddir, çünki tariflərin həcmi, miqyası və tətbiq ardıcıllığı hələ də qeyri-müəyyəndir”, – deyə “GW&K Investment Management”in qlobal strateqi Bill Sterling bildirib.
Uol-Strit bankları da bu fikirlə razıdır. “Goldman Sachs”ın strateqləri tariflərin 2025-ci il proqnozları üçün əsas risk amili olduğunu bildiriblər. “Evercore ISI” qeyd edib ki, ölkə siyasətindəki qeyri-müəyyənlik bazar əhval-ruhiyyəsinə təsir etməyə başlayıb. “Bank of America” tərəfindən aparılan təhlil göstərir ki, S&P 500-ün ən böyük 50 şirkəti arasında səhmlərin gündəlik hərəkətlərini volatilliklə müqayisə edən göstərici son 30 ilin ən yüksək səviyyəsinə doğru irəliləyir.
“Daha çox tariflər və cavab tədbirləri gözlənildiyi üçün, eyni zamanda hökumət xərclərinin məhdudiyyəti Trampın 2017-ci il vergi güzəştlərini uzatmağı çətinləşdirə bilər. Biz ilin qalan hissəsində səhmlərdə mülayim artımlar, lakin daha çox dalğalanma gözləyirik”, – deyə Turnquist bildirib.
ŞOKLAR
Dördüncü rüb üzrə hesabat dövründə olan korporativ Amerika da ticarət gərginliyi ilə bağlı ehtiyatlı davranır. “Ford Motor Co” keçən həftə bəyan edib ki, Trampın Meksika və Kanadaya tətbiq etdiyi 25 faiz tariflər, hansı ki martın 4-nə təxirə salınıb, ABŞ avtomobil sənayesinə ciddi ziyan vuracaq. Cümə günü isə Tramp aprelin 2-də avtomobil sektoruna ayrıca tariflər tətbiq edəcəyini bildirib.
“S&P 500-ün Meksika və Kanada tariflərinin təxirə salınmasından əvvəl qısa müddətli enişi bizə göstərdi ki, ABŞ səhmləri təmkinli davranır və həddindən artıq reaksiya vermir. Lakin onlar pis xəbərləri udmaq üçün çox da güclü deyil”, – deyə, “RBC Capital Markets”in strateqləri bildirib.
Eyni zamanda, səhmlər göründüyü qədər möhkəm olmaya bilər. Məsələn, Tramp qarşılıqlı tariflər tətbiq etmək niyyətini açıqladıqdan sonra, keçən cümə axşamı S&P 500 1 faiz artıb. Lakin bu artımın 40 faizindən çoxu cəmi üç səhmin – “Nvidia”., “Apple”. və “Tesla”in payına düşüb.
Bu isə səhmlərin əsas riskini ortaya qoyur. Son illərdə ABŞ bazarında əsas artımı böyük texnologiya şirkətləri təmin edib. Süni intellekt texnologiyasının inkişafı ilə bu fərq daha da kəskinləşib. Bununla belə, həmin nəhəng səhmlərin qiymətləndirmələri olduqca yüksəkdir və Çin süni intellekt startapı “DeepSeek” ətrafında narahatlıqlar artır.
İnvestorların ucuzlaşma zamanı səhmlər almaq istəyi də tükənə bilər, çünki “artıq hamı bazardadır”, – deyə “Goldman Sachs”ın mütəxəssisi Skott Rubner bildirib. Böyük texnologiya şirkətləri ucuzlaşan səhmləri almaqda əsas oyunçu olduğu üçün, onlara olan etimadın sarsılması ümumilikdə bazarı riskə atır.
Bununla belə, Uol-Strit tarif riskini tamamilə nəzərdən qaçırmır. Əksinə, investorlar səhmləri daha selektiv yanaşaraq alırlar. “UBS Group AG”nin tariflərdən zərər görə biləcək səhmlər səbəti bu il 1 faiz aşağı düşüb ki, bu da S&P 500-ün 4 faizlik artımından xeyli geridədir.
“Bazarın tarif təhdidlərindən tam təsirlənmədiyini söyləmək olar. Lakin insanlar 25 faizlik universal tarifləri nəzərə almaya bilərlər. Bununla belə, daha yüksək tarifləri artıq bazara daxil edirlər”, – deyə “RBC Global Asset Management”in baş iqtisadçısı Erik Laskels bildirib.