İnvestorlar inkişaf etməkdə olan ölkələrin birjalarından $5,8 milyard çıxarıblar

Bu ilin fevral ayında xarici investorlar inkişaf etməkdə olan ölkələrin fond birjalarından 5,8 mlrd. ABŞ dolları məbləğində vəsait çıxarıblar.

“Beynəlxalq Maliyyə İnstitutu”na (IIF) istinadən, bu, 2015-ci ilin avqust ayından sonra maksimal göstəricidir.

Həmçinin ötən ay inkişaf etməkdə olan ölkələrin fond birjalarına 14 aylıq kapital axınından sonra ilk dəfə əks proses yaşanıb.

Ümumiyyətlə, fevralda xarici investorlar inkişaf etməkdə olan ölkələrdəki aktivlərini 4,5 mlrd. dollar azaldıblar.

“İnkişaf etməkdə olan ölkələrdə iqtisadi artıma və investorların risk iştahının artmasına baxmayaraq, fevral ayında yaşanan qeyri-sabitlik kapital axını baxımından ehtiyatlılığı önə çıxarıb”, -IIF-nin açıqlamasında bildirilir.

Qeyd edək ki, fevral ayında xarici investorların inkişaf etməkdə olan ölkələrin borc alətlərinə investisiyaları yanvar ayı ilə müqayisədə 12,5 dəfə azalaraq 1,3 mlrd. dollara düşüb.