24 C
Baku
Monday, October 13, 2025

İnvestorlar kütləvi şəkildə palladium fondlarının səhmlərini alırlar – Metalın qiyməti sürətlə artır

Palladiumun qiyməti 16% bahalaşaraq, 2023-cü ilin may ayından bəri ilk dəfə bir unsiya üçün 1500 dollara çatıb. Payızın əvvəlindən bəri metal 32% dəyər qazanıb. Bildirilir ki, bahalaşmış qızıldan kapitalın bir hissəsinin palladium fondlarına yönəlməsi investor aktivliyini artırıb.

Keçən həftə platin beşillik maksimumuna çataraq 1700 dollar baryerinə yaxınlaşıb. Həftə ərzində platin 4%, palladium isə 16%-dən çox bahalaşıb. Son üç həftədə qiymətlər müvafiq olaraq 16,6% və 27,6% artıb. Belə sürətli artım palladiumda sonuncu dəfə 2022-ci ilin martında – Rusiya-Ukrayna müharibəsinin başlanğıcı və sanksiyalar fonunda – müşahidə olunmuşdu. Həmin vaxt qiymət 45% artaraq 3200 dollar olmuşdu.

Hazırkı qiymət artımı investorların spekulyativ oyunu ilə izah olunur: son illərdə qızıl iki dəfə bahalaşsa da, palladium cəmi 15% yüksəlib. Mütəxəssislərə görə, palladiumun dəyəri daha çox sənaye tələbi ilə formalaşır, bu da onu digər qiymətli metallardan fərqləndirir. Buna görə 2025-ci ildə palladium qızıl, platina və gümüşə nisbətən daha zəif dinamika göstərib və indi “itirilən mövqeləri bərpa edir”.

“Bloomberg”in məlumatına görə, son beş iş günü ərzində palladiuma əsaslanan birja fondlarının aktivləri 70 min unsiya (təxminən 2,2 ton) artaraq 2018-ci ilin mayından bəri ilk dəfə 1 milyon unsiyanı (32 ton) keçib. Bu, 2015-ci ilin avqustundan bəri ən böyük həftəlik artımdır. Ümumi investisiya həcmi təxminən 100 milyon dollar təşkil edib. Həftəlik palladium ETF-lərinə tələbat həmin dövrdə qlobal istehlakın 38%-nə bərabər olub.

9 oktyabrda “Comex” birjasında gümüşün qiyməti 4% artaraq unsiyası üçün 51,2 dollara yüksəlib. Bu, 1980-ci ildən bəri ilk dəfədir ki, gümüş 50 dollarlıq həddi keçib. Bir gün əvvəl isə qızılın fyuçers qiyməti tarixdə ilk dəfə 4054,9 dollar səviyyəsinə çatıb. Qiymətli metallara maraq ABŞ-da hökumət bağlanması (şatdaun) fonunda kəskin artıb — bu, son yeddi ildə ilk belə hadisədir.

Son xəbərlər
Digər xəbərlər